Suqovuşanda avarçəkmə üzrə
İdman

Suqovuşanda avarçəkmə üzrə "Prezident kuboku-2022" turnirinin təntənəli açılış mərasimi olub

Mayın 6-da Suqovuşan qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə, kayak və kanoe üzrə "Prezident kuboku-2022" reqatası start götürüb.

AZƏRTAC xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış olan reqatanı gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxətdinova, MOK-un baş katibi Azər Əliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar izləyiblər.

Reqatanın təntənəli açılış mərasimində çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov turnirin önəmini vurğulayaraq deyib: "Otuz il işğal altında qalmış doğma Qarabağımıza həyat qayıdır. Biz buranı cənnətə çevirəcəyik. Bu gün Qarabağımıza həyat qayıdır. Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri görülür. Biz bütün dünyaya göstəririk ki, Azərbaycan xalqı yaradıcı və qurucu xalqdır".

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 il işğal altında qalan cənnət Qarabağımızı azad etdiyini bildirib: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı ərəfəsində Suqovuşana səfər zamanı avarçəkənlərin Qarabağda ilk təlim-məşq toplanışını izlədilər. Hər birimiz üçün böyük qürur hissi verir ki, bu gün biz azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını da təşkil edirik".

V.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana və idmançılara xüsusi diqqət və qayğısının nəticəsi kimi, ölkəmizdə idmanın digər növləri ilə yanaşı, avarçəkmə də inkişaf edir. Federasiyamız bu etimadı hər zaman doğrultmağa çalışacaq. Bir daha iştirakçı ölkələrin nümayəndələrinə, idmançılara və qonaqlara "Xoş gəlmisiniz!" deyirik. Qoy, həmişə ən güclü qalib olsun!".

Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, Gürcüstan Kanoe Federasiyasının prezidenti Zaza Nadiradze Azərbaycanın işğaldan azad etdiyi əzəli torpaqlarında belə nüfuzlu yarışın qısa müddətdə yüksək səviyyədə təşkilinə və yarışlarda iştiraka dəvətə görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov "Prezident kuboku-2022" turnirinin keçirilməsinin önəmini vurğulayaraq, tarixi torpaqlarımızın işğaldan azad olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsl qəhrəmanlıq salnaməsi yaradan Azərbaycan Ordusunun rəşadətini xüsusi vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. Bu nüfuzlu turnirin davamlı olacağına əminliyini bildirən nazir yarışı açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra reqataya start verilib.

Açılış mərasimi bədii hissə və xüsusi su şousu ilə davam edib. İştirakçı ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistanın bayraqları ilə bəzədilmiş hidrosikllər Suqovuşan su anbarında dövrə vurublar. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub. Sonra Azərbaycanın bayrağı rəngində hava şarları səmaya buraxılıb. Fleybordların çıxışı isə qonaqlar tərəfindən maraqla qarşılanıb.

Reqatanın birinci günündə yarışlar Suqovuşan su anbarında keçirilib. Yarışlara Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. Onlar birnəfərlik kanoe, birnəfərlik və ikinəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 və 500 metr məsafələrə yürüş ediblər. Yarışların birinci günündə Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.

Reqataya mayın 7-də Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq. "Prezident kuboku-2022" turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən, su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

AZƏRTAC