Surac Sadıqovun xatirəsi ehtiramla  anılıb  
Region

Surac Sadıqovun xatirəsi ehtiramla  anılıb  

Biləsuvar  rayonunda  Vətən  müharibəsində  şəhidlik  zirvəsinə  ucalan  igid  oğullarımızdan  biri  Sadıqov  Surac  Ədalət  oğlunun  doğum  günü  qeyd  olundu.   Biləsuvar   Rayon  İcra  Hakimiyyətinin  başçısı  Faiq  Qürbətov,  hüquq-mühafizə  orqanlarının  rəhbərləri   və   şəhidin  yaxınları  tərəfindən  Suracın  məzarı  ziyarət  edildi.  Mərasim  iştirakçıları  şəhidin  məzarı  üzərinə  gül-çiçək  dəstələri  düzərək  ruhuna  ehtiramlarını  ifadə  edib,  şəhidimizə  Allahdan  rəhmət,  ailəsinə  səbir  dilədilər.

Surac  Sadıqov  2001-ci  il  iyul  ayının  15-də   Biləsuvar  rayonunun   Ağalıkənd   kəndində    anadan  olub. Surac  Sadıqov  həqiqi  hərbi  xidmətini  yerinə  yetirərkən  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü uğrunda  27  sentyabr  2020-ci il  tarixdə  başlayan  Vətən  müharibəsində  iştirak  etmiş  və  düşmən hücumunun  qarşısını  alarkən  qəhrəmancasına  şəhid  olmuşdur. Şəhid  Surac  Sadıqov  11 oktyabr  2020-ci il tarixində  doğulduğu  Biləsuvar  rayonu,  Ağalıkənd  kənd qəbiristanlığında  dəfn  olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  sərəncamları  ilə  Surac    Ədalət  oğlu  Sadıqov  ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü"  və "Suqovuşanın  azad  olunmasına  görə"  medalları ilə təltif edilmişdir.

Mərasimdə  qəhrəman şəhidimizin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı  oldu.   Şəhidin  ailə  üzvləri  ilə  görüşən  RİH  başçısı  Faiq  Qürbətov  Surac   bizim  aramızda  olmasa  da,  onun  daim  qəlbimizdə  yaşayacağını  və  döyüş  meydanında   qəhrəmanlığı  ilə  yaddaşımıza  əbədi  yazıldığını  vurğuladı.


           Ərəstun   ABDULOV,

        “Respublika”.