Sülhün alternativi yoxdur
Siyasət

Sülhün alternativi yoxdur

Ermənistan öz seçimini etməli, təklif edilən 5 prinsip əsasında danışıqlara başlamalıdır

Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin təməlini qoymuş oldu. Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə dünya güclərinin maraqlarının toqquşmasının çox şahidi olub. Beynəlxalq güclər həmişə regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Ona görə də Cənubi Qafqazda sülh hər zaman kövrək olub. Tarixi torpaqlarımızda yaradılan, qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi olaraq pozulmasında müstəsna rolu vardır. Ermənistanın Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük maneə olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni də məhdudlaşdırmışdı.

Sülhün təmin olunması, ədalətin bərpası üçün ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyəti də bir nəticə vermədi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz tam çəkilməsini tələb edən dörd qətnaməsinin olmasına baxmayaraq, regionda sülh təmin edilmədi. Münaqişənin həll olunması, sülhün yaranması üçün otuz il səbir nümayiş etdirən Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və indi o, gələcəyə fokuslanıb.

Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirir, ölkəmiz sülhün, inkişafın təmin edilməsi məqsədilə konkret layihə və proqramlarla çıxış edir. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar da Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəyin ifadəsidir.

Həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni etməyə, öhdəliyinə düşəni reallaşdırmağa hazırdır. Yəni Prezident İlham Əliyev Vətən müharibəsində əldə edilən Zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini nümayiş etdirir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan Cənubi Qafqazda dayanıqlı sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə sülh sazişinin imzalanmamasının məğlub ölkə kimi onlar üçün böyük fəlakət olacağını dəfələrlə vurğulayır. Rəsmi İrəvan ya sülh sazişini imzalayaraq dövləti və ağır sosial-iqtisadi böhran içərisində çapalayan xalqını bataqlıqdan çıxaracaq, ya da imtina edərək ölkəni məhvə sürükləyəcək.

Ermənistan yaxşı bilir ki, İlham Əliyev sözünə, vədinə sadiq lider kimi verdiyi qərarlarda da hər zaman qətiyyət nümayiş etdirib. Sözü imzası qədər keçərli olan Müzəffər Ali Baş Komandan necə ki, sülh sazişi üçün irəli sürdüyü 5 prinsipin əsasında danışıqların aparılmasında qətiyyətlidir, eyni zamanda sazişin imzalanmayacağı təqdirdə, Ermənistanın müstəqilliyinin tanınmayacağına da israrlı olacaq. Çünki dövlət başçısının məğlub ölkəyə ünvanladığı mesajlar da bunu deməyə əsas yaradır: "Əgər Ermənistan təklif edilən 5 prinsip əsasında müzakirələrin keçirilməsini qəbul etməsə, onda Ermənistanın müstəqilliyini tanımadığımızı rəsmən elan edəcəyik. Ermənistan bunun nələrə gətirib çıxaracağını yaxşı başa düşməlidir...".

Azərbaycan sülh danışıqlarına hərtərəfli şəkildə hazır olduğunu bildirir və buna hətta beynəlxalq təşkilatlar da şahidlik edirlər. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlərdə onun verdiyi bəyanatlar da göstərir ki, beynəlxalq təşkilatlar regionda sülhün tez bir zamanda bərqərar olmasının tərəfdarıdırlar.

Beynəlxalq təşkilatlar da bilir ki, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması, bölgənin tərəqqisi, təhlükəsizliyi münasibətlərin normallaşdırılmasından asılıdır.

Dövlət başçısının dediyi kimi, əgər sülh müqaviləsi imzalanarsa və təməl prinsipləri həyata keçirilərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bu prosesdə Avropa İttifaqı ədalətli vasitəçi ola bilər, çünki müharibədən sonra baş verənlər də bunu açıq nümayiş etdirir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da bildirib ki, Aİ Azərbaycan ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılmasına çalışır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regionda sülhün bərpa olunması üçün təşəbbüs göstərir. O, həmçinin Aİ-nin minatəmizləmə sahəsində də Azərbaycana dəstək göstərdiyini vurğulayıb. Bu layihəyə ictimaiyyətin minalar barədə məlumatlandırılması və maliyyə dəstəyinin göstərilməsi də daxildir.

Azərbaycan sülh müqaviləsinin imzalanması üçün hüquqi prinsipləri, beynəlxalq norma və qanunların aliliyini əsas götürür. Buna görə də uzun illər Azərbaycanla Ermənistan arasındakı münaqişəyə səssiz qalmaqla öz nüfuzlarını zərbə altına qoyan beynəlxalq qurumlar, xüsusilə də, BMT, ATƏT və digərləri sülh müqaviləsinin imzalanması üçün heç olmasa, indi təşəbbüslərini ortaya qoymalıdırlar. Əks halda, sosial partlayışlar fonunda məhv olan Ermənistan bundan sonra da region üçün əsas təhlükə mənbəyi kimi qalacaqdır.

Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diktəsi altında cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsiz mühitə, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yarana bilər.

Region dövlətlərinin yeni əməkdaşlıq formatının qurulması və Zəngəzur dəhlizinin yaradılması da daxil olmaqla, bir çox layihənin reallaşması üçün ilk növbədə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılması əsas şərtdir. Sərhədlərin müəyyənləşməsi olduqca zəruri proses, tərəflər arasında mövcud sərhədyanı ərazilərdə baş verə biləcək gələcək münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan məsələdir. Lakin ermənilər bunun üçün heç tələsmirlər, çünki məsələnin belə həll olunmamış qalması onların hər mənada işinə yarayır. Son vaxtlar sərhəd boyunca törətdikləri təxribatlar da bunu bir daha təsdiqləyir. Bu təxribatlar Azərbaycan tərəfini adekvat cavab vermək məcburiyyətində qoyur. Yaranan toqquşma isə hər iki tərəfdə insan itkisinə səbəb olur. Ermənistan anlamalıdır ki, sülhün alternativi yoxdur.

Zümrüd QURBANQIZI,

"Respublika".