Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaşöhrətli azərbaycanlı alim
Tarixi şəxsiyyətlər

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaşöhrətli azərbaycanlı alim

Onun uğur formulu belə idi: qabiliyyət, zəhmət və israr. Hər zaman deyirdi ki, XXI əsrin inkişaf fəlsəfəsi bilikdir. Yüksək biliyə sahib olan kəs daha güclü olacaq, güclü olan isə hər zaman qalib gələcək. Lakin qalibiyyət qazanmağa yalnız savadın yetmədiyini, bunun üçün həm də gərgin əmək, zəhmət sərf etməyin vacib olduğunu qeyd edirdi. ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadə belə düşünür, belə yaşayırdı. O, "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi", "Soft kompyutinq" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifi, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, eyni zamanda NASA və NATO-nun aparıcı mütəxəssisi idi.

Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevral ayının 4-də Bakının Novxanı kəndində dünyaya gəlmişdir. O, ilk təhsilini Bakı şəhərindəki 16 nömrəli rusdilli məktəbdə almış, 1931-ci ildə ailəsi ilə birlikdə Tehrana köçdükdən sonra təhsilini orada amerikalıların Alborz missioner məktəbində davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş və 1942-ci ildə həmin fakültəni yüksək nəticələrlə başa vurmuşdur. 1944-cü ildə Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunda təhsil almışdır. 1946-cı ildə Lütfi Zadə mühəndis-elektrik ixtisası üzrə magistr diplomunu aldıqdan sonra Kolumbiya Universitetinin doktoranturasına daxil olur. Bu dövrdə o, öz müəllimi ilə birlikdə birgə elmi tədqiqat işi aparır və 1949-cu ildə dissertasiya müdafiə etdikdən sonra mühəndislik bölməsində assistent olaraq işə başlayır. Doktorluq üzrə təhsil aldığı universitetdə həm də elektromaqnit sahə nəzəriyyəsi, dövrə analizi, sistem nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsindən mühazirələr oxuyur.

1950-ci ildə dosent, 1957-ci ildə isə professor elmi adlarına layiq görülən Lütfi Zadə sonralar məşhur alim Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçür və 1959-cu ildən ömrünün sonuna kimi Kaliforniyanın Berkli Universitetində professor vəzifəsində çalışır. O, 1963-1968-ci illər ərzində həmin universitetin Kompüter elmləri və elektrik mühəndisliyi kafedrasına rəhbərlik edir. Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs olan Lütfi Zadə yaşadığı Berkli şəhərində öz adına olan "İnstitute Zadeh-ZIFT" İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik etmişdir.

Lütfi Zadə dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermiş, elmə qeyri-səlis ölçünün daxil edilməsi isə təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratmışdır. Beləliklə, qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər meydana gəlmişdir. Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri bu gün qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilər istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə 1989-cu ildə Lütfi Zadə Yaponiyanın elm adamlarına verilən ən yüksək "Honda" mükafatına layiq görülmüşdür.

Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini layihələndirərək tətbiq edir. Bundan əlavə, 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanmış və Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənmişdir.

Azərbaycan dövləti tərəfindən dünyaşöhrətli alimin zəngin elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, ölkə başçısı İlham Əliyevin 2011-ci ilin fevralında imzaladığı müvafiq sərəncamlara əsasən Lütfi Zadə texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilmiş, görkəmli elm xadiminin 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunmuşdur.

"BakuTel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyalarının sərgi və konfransında iştirak etmək üçün Lütfi Zadə 2008-ci ildə Bakıya gəlmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən tədbirdə elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu ilə təltif olunmuşdur. 2016-cı il aprelin 20-də isə böyük alim Nizami Gəncəvi adına "Qızıl" medala layiq görülmüşdür.

Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru, ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki dünyaşöhrətli alim Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaradılmışdır.

Mehparə ƏLİYEVA,

"Respublika".