SU TƏCHİZATI SİSTEMLƏRİ YENİLƏNİR
Sosial həyat

SU TƏCHİZATI SİSTEMLƏRİ YENİLƏNİR

Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir. Hazırda Yeni Yasamal 1 yaşayış massivində və Şərifzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının məhəllədaxili su təchizatı sistemləri yenilənir.

2022-ci ilin may-iyun aylarında bu ünvanlarda binaların daxili su təchizatı sistemləri yenidən qurulub, şaxtalarından keçən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılıb, 990 mənzilə yeni ev birləşmələri verilərək yeni sayğaclar quraşdırılıb. Bundan sonra məhəllədaxili paylayıcı şəbəkələrin yenilənməsi işlərinə başlanıb.

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, yeni layihəyə əsasən, binaların həyətlərində müxtəlif diametrli polietilen borularla 2,6 km metr uzunluğunda su xətləri çəkilərək binaların giriş xətlərinə birləşmə verilir. Şərifzadə küçəsində icra olunan layihə çərçivəsində mövcud nasos stansiyasında yeni nasoslar quraşdırılacaq.

Hər bir mənzildə sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, xidmət haqqının vaxtında yığılmasına və debitor borcların yaranmamasına kömək edəcək.

Qeyd edək ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən "Azərsu" ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub.

Kamil İSMAYIL,

"Respublika".