Sumqayıt hadisələri:erməni təxribatından 35 il ötür
Tarix

Sumqayıt hadisələri:erməni təxribatından 35 il ötür

1988-ci il fevralın 27-29-da baş vermiş Sumqayıt hadisələrindən artıq 35 il keçir. Zaman göstərdi ki, bu olaylar böyük bir siyasi oyunun başlanğıcı, necə deyərlər, "ilk akkordları", Azərbaycana qarşı yönəldilmiş separatçılığa, terrorizmə, nəhayət, işğalçılıq hərəkətlərinə haqq qazandırmaq üçün edilən provokasiya idi.

Bu baxımdan Sumqayıt hadisələrini sonrakı qanlı olayların başlanğıcı kimi yada salıb təhlil etmək çox vacibdir. İrad tutula bilər ki, bu haqda çox deyilib, çox yazılıb. Bəlkə də yazılıb deyilənlər çoxdur, ancaq yenə də kifayət deyil. Çünki ermənilər Sumqayıt hadisələrini bayraq edib hər yerdə azərbaycanlıları vəhşi millət kimi qələmə vermiş və son 30-35 ildə ölkəmizə qarşı törətdikləri hər bir mənfur hərəkətə bəraət qazandıraraq dirsəyə qədər qana batmış əllərini məharətlə dünya ictimaiyyətindən gizlədə bilmişlər. Məhz buna görə o dövrü şahidlərin gözü ilə canlandıran, fakt və dəlilləri bütün xırdalıqları ilə üzə çıxaran materiallara hələ də ehtiyac böyükdür.

Həqiqətən də Sumqayıt hadisələrinə nəzər yetirəndə təxribat törədib, qan axıdanların əslində ermənilərin özü, onların xaricdəki havadarları və SSRİ rəhbərliyinin olduğu açıq görünür. İndi artıq obyektiv və şüurla düşünən hər ağıllı insanda bu, şübhə doğurmur. Hadisələri diqqətlə izlədikdə məhz erməni emissarlarının təcrübəsiz yeniyetmə və gənc azərbaycanlıların vətən heysiyyətinə toxunmaqla cinayətlərə təhrik etməsi və hətta özlərinin də bu cinayətlərdə iştirakı üzə çıxır. "Böyük Ermənistan" yaratmaq arzusu ilə alışıb-yanan  erməni millətçiləri üçün hər cür mənfur üsul qəbul olunduğundan özlərindən qurbanlıqlar seçib, onları öldürüb və ya öldürtmək üsuluna da vicdan əzabı çəkmədən müraciət ediblər. Bu üsul onlara dünya ictimaiyyətinə ermənilərin məzlum, azərbaycanlıların və türklərin isə vəhşi olduqlarını göstərmək, eləcə də gələcəkdə həyata keçirəcəkləri bütün yaramaz hərəkətlərə haqq qazandırmaq üçün zaman-zaman lazım olub. Tarix göstərir ki, bu, ermənilərin əsrlərlə bizlərə qarşı istifadə etdikləri bir üsuldur.

Sumqayıt hadisələrini də eyni ssenari üzrə öz dədə-babalarının layiqli davamçıları olan faşist xislətli, alçaq Eduard Qriqoryanlar və onların ənənəvi havadarları törədib. Məqsəd isə Ermənistandakı etnik təmizləməni ört-basdır etmək və Dağlıq Qarabağı ələ keçirmək olub. Həmin hadisələri epizod-epizod nəzərdən keçirəndə, bu, qabarıq şəkildə üzə çıxır. Bunun üçünsə, biz gərək ötən əsrin 80-ci illərinin ortalarına, yəni "yenidənqurma" zamanlarına qayıdaq və o dövrü baş vermiş hadisələrlə canlandıraraq mərhələ-mərhələ yada salaq.

Ermənilər "böyük Ermənistan" xülyasına düşəndən Dağlıq Qarabağı da digər Azərbaycan torpaqları kimi özününküləşdirmək istəmişlər. Digər Azərbaycan torpaqları dedikdə isə İrəvan (indi Yerevan), Vedi (Ararat), Basarkeçər (Vardenis), Zəngibasar (Masis), Qəmərli (Artaşad), Mollagöyçə (Maralin), Dərələyəz (Yexeknadzor) və bütövlükdə müasir Ermənistanın ərazisi nəzərdə tutulur. Axı, doğrudan da tarixi sənədlərə əsasən 200-250 il qabaq Qafqazda ümumiyyətlə, erməni və ya özlərinin adlandırdığı kimi "haylar" yaşamayıb.

Bizim torpaqlara ermənilər ilk dəfə 1804-1813-cü il rus-İran və 1806-1812-ci il rus-türk müharibələri dövründə köçməyə başlamışlar.

1827-ci ilin oktyabrında İrəvan qalası süqut edəndən cəmi üç ay sonra, yəni 1828-ci il fevralın 10-da Rusiya və İran arasında bədnam Türkmənçay müqaviləsi imzalandı. Və bununla da İrəvan və bütün Qərbi Azərbaycan torpaqları Rusiyanın müstəmləkəsinə çevrildi. Elə həmin zamandan da bu torpaqlarda yaşayan azərbaycanlıların bəlalı, qanlı-qadalı günləri başlandı. Müqavilə imzalanandan dərhal sonra rus imperiyası İrəvan xanlığını ləğv edib bu ərazilərdə erməniləşdirmə siyasətini daha intensiv həyata keçirməyə başladı. Əzəli Azərbaycan torpaqlarında "Erməni vilayəti" adlı qondarma bölgə yaradıldı.

Ruslar tədricən Qərbi Azərbaycanda ermənilərin yerli azərbaycanlılardan say üstünlüyünə nail oldular. Öz növbəsində, ermənilər də bu durumdan kifayət qədər bəhrələnib yeni köçdükləri yerlərdə sərbəst və rahat həyat sürərək, tezliklə burada möhkəmlənib kök saldılar. Çox keçmədi ki, əl-qol açıb həyasızlaşan ermənilər "türksüz Ermənistan" yaratmaq fikrinə düşüb yerli əhalini öz dədə-baba yurdlarından çıxarmağa başladılar. Bunun üçün ermənilərə təxminən 160 ilə yaxın bir vaxt lazım gəldi. Qərbi Azərbaycan torpaqlarından axırıncı aborigen (mənası: əzəli, köklü), yəni azərbaycanlı 1988-ci ildə çıxarılaraq qovuldu.

Dağlıq Qarabağı Ermənistana birləşdirmək daşnakların çoxdankı arzusu idi. Amma hər dəfə bunu reallaşdırmaq istəyəndə ermənilərin cəhdləri müxtəlif səbəblərdən boşa çıxırdı. Bolşevizm Cənubi Qafqazda bərqərar olan gündən, yəni 1920-ci ildən başlayaraq ermənilər dəfələrlə bu məsələni gündəmə gətirmiş, ancaq heç nəyə müyəssər olmamışlar. O dövrdə onların ən böyük nailiyyəti isə 1923-cü il iyulun 7-də Dağlıq Qarabağa Azərbaycanın tərkibində Muxtar Vilayət statusunun verilməsi oldu. İşin bu cür məcrada gedişi ilə heç cür razılaşmasalar da ermənilər sonrakı 65 ildə susmaq məcburiyyətində qaldılar. Onlara mane olan bir  çox amillər var idi. Ancaq sözsüz ki, əsas amil kommunist ideologiyasına söykənən dəmir rejim idi. O illər ərzində SSRİ-də çox hadisələr baş verdi, yəni sənayeləşmə və kollektivləşdirmə, Stalin repressiyaları, Böyük vətən müharibəsi, Xruşşov "ilıqlaşma"sı, Brejnev "durğunluğ"u, Andropov "nizam-intizam"ı və nəhayət, Qorbaçov "yenidənqurma"sı. Bu qədər böyük vaxtın keçməsinə və çoxsaylı hadisələrin baş verməsinə baxmayaraq, ermənilər daim türk və azərbaycanlılara olan nifrəti daxillərində bəslədikləri kimi, bu məsələni də ürəklərinin dərinliklərində gizlədib onun üzə çıxması üçün məqam, fürsət gözləyirdilər. Ermənilər üçün belə fürsət  məhz 1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlişi və onun "yenidənqurma"sı ilə ələ düşdü. Ermənilər dərhal bu "yeni qurma"nın onlara xeyirli olacağını hiss edib öz ənənəvi iftira, şərləmə təbliğat maşınlarını işə saldılar. Böyük Hayastandan, türk və azərbaycanlıların məzlum ermənilərin başına gətirdikləri vəhşiliklərdən, qədim erməni torpağı Dağlıq Qarabağın azərbaycanlılar tərəfindən zəbtindən və ilaxirə və sairə bu kimi yalan və sayıqlamalarla bol olan çoxsaylı məqalə və kitablar dərc edilərək dünyada yayıldı. Ancaq ermənilər 1985-1986-cı illərdə hələ də Dağlıq Qarabağla bağlı iddialarını açıq-açığına üzə çıxara bilmirdilər. Çünki onda Azərbaycanın böyük oğlu Heydər Əliyev o dövrdə ən yüksək postlardan birini, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tuturdu. Və ermənilərə onun Qarabağ məsələsi ilə bağlı sərt mövqeyi yaxşı bəlli idi. Həmin illərdə daşnakların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdləri Heydər Əliyevin dəmir iradəsinə dəyib darmadağın olmuşdu. Ona görə Şaxnazaryanlar, Kaputikyanlar, Balayanlar, Aqanbekyanlar cidd-cəhdlə onun hakimiyyətdən getməsinə çalışırdılar və buna Heydər Əliyev şəxsiyyətindən hər zaman qorxan ermənipərəst Qorbaçov vasitəsilə 1987-ci il oktyabrın 25-də nail ola bildilər. İstər Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr, istərsə də Sumqayıt hadisələri Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından az sonra baş verdi.

Heç əbəs deyil ki, Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasından cəmi bir neçə həftə sonra, Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik A.Aqanbekyan 1987-ci il noyabrın 17-də Parisdə, erməni Fransa İnstitutunun və erməni veteranları assosiasiyasının təşkil etdiyi qəbulda çıxış edərək belə demişdi: "Mən istərdim ki, Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır" ("Humanite", 18 noyabr, 1987-ci il). Bu sözlər Dağlıq Qarabağ hadisələrinin başlanması üçün bir start rolunu oynadı.

1988-ci ilin fevralında DQMV ətrafında baş verənləri izlədikcə aydın olur ki, bu olayların müəllifləri hər cəhdlə gərginliyi artırmağa çalışıblar. O zaman yetmiş il sovetlərin "xalqlar dostluğu", "beynəlmiləlçilik" ideologiyası üzərində tərbiyə almış azərbaycanlılar üçün belə hərəkətləri anlamaq çətin idi. Ancaq sonradan iyrənc məqsədlər tam aydın oldu. Onlar durmadan vəziyyəti ona görə qızışdırırdılar ki, azərbaycanlıları qanlı aksiyalara sövq edib, bütün dünyaya qəddar, zalım obrazında təqdim edə bilsinlər. Fevralın sonunda bu planı həyata keçirmək üçün artıq hər şey hazır idi. Gərginlik yüksək həddə çatdırılmış, məkan da seçilmişdir - SUMQAYIT.

Bəli, 1988-ci il fevralın 27-29-da "ssenaristlər" Sumqayıt hadisələrini törətməyə nail oldular. Həmin günlər şəhərdə baş vermiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400 nəfərdən çox adam bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil sındırılmış və bir qismi yandırılmışdır. Bütövlükdə şəhərə ovaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur.

Gəlin hadisələrin müəyyən ssenari ətrafında, planlı şəkildə həyata keçirildiyini sübut edən bir sıra məqamlara diqqət yetirək. Əvvəlcə onu qeyd edək ki, hələ hadisələrdən 5-6 gün qabaq şəhərdə heç kimin tanımadığı qrup peyda olmuşdu. Dəstələrə bölündükləri üçün onlara eyni vaxtda şəhərin müxtəlif hissələrində rast gəlmək olurdu. Müşahidələr göstərirdi ki, onların başlıca məqsədlərindən biri də həmin günlər şəhərdə şayiələr yaymaqla çaxnaşma salmaq idi. Maraqlıdır ki, hadisələr səngiyib qurtarandan sonra bu adamların heç biri şəhərdə gözə dəymədi. Çox təəssüflər olsun ki, hadisələri araşdıran hüquq-mühafizə orqanları həmin faktların üstündən sükutla keçdilər.

Bildiyiniz kimi, o vaxtlar videokameraların az olması ilə əlaqədar videoçəkiliş elə də yayılmamışdı. Lakin "ssenaristlər" bu hadisələrə elə güclü hazırlaşmışdılar ki, qanlı aksiyalar törədən qrupların hər birində videooperator var idi. Və onlar olaylar baş verəcək konkret yerlərdə çəkilişə hazır olurdular. Təsadüfi deyil ki, şəhərdə baş verən olaylardan dərhal sonra çəkilən materiallar müxtəlif ölkələrin telekanalları ilə yayımlanırdı.

Eyni zamanda bəzi faktlar şəhərdə yaşayan ermənilərin böyük əksəriyyətinin bu hadisələrdən çox-çox əvvəldən xəbəri olduğunu təsdiqləyir. Məsələn, fevral ayından qabaq erməni milliyyətindən olan vətəndaşların şəhər dükanlarından böyük məbləğdə malı kreditlə alması, əmanət banklarından pulların çıxarılması və köçüb getməsi faktları versiyanın doğruluğunu aydın şəkildə göstərir.

Bəs, niyə bu hadisələri həyata keçirmək üçün məkan məhz Sumqayıt şəhəri seçildi? Bunun bir sıra səbəbləri var. Hər şeydən əvvəl, Sumqayıt çoxmillətli şəhər idi. Burada kimya və metallurgiya sənayesinin inkişafı ilə bağlı keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən onlarla millətin nümayəndəsi məskunlaşmışdı. Bir də Sumqayıt gənclik şəhəridir. Burada ölkəmizin müxtəlif regionlarından gəlmiş minlərlə gənc yaşayır. Gənclərin beyninə milli zəmində təsir etmək daha asan olduğu üçün təşkilatçılar bu amili də nəzərə almışdılar. Burada baş verənlər ölkənin digər bölgə və şəhərlərində də tezliklə yayıla bilərdi. Təşkilatçılar bu amillərdən istifadə edib hadisələrin əhatə dairəsini genişləndirmək istəyirdilər. Xoşbəxtlikdən, bu istəklərinə tam şəkildə nail ola bilmədilər.

Sumqayıtda baş verən hadisələrdən danışarkən hüquq-mühafizə orqanlarının, xüsusilə də prokurorluğun birtərəfli münasibətini qeyd etməmək olmaz. İşlərin bütövlükdə Moskvanın sərəncamına verilməsi, respublika prokurorluğunun prinsipsiz mövqe tutaraq yaxasını kənara çəkməsi nəticəsində min nəfərdən çox sumqayıtlı təhqir dolu istintaq və işgəncələrə məruz qaldı. Qanlı olayların əsas təşkilatçısı olan "Paşa" ləqəbli Eduard Qriqoryan cəmi 12 il həbs cəzası aldığı halda, bu işlərdə əli olmayan Əhməd Əhmədov ən ağır cəzaya - güllələnməyə məhkum edildi.

Olayları diqqətlə öyrəndikdə bu hadisələrin həyata keçirilməsində ən azı iki maraqlı tərəfin mövcudluğu tam bəlli olur. Onlardan birincisi və elə ən qlobalı M.Qorbaçovun rəhbərliyi ilə dünya sosialist sistemi və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr idi. İkinci maraqlı tərəf isə sözsüz ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək istəyən erməni millətçiləri olmuşdur. Axı, həqiqətən də bu hadisələrdən sonra SSRİ kimi nəhəng, necə deyərlər, "topdağıtmaz" bir dövlət dağılaraq siyasi meydandan yox oldu. Qarabağ müharibəsi başlandı, 20 faizə qədər torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edildi, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı faciəsi və minlərlə azərbaycanlının ölümü ilə nəticələnən neçə-neçə digər qanlı olaylar baş verdi.

Əvvəldən axıra kimi, bütün bu tarixi faktları nəzərdən keçirərkən daha dəhşətli bir məqam üzə çıxır. O da ermənilərin heç vaxt öz murdar məqsədlərindən özbaşına dönməyəcəyidir ki, bu günkü reallıq da bunu sübut edir. Ermənilər işğalçılıq siyasətlərini hazırkı dövrdə də usanıb çəkinmədən davam etdirir. Düzdür, indi onlar öz fitnə dolu planlarını həyata keçirməkdə çox çətinlik çəkir. Çünki dünya artıq ermənilərin yalanlarına uymur. Kimin kim olduğunu yavaş-yavaş anlamağa başlayır. Bu gün Azərbaycan da dəyişib və 25-30 il əvvəlki yarıdağılmış, iqtisadiyyatı böhran içində boğulan ölkə deyil. Müasir Azərbaycan dinamik imkişafda olan, sürətlə qabaqcıl ölkələr sırasına inteqrasiya edən bir dövlətdir. Heydər Əliyev dühası ilə yaranan bu dövlət çox sevindiricidir ki, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə idarə olunaraq görünməyən bir templə tərəqqi edir.

İndi Azərbaycan hər sahədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların qaniçən arzularını ürəyində qoya bilir.  Elə bu amillərdir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və ermənilər biabırçı kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib. Buna bizim həm mənəvi, həm də hüquqi haqqımız var idi. Axı bu torpaqlar tarix boyu bizim dədə-babalarımızın yurd-obası olub. Ulu öndər Heydər Əliyevin təbiri ilə desək, "Tarixi dəyişmək qeyri-mümkündür. Əsrlər boyu Qarabağ Azərbaycanın olub və Azərbaycanın da olacaq".

Söhrab SƏFİYEV,

"Respublika".