Sülh, təhlükəsizlik, əməkdaşlıq Azərbaycanın xarici siyasətinin təməl prinsipləridir
Siyasət

Sülh, təhlükəsizlik, əməkdaşlıq Azərbaycanın xarici siyasətinin təməl prinsipləridir

Ölkəmizin “77-lər qrupu”na qoşulması beynəlxalq sosial-iqtisadi sahədə səylərimizi daha da artırmağa imkan verir

BMT Baş Assambleyasının 28 sentyabr 2019-cu ildə Nyu-York şəhərində keçirilən iclası çərçivəsində Azərbaycan Xarici İşlər naziri səviyyəsində Qrup 77 (G77) təşkilatının 43-cü illik iclasında iştirak edib. İclasda Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub. G77 qrupunun iclasında Azərbaycan bu təşkilata fəal töhfə verməyə hazır olduğunu və Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib.

Bu, ölkəmiz üçün tarixi bir gün idi. Belə ki, qurumun dəstəyi və etimadı sayəsində biz, ümumdünya iqtisadi və sosial inkişaf məsələsini irəli aparmaq məqsədilə bir araya gələn, BMT-dən sonra dünyanın ən böyük dövlətlər ittifaqının bir hissəsi olduq.

“77-lər qrupu” beynəlxalq təşkilatlarda, xüsusən, BMT-də və onun müxtəlif orqanlarında iştirak edən inkişaf etməkdə olan ölkələrin öz maraq və mənafelərini qorumaq məqsədilə yaradılmış qurumdur. Həmin ölkələri təmsil edən nümayəndələr 1963-cü ildə BMT Baş Assambleyasının XVIII sessiyasında belə qərara gəliblər ki, öz maraqlarını qorumaq üçün məhz bu addımı atsınlar. “77-lər qrupu” adı isə BMT-nin 1964-cü ildə keçirilən ticarət və inkişaf mövzulu konfransında razılaşdırılıb. Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan G77 iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir. Bu təşkilat BMT-nin dayanıqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməyə və bu istiqamətdə birgə fəaliyyətə önəm verir.

Onu da qeyd etmək lazımdır ki, qloballaşma prosesləri və iqtisadiyyatlar arasındakı qarşılıqlı asılılığın dərinləşməsi şəraitində, Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi Birləşmiş Millətlər Təşkilatının hədəfləri və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin əsas komponentlərindən biri olan, həm inkişaf strategiyası, həm də inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirak etməsini təmin edən vasitə kimi vacib məsələyə çevrildi. Azərbaycan, Qrup 77-nin iqtisadi əməkdaşlığın təşviqi yolu ilə davamlı inkişafın təmin edilməsi nəcib missiyasına fəal töhfə verməyə hazırdır.

2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi edən və 3 il ərzində Hərəkata sədrliyi üzərinə götürən Azərbaycan quruma sədrliyinin prioritetlərindən birinin BMT-nin ən böyük iki ölkələr qrupu arasında daha yaxşı qarşılıqlı fəaliyyət qurmaq məqsədilə, Qoşulmama Hərəkatı - G77 əlaqələndirmə mexanizminin, yəni Birgə Əlaqələndirmə Komitəsinin canlandırılması olacağını bəyan etmişdi. Hələ 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunan Azərbaycan qısa müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır. Bakıda keçirilən Zirvə sammitində iştirak edən dövlət və hökumət başçılarının yekdil qərarı ilə hərəkata sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirilirdi. Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurmuşdur ki, bu da bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi məsələləri özündə ehtiva edir. Odur ki,  Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Xatırladaq ki, 1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti və diplomatik fəaliyyəti beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmağa başladı. 1947-ci ildə Dehlidə 26 ölkənin nümayəndələrindən ibarət keçirilən müşavirə Asiya ölkələrini əməkdaşlığa çağırırdı. Bu ölkələr bloklara qoşulmamaq xətti götürdülər. Həmin məqsədlə 1955-ci il aprelin 18-də Bandunq şəhərində konfrans çağırıldı. Konfrans İndoneziya prezidentinin nitqi ilə öz işinə başladı. O qeyd etdi ki, Asiya və Afrika yalnız birliyi saxlamaqla çiçəklənə bilər. Bu konfransda Türkiyə, Birma, Hindistan, İndoneziya, Pakistan, Seylon, Əfqanıstan, Kamboca, ÇXR, Misir, Mərakeş, Qızıl Sahil, İran, İraq, Yaponiya, İordaniya, Laos, Livan, Liberiya, Liviya, Nepal, Filippin, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Tailand, VDR (keçmiş Vyetnam Demokratik Respublikası), Yəmən və Cənubi Vyetnam nümayəndə heyətləri iştirak edirdilər. İlk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətlər öz maraqlarını əks etdirən məsələləri həll etmək üçün toplaşmışdılar. Bu, Bandunq Konfransına xüsusi əhəmiyyət verdi. Konfransda dünyada baş verən dəyişiklikləri nəzərə alaraq müstəmləkəçiliyi tamamilə ləğv etmək fikirləri irəli sürüldü. Konfrans iştirakçıları siyasi, iqtisadi və mədəni məsələlər üzrə komitələr təsis etdilər. Gündəliyə iqtisadi və mədəni əməkdaşlıq, insan hüquqları və özünütəyinetməyə dair hüquqlar, asılı xalqların problemi, beynəlxalq sülh və əməkdaşlıq məsələləri daxil olundu. Yekdilliklə qəbul olunan son bəyannamədə konfrans Asiya və Afrika ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafına və bu məqsədlə bir-birinə köməklik göstərməyə çağırdı. Konfransda qəbul olunan “Ümumdünya sülh və əməkdaşlığa yardım etmək haqqında qətnamə” xüsusi əhəmiyyət kəsb edirdi. Bu qətnamə müstəmləkəçiliyə son qoymaq qətiyyətini ifadə etdi və hərbi blokları pislədi. Beləliklə də Bandunq Konfransında əsas diqqət sosial-iqtisadi və siyasi quruluşlarından asılı olmayaraq, Asiya və Afrika dövlətlərinin dinc yanaşı yaşamalarını və əməkdaşlıqlarını təmin edəcək əməli proqramın hazırlanmasına verilmişdi.

İndoneziyanın Bandunq şəhərində keçirilən 1955-ci ildə Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Qoşulmama Hərəkatının daimi orqanı və mənzil-qərargahı yoxdur. Büro Qoşulmama Hərəkatının daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə Qoşulmama Hərəkatı öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Azərbaycan qoşulmamama prinsiplərini təşviq etməklə regional inkişaf səylərinə öz töhfəsini verir. Qitələrin bir araya gəlməsində, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platformanın yaradılmasında mühüm rol oynayır. Dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Mədəni müxtəlifliyin təbliğinə xüsusi əhəmiyyət verən ölkəmizdə bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Son illərdə bir sıra qlobal tədbirlərə ev sahibliyi etmişik, dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş təşəbbüslər irəli sürmüşük. Bu təşəbbüslər arasında Baş Assambleya və Baş katib tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün başlıca qlobal platforma kimi tanınan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunu qeyd etmək olar. Avropa ölkələri arasında ən gənc yaş bölgüsünə sahib olaraq, hökumət gələcək nəsillərə keyfiyyətli təhsil və layiqli iş imkanları təklif edərək onların potensialının tam reallaşmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün yeni məşğulluq strategiyasında 2030-cu il üçün 13 hədəf müəyyənləşdirilib. Bu hədəflər gənclər arasında işsizliyin azaldılması, peşə təhsili və təlimlərin yaxşılaşdırılması və kiçik və orta müəssisələrdə məşğulluğun artırılması məqsədlərini güdür. Gender bərabərliyini təmin edən Azərbaycanda qadınlara ictimai və sosial həyatda səlahiyyətlər vermək üçün öz səylərini davam etdirir. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 saylı qətnaməsinin icrası üçün hazırda milli fəaliyyət planının hazırlanmasını qeyd etmək olar.

Yeni yaranan donor ölkə olaraq Azərbaycan Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişaf yardımlarını göstərməkdə davam edir. İnkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Hər bir qasırğa, böyük yanğın və dəniz səviyyəsinin bir santimetrlik qalxması ilə iqlim dəyişikliyinin mövcud təhlükəsi daha da aktuallaşır. Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və ölkə artıq mənfi nəticələrlə, məsələn, sel, quraqlıq, istilik və digərləri ilə üzləşir. Biz iqlim fəaliyyətinə dair böyük beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına, Kioto Protokoluna və Paris Sazişinə qoşulmuşuq. Milli siyasət və strategiyalar həmin beynəlxalq sənədlərə uyğunlaşdırılıb. Hökumət tərəfindən karbon qazı tullantılarının minimum səviyyəyə çatdırılması üçün vacib addımlar atılıb və onun 2030-cu ilə qədər 35 faiz azaldılacağı nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, COVID-19 pandemiyasının dünya dövlətlərinin sağlamlıq, iqtisadiyyat və sosial sistemlərinə ağır təsirinə baxmayaraq, ölkəmiz bu qlobal böhranla mübarizə üçün beynəlxalq humanitar və inkişafa dəstək yardımını davam etdirib. Habelə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması təklifi BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstəklənib.

Möhtərəm Prezidentimiz İlham Əliyev deyir: “Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan qrupun müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etməklə və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir.

Mustafa KAMAL,

“Respublika”.