Sülh sazişi daha çox məğlub Ermənistana lazımdır
Siyasət

Sülh sazişi daha çox məğlub Ermənistana lazımdır

Əks təqdirdə yenə də dalan və təcrid vəziyyəti davam edəcək

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan sayca beşinci görüşündə sülh sazişi, humanitar, sərhəd və kommunikasiya məsələləri müzakirə olunub. Görüşün nəticələrinə dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında yer alan məqamlar Azərbaycanın maraqlarına tam cavab verir. 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqlik nümayiş etdirilib. Bu, bir daha onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Eləcə də kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası, azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əsgərlərin təhvil verilməsi, itkin düşmüş şəxslərin taleyi, minaların təmizlənməsi və digər məsələlərin müzakirəyə çıxarılması Azərbaycanın dəyişməz mövqeyini, dövlətimizin başçısı İlham Əliyevin diplomatik bacarığını və siyasi iradəsini göstərir.

"Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə söyləyib.

Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın bütün səyləri sülhə hesablanıb və bu, ən optimal çıxış yoludur. Artıq mənasız xəyallardan əl çəkməyin vaxtıdır, yeni reallıqları qəbul etmək lazımdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində keçirilən görüş gözlənilən sülh müqaviləsinin imzalanması ilə nəticələnməsə də, məqsədə doğru daha bir addım sayıla bilər. Ərazi bütövlüklərinin tanınması, sərhədlərin müəyyənləşməsi və davamlı sülhün bağlanması üçün vacib şərtlərdəndir. Bu, Ermənistanın Azərbaycana qarşı əsassız və qanunsuz ərazi iddialarından əl çəkəcəyinə ümid verir. Münasibətlərin normallaşdırılması istiqamətində keçirilən hər bir görüş hədəfə nail olmaq üçün mühüm addımdır. Azərbaycan 30 illik işğal dövründə və sonrakı mərhələdə də sülh siyasətinə üstünlük verdiyini hər zaman atdığı addımları ilə təsdiqləyib.

İkinci Qarabağ savaşı qələbə ilə başa çatıb. Azərbaycan öz torpaqlarını hərbi potensialı ilə işğaldan qurtarıb. Məlum 10 noyabr üçtərəfli Bəyanat imzalanıb və bu addımın davamı olaraq sülh müqaviləsinin imzalanması zərurəti yaranıb. Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır və Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələni dəfələrlə vurğulayır: "Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq". Ermənistanın bu əməkdaşlıqdan qazanacağı aydın şəkildə belə təhlil olunur. Azərbaycanın coğrafi mövqeyi, təbii resursları, regional üstünlüyü, beynəlxalq əməkdaşlıqda əsas rol oynayan dövlətlərdən biri olması qonşu dövlət kimi Ermənistana da qazanc vəd edir. Məlumdur ki, Ermənistan təcavüzkar mövqeyi ilə uzun illər özünü bölgədə təcrid vəziyyətində saxlayıb. Nəticədə aqibəti iqtisadi gerilik, kasıb ölkəyə çevrilmək olub, əhalisi ayrı-ayrı ölkələrə miqrasiya edib, yaxud immiqrasiya vəziyyəti ilə üzləşib. Üstəlik, İkinci Qarabağ savaşında uduzdu, böyük əsgər itkisi yaşadı, çox sayda hərbi texnikasını itirdi, başqa sözlə, bütün gücünü əldən verdi. Ona görə də sülh müqaviləsinin imzalanması daha çox Ermənistana lazımdır. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması Ermənistanı iqtisadi böhrandan xilas edər. Azərbaycan sülh təklifini edərkən bu bəyanatı da səsləndirmişdir ki, bu təklif uzun müddət masa üzərində qalmayacaq. Bu addım Ermənistan üçün son şansdır.

Brüssel görüşünü səmimi, açıq və nəticəyönümlü hesab edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirdi ki, bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır. Bu ölkənin rəhbərliyi ya sülh sazişi imzalamaqda maraqlı deyil, ya da kənar qüvvələrin güclü təzyiqi ilə özləri müstəqil qərar qəbul edə bilmir.

30 il ərzində gedən proseslər onu göstərir ki, bu ölkə heç vaxt müstəqil qərar qəbul etməyib və Ermənistanın hərbi-siyasi rəhbərliyi yalnız müxtəlif qüvvələrin sifarişlərini yerinə yetirir. Bu ölkədə hakimiyyətə kim gəlirsə-gəlsin, onlar öz xalqının deyil, xarici qüvvələrin marağını təmin etməklə məşğul olurlar. İkinci Qarabağ müharibəsindəki qələbədən iki il yarımdan çox müddət keçib. Ermənistan hələ də sülh müqaviləsini imzalamır. Ona görə ki, onları hakimiyyətə gətirən həm daxili, həm də xarici qüvvələr bunu istəmir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə etiraf edib ki, sülh müqaviləsini bağlamaq lazımdır. Ancaq o, Azərbaycanın şərtlərilə sülh müqaviləsini bağlayarsa, onda Paşinyan fiziki cəhətdən məhv olar. Ona görə də hakimiyyətini və özünü qorumaq üçün xalqının marağına zidd olsa da, sülh müqaviləsini imzalamayaraq sərhəddə vəziyyəti gərgin saxlamağa üstünlük verir. "Təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılığa gəliblər və bu əsasda biz münasibətlərimizin nizamlanması istiqamətində kifayət qədər yaxşı irəlilədiyimizi deyə bilərik". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında bildirib.

Bu etirafa baxmayaraq, söhbət Ermənistanın real addımlar atmasından gedir. Sülh müqaviləsinin imzalanması təklifindən iki ildən artıq vaxt keçsə də qarşı tərəf hələ də gözləmə mövqeyindədir. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, biz sülhə hazırıq. Bu istəyimizlə əlaqədar beş prinsip irəli sürmüşük və həmin o beş şərti də Ermənistan qəbul edib. Amma təəssüflər olsun ki, həmişə Brüssel və Moskva görüşlərindən sonra Ermənistan prosesi uzatmağa çalışır.

Görünən odur ki, sülh müqaviləsi əvvəl-axır imzalanacaq və bu, hər şeydən əvvəl Ermənistanın özü üçün lazımdır. Çünki sülh müqaviləsi imzalanmasa, Ermənistan yenə dalan və təcrid edilmiş ölkə kimi qalacaq. Belə olan halda Ermənistanın gələcəklə bağlı heç bir perspektivi olmayacaq. Keçirilən hər bir görüş və əldə edilən nəticələr isə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi, diplomatik uğurlarının davamıdır.

 

Mustafa KAMAL,

"Respublika".