Sülh prosesi niyə ləngiyir...
Siyasət

Sülh prosesi niyə ləngiyir...

Ermənistan Azərbaycanın təklif etdiyi baza prinsipləri ətrafında oyunlara cəhd edir

Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh şərtlərini qəbul etdiyini bəyan etsə də, son vaxtlar verdiyi açıqlamalar İrəvanın ikibaşlı siyasətindən əl çəkmədiyini göstərir. Həmin təkliflərdə Ermənistanla Azərbaycan arasında yaşanan bütün mübahisəli məsələlərin həll edilməsi üçün baza prinsipi yer alıb və təkliflərin hər biri beynəlxalq hüquqa uyğundur. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Ermənistanla bütün problemləri masada həll etməyə hazırdır və sülh müqaviləsinin imzalanmasında maraqlıdır.

Ermənistan Azərbaycanın sülhpərvər mövqeyini lazımınca qiymətləndirmir və ikili oyununu davam etdirir. Məsələn, rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri fonunda ATƏT-in Minsk qrupunun sülh prosesində yenidən iştirak etməsi üçün çalışır. Ancaq hadisələr göstərir ki, Minsk qrupunun Ermənistanla Azərbaycan arasında sülh prosesində heç bir rolu ola bilməz. Çünki Minsk qrupu keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılmışdı. Lakin ötən 30 ilə yaxın müddətdə adıçəkilən qrup bu istiqamətdə ciddi səy göstərmədi və bölgəyə yalnız səfərlər etməklə yadda qaldı.

Maraqlı burasıdır ki, Ermənistanda ətrafda baş verən prosesləri çox yaxşı anlayır və başa düşürlər ki, sülh prosesinin gedişatı Azərbaycanın diktəsilə davam edəcək. Amma yenə də ikili oyunlarından əl çəkmirlər. Lakin Azərbaycan Ermənistanın bu "kaprizlərini" uzun müddət kənardan seyr etmək niyyətində deyil və bunu dövlət başçısı öz çıxışlarında tez-tez bəyan edir.

Məlumdur ki, postmüharibə dövrünün əsas çağırışı sülh gündəliyi ilə bağlıdır. İndiki mərhələdə münasibətlərin real müstəvidə nizamlanması və artıq təkan verilən sülhyaratma prosesinin məntiqi sonluqla başa çatması strateji zərurətə çevrilib. Məhz iki ölkə arasında beynəlxalq prinsiplər əsasında sülh sazişinin imzalanması ilə uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən regionda davamlı sabitliyi və təhlükəsizliyi təmin etmək mümkündür. Bəs sülhyaratma prosesinə maraqlı tərəflərin, eləcə də vasitəçi qismində çıxış etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların yanaşması necədir?

Müharibənin qalib tərəfi olan Azərbaycan sülhyaratma prosesini sürətləndirmək və bu prosesə real töhfələr vermək niyyətindədir. Dövlət başçısının bu il noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərin daxil olduğu nümayəndə heyətini qəbul edərkən ölkənin sülh prosesinə yanaşması ilə bağlı səsləndirdiyi təkliflər diqqət çəkib. Bir daha vurğulanıb ki, Azərbaycanın mövqeyi səmimi, qərəzsiz, manipulyasiyalardan tamam uzaqdır. Bütün dünya gördü ki, postmüharibə dövründə ilk olaraq sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və sərhəd komissiyalarının yaradılması kimi təkliflərlə məhz Azərbaycan çıxış edib. Prezident İlham Əliyev bu görüşdə respublikamızın indiyədək beş bənddən ibarət sülh paketi hazırlayaraq qarşı tərəfə təqdim etdiyini də bir daha xatırladıb. Dövlət başçısı onu da qeyd edib ki, beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər. Prezident deyib: "Bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontraktlarım zamanı qeyd olunub".

Müharibə başa çatandan ötən dövrdə Ermənistanın baş nazirinin vasitəçilərin də iştirak etdiyi görüşlərdə əvvəllər verdiyi vədlərin üstündə dayanmadığı açıq-aydın hiss olunur. Ermənistan rəsmiləri yenə də Azərbaycanın ünvanına həqiqətə uymayan böhtanlar yağdırırlar. Yenə də statusdan dəm vururlar. Belə görünür ki, 30 il regionda təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistanın xislətində heç nə dəyişməyib və müharibədəki acınacaqlı məğlubiyyət bu ölkəyə dərs olmayıb.

Son Brüssel və Soçi görüşləri yaxın perspektivdə iki ölkə arasında sülh sazişinin imzalanacağına müəyyən ümidlər yaratsa da, reallıq onu göstərir ki, Ermənistan sülhyaratma prosesində iştirak etmək istəmir, əksinə prosesləri ləngitməyə və vaxt qazanmağa çalışır. Burada kənar müdaxilələrin də təsiri az deyil, yəni prosesə qatılmaq istəyən bəzi ölkələr və beynəlxalq təşkilatlar əslində odun üstünə yağ tökməklə məşğuldurlar və hər vəchlə çalışırlar ki, sülh prosesi dalana dirənsin. Qeyd etdiyimiz kimi, Ermənistan hökuməti müəyyən mərhələdə sülhə doğru real addımlar atmaq istəyini nümayiş etdirirdi, məhz niyyəti qara olan "vasitəçilər"in Ermənistana ötürdükləri təhrikedici siqnallardan sonra Ermənistan geriyə dönüş edir. Üçtərəfli Bəyanatda, Brüsseldə, Soçidə, Praqada imzalanan sənədlərdə "Dağlıq Qarabağ", "status" ifadələri işlədilməyib. Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti ilə baş tutan ikitərəfli görüşdə də bildirdi ki, artıq Qarabağ münaqişəsi tarixdə qalıb və bununla bağlı müzakirə olunası bir məsələ yoxdur. Bədnam vasitəçilər isə öz missiyalarını "ölünü diriltmək"də görürlər. Sual olunur, zamanında bir milyon azərbaycanlı yurd-yuvasından qovulanda onların taleyi ilə niyə maraqlanmadılar? İndi  "vasitəçi" adlandırılanların özlərini Qarabağdakı azsaylı ermənilərin hüquqlarının təmin olunmasının qeydinə qalan kimi göstərmələrinin səbəbi nədir? Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Bizim isə öz vətəndaşlarımızın hüquqlarını qoruyan qanunlarımız, Konstitusiyamız var.

Bir sözlə, bu məsələnin həllində üçüncü qüvvələrin iştirakına lüzum yoxdur. Son vaxtlar Qarabağda iş adamı kimi peyda olan Vardanyan da özündən əvvəlki "qardaşları" kimi vaxtını boş yerə sərf edəcək. Onu Moskvadan Xankəndiyə göndərən qüvvələr bir şeyi yəqin etməlidirlər ki, onların öz mətbəxlərində hazırladıqları layihə gerçəkləşməyəcək. Ermənistana və "Vardanyan layihəsi"nin arxasında dayananlara sərt mesajlarını göndərən dövlət başçısı vurğulayıb: "Hesab edirəm, vacib odur ki, Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi".

Ermənistanın son məqsədi sülh prosesini iflasa uğratmaqdır. Əgər beynəlxalq birlik, dünya gücləri regionda sülh istəyirsə, Ermənistana təzyiq göstərməlidir...

Zümrüd QURBANQIZI,

"Respublika".