Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir
Türk dünyası

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir

Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlər qardaşlıq prinsipləri üzərində qurulub və tarixin sərt sınaqlarından üzüağ çıxaraq bugünkü zirvəyə ucalıb.

Tarix də təsdiqləyir ki, hər iki ölkə dar gündə də, şad gündə də hər zaman bir yerdə olub. Bunu şərtləndirən amillərdən ən başlıcası isə eyni soya, eyni kökə və dilə malik olmağımızdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə türk qardaşlarımızın bizim köməyimizə yetişməsi hamıya məlumdur. Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad etdi. Tarixdən o da məlumdur ki, Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı öz doğma qardaşlarına dəstək olmuşlar. Azərbaycan xalqının xeyriyyəçi övladları Anadoluda Milli Mübarizə Hərəkatına maddi və mənəvi kömək göstərmiş, könüllü olaraq yüzlərlə azərbaycanlı döyüşlərdə iştirak etmiş, böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşlar. Bütün bunlar bizim qardaşlıq münasibətlərimizin tarixi köklərinin sıx bağlılığının nümunəsidir.

Azərbaycanın haqq işində - 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və vətəndaşlarının bizə göstərdiyi mənəvi dəstəyə dünya şahid oldu. Müharibə başlayan gündən sona qədər ürəkləri Azərbaycanla birgə döyündü. Ərazilərimiz işğaldan azad olunanda Türkiyənin hər yerində bu xəbər bayram sevinci ilə qarşılanırdı.

Bu gün əlaqələrimizin bu səviyyəyə çatmasında türk dünyasının iki dahi oğlu - möhtərəm Prezidentimiz İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri danılmazdır. Məhz onların sayəsində Azərbaycan-Türkiyə əlaqələri günü-gündən bütün sahələri əhatə etməklə inkişaf edir. 15 iyun 2021-ci il tarixində mədəniyyət beşiyimiz olan Şuşa şəhərində imzalanan Bəyannamə tarixi önəm daşımaqla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini müəyyənləşdirir və bütün müstəvilərdə davamlı inkişafı təmin edir. Həmçinin, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Şuşa Bəyannaməsi  ilə rəsmən müttəfiqlik zirvəsinə ucalan əlaqələrimiz beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Burada əsas məqsəd ümumi maraqların müdafiəsi, bölgədə sülhün və təhlükəsizliyin qorunması, tərəflərin imkanlarının birləşdirilməsi, regional və qlobal əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vahid şəkildə fəaliyyət göstərməkdir. Təbii ki, bu, hər iki dövlətin milli maraqlarına tam cavab verir.

Siyasi, iqtisadi, ideoloji, humanitar, hərbi, mənəvi və digər sahələrdə əməkdaşlığımızı ehtiva edən Şuşa  Bəyannaməsinin Qars müqaviləsinin yüz illiyində, Milli Qurtuluş Günündə Şuşa şəhərində bağlanması tarixi həqiqətlərdən doğan gerçəklikdən xəbər verir. Türkiyə-Azərbaycan qardaşlığı bütün bölgədə sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, regionun iqtisadi inkişafı üçün, ilk növbədə yeni perspektivlər açır.

Səttar MÖHBALIYEV,

 Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.