Su həyat, bolluq mənbəyidir
Digər xəbərlər

Su həyat, bolluq mənbəyidir

30 il müqəddəs torpaqlarımızın işğal altında qalması xalqımızın üz qarası olmuşdur. Kimliyindən asılı olmayaraq hər kəs bundan utanc hissi keçirirdi. Ermənilər havadarlarının köməkliyi ilə işğal etdikləri torpaqları ekoloji terrora məruz qoymuş, məqsədləri yalnız dağıtmaq olmuşdur. Azərbaycana ölçüyəgəlməz dərəcədə maddi ziyan vurulmuşdur. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etməklə bütün iztirablara son qoydu. Xalqımıza şanlı zəfərin sevincini yaşamaq qismət oldu.

Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayevlə söhbətimiz avqust ayının 3-cü on günlüyündə baş verən tarixi hadisələrlə bağlı oldu. Atamoğlan Babayev əvvəlcə avqustun 23-də Qarabağ iqtisadi rayonunda yerləşən bölgə üçün çox böyük əhəmiyyəti olan strateji mövqedə yerləşən Sərsəng su anbarına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri və yerli mütəxəssislərin baxışını yüksək qiymətləndirdi. Böyük fərəh hissi ilə bildirdi ki, ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, meliorasiya sistemində də böyük xidmətləri olmuşdur.

Ölkədə şirin suya olan tələbatın ödənilməsi üçün misilsiz işlər görmüşdür. 1976-cı ildə Sərsəng su anbarının istifadəyə verilməsi onlardan biridir. Su anbarını sovetlər birliyi dönəmində Azərbaycanda yaratmaq böyük cəsarət tələb edirdi. Bundan başqa, həmin dövrlərdə respublikada bir neçə yerdə iri sututumlu anbarlar tikilmişdir. Beləliklə, respublikada suvarma suyuna olan tələbatın ödənilməsində problemlər aradan qaldırılmışdır. İllər keçsə də bu gün də insanlar həmin anbarlardan yetərincə bəhrələnirlər. Sərsəng su anbarı bol sulu çaylardan sayılan Tərtər çayı üzərində qurulmuş, tutumu 560 milyon kubmetrdir. Anbar vasitəsilə 96 min hektar ərazinin (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonları) suvarılmasını həyata keçirmiş, eyni zamanda su anbarının bəndində gücü 50 mvt olan su elektrik stansiyası tikilmişdir. Çox təəssüflər olsun ki, ermənilər bu su anbarını da 30 il işğalda saxlamaqla istədikləri kimi istifadə etdilər. Suyu yalnız qış aylarında anbardan buraxırdılar.

Bir sözlə, elə şərait yaratmışdılar ki, belə bir böyük əhəmiyyətə malik olan anbardan azərbaycanlılar istifadə edə bilmirdilər. Bölgədə su qıtlığı hökm sürürdü. Subartezian quyuları və digər mənbələrdən götürülən su hesabına suvarılma həyata keçirilirdi. Lakin Sərsəng su anbarından istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir. Çünki su öz axarı ilə gəlir ki, bu da elektrik enerjisinə qənaət deməkdir. Eyni zamanda bu suyun keyfiyyəti çox yüksəkdir. Sərsəng su anbarına avqust ayının 23-də keçirilən baxış bütün bölgə əhalisinin, ən başlıcası isə melioratorların hədsiz sevincinə səbəb oldu. Çünki uzun illər anbar işğal altında qaldığı zamanlarda əməkdaşlarımız əhalinin su ilə təminatında problemlərlə üzləşmişlər. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq anbarda lazımi quruculuq-bərpa işləri aparılacaq, suvarma suyuna olan tələbat ödəniləcək. Müsahibim qeyd etdi ki, hazırda işğaldan azad olunmuş ərazilərdə torpaqların əkin dövriyyəsinə qaytarılması üçün bir sıra təxirəsalınmaz tədbirlər aparılır. İşğaldan azad olunmuş ərazilərdəki çayların suyundan səmərəli istifadə etmək üçün irimiqyaslı layihələrin həyata keçirilməsi sürətlə davam etdirilir. Qlobal istiləşmənin hökm sürdüyü bir zamanda mövcud su mənbələrindən bəhrələnmək ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verəcəyi bəllidir. A.Babayev bir məsələni xüsusilə vurğuladı ki, son günlərdə Laçın şəhərinə və ətraf kəndlərinə ordumuzun daxil olması, Azərbaycanın üçrəngli bayrağının orada məğrurla dalğalanması qürurverici bir hadisədir.

Laçın füsunkar təbiətə, sıx meşələrə, saf su ehtiyatlarına və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün münbit şəraitə malik olan bir diyardır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonda genişmiqyaslı quruculuq-abadlıq işlərinə start veriləcəkdir. Artıq Laçın şəhəri elektrik enerjisi ilə təmin olunmuşdur. Laçın yaylaqları heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi üçün həddindən artıq əlverişli bir yerdir. Artıq fermerlər bu yaylaqlardan bəhrələnirlər. Təəssüflər olsun ki, mənfur düşmən Laçını tərk edərkən yenə də qəddarlıq "missiyalarını" davam etdirməklə evləri, meşələri yandırdılar.

Laçında fəaliyyət göstərəcək hava limanı, müasir standartlara cavab verən avtomobil yollarının çəkilişi və həyata keçiriləcək digər irimiqyaslı infrastruktur layihələri iqtisadiyyatda gəlirli sahə olan turizmin inkişafına stimul verəcək. Həmsöhbətim qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində xalqımıza ünvanladığı təbrikdə demişdir: "Bu gün avqust ayının 26-da biz azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan".

Vəli VƏLİYEV,

"Respublika".