Sülhməramlı kontingentin kölgəsinə sığınan Vardanyan yaxın gələcəkdə aqibətinin necə olacağını düşünməlidir
Digər xəbərlər

Sülhməramlı kontingentin kölgəsinə sığınan Vardanyan yaxın gələcəkdə aqibətinin necə olacağını düşünməlidir

Moskvanın tapşırığı ilə Şərqi Zəngəzura “təşrif “ buyuran Ruben Vardanyan çox keçməmiş Azərbaycanın təzyiqi ilə üzləşdi. Bakının bu kartı açıb ortalığa qoymasını bu qədər tez gözləməyən Kreml Qarabağ üzərindən Cənubi Qafqaz planının hələ ki, iflasa uğradığını müşahidə edir. Bu oliqarxa gəlincə isə o, özünü nə qədər ermənilərin mühafizəkarı kimi göstərməyə çalışsa da, tapşırılan “rolu” yaxşı oynaya bilmədi. Azərbaycanın yeraltı sərvətlərindən milyonlar qazanmaq niyyətində olan Rubenin arzusunu  azərbaycanlı ekofəallar ürəyində qoydu. Bir tərəfdən rəsmi Bakı, bir tərəfdən isə Qarabağda yaşayan ermənilər və separatçı dövlət tərəfindən dalana dirənən eks “dövlət naziri”nin nə edəcəyi hələ ki sual altındadır. Əslində, Ermənistan rəhbərliyi də Rusiya tərəfindən göndərilmiş bu “kadra” ümid bəsləmirdi. Lakin məlum olduğu kimi, müstəqil siyasət apara bilməyən İrəvan Moskvanın bu istəyinə qarşı çıxa bilmədi. Hətta belə bir fikir də var idi ki, Ruben Vardanyan Qarabağda istədiyinə nail olsaydı, Ermənistanda baş tutacaq növbəti seçkilərdə Nikol Paşinyanın ciddi rəqiblərindən birinə çevrilə bilərdi. Bu baxımdan, Paşinyan hökuməti yəqin ki, buna görə Vardanyana dəstək olmadı. Qarabağda yaşayan erməniləri Azərbaycana inteqrasiya etməyə çağıran dövlət başçısı İlham Əliyevin isə bir məsələdə fikri qətidir: “… Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil…”.

 Martın 1-də Rusiya sülhməramlı kontingentinin qərargahında   deputat Ramin Məmmədovun Qarabağdakı erməni sakinlərinin təmsilçiləri ilə görüşünün baş tutması bir daha onu sübut etdi ki, nəinki Azərbaycanın daxilində, o cümlədən regionda hər hansı bir məsələnin həllində Bakının mövqeyi nəzərə alınmalıdır. Hələ ki, sülhməramlı kontingentin kölgəsinə sığınıb Şərqi Zəngəzurda yaşayan Vardanyanı yaxın keçmişdə Arayik Arutyunyanın yaşadığı hadisələr gözləyə bilər. Qondarma dövlətin rəhbərinin İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl ekranlar qarşısına çıxıb “qürurla”: “Azərbaycan bizimlə müharibə etmək istəyirsə biz hazırıq” və “Şuşanı heç bir zaman tərk etməyəcəyik” deməsi çox keçmədən bu sözlərin boğazdan yuxarı deyildiyini  ortaya çıxardı. Belə ki, 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsindən ağızdolusu danışan Arayik çox keçmədən bəyan etdi ki, Azərbaycan Ordusu Şuşanın 5 kilometrlik məsafəsindədir. Nəhayət, noyabrın 8-də Şuşanı azad edən Ordumuz xalqımıza böyük qələbə sevinci yaşatdı və separatçıların rəhbəri tarixi yurdumuz olan Şuşadan birdəfəlik qovuldu. Nikol Paşinyan da öz soydaşının aqibətini yaşadı.  Belə ki, hakimiyyətə gəldikdə özünü sülh göyərçini kimi göstərməyə çalışan baş nazir Prezident İlham Əliyevdən Qarabağ məsələsinin həllinə dair vaxt istəmişdi. Lakin 2019-cu ildə Şuşada qol-qanad açıb sərxoş halda rəqs edərkən yəqin ki, bu xoşbəxtliyin uzun sürməyəcəyini anlamamışdı. Sevinci uzun çəkməyən Nikol 1 il sonra kapitulyasiya aktı imzaladı. Cəbrayıla yol çəkmək, Şuşada parlament binası tikmək arzusu isə beləcə puç olmuşdu.

Hansı xəyallarla  yaşadığı bilinməyən Vardanyan da bütün bunları götür-qoy etməli və yaxın gələcəkdə  aqibətinin necə olacağı barədə əməlli-başlı düşünməlidir. Seçim hələ ki onundur. İndidən Xankəndini tərk etmək daha məqsədəuyğundur, nəinki sonradan bu dünyanı...

Musa BAĞIRLI,

“Respublika”.