Sumqayıt Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgisi
Sosial həyat

Sumqayıt Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgisi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində burada bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin əl işlərinin sərgisi təşkil olunub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

2019-2020-ci illərdə və cari ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib ki, onlardan biri də Sumqayıt Reabilitasiya Mərkəzidir. Müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisədə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında, müasir avadanlıqlardan istifadə olunmaqla əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin onların  peşə-əmək reabilitasiyasının təşkili işləri də aparılır. Peşə-əmək reabilitasiyası - əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir.

Mərkəzdə əlilliyi olan şəxslərin peşə-əmək qabiliyyəti nəzərə alınaraq onların ümumi və xüsusi təlim proqramları əsasında peşə hazırlığı da təşkil edilir. Onlar üçün toxuculuq, daş tozundan fiqurların və s. düzəldilməsi kursları təşkil edilib.

Sərgi çərçivəsində mərkəzdə peşə-əmək reabilitasiyası işinin təşkili üçün yaradılan əmək terapiyası otağının təqdimatı da olub.