Şuşa Bəyannaməsi bölgədə sülhə və inkişafa xidmət edəcək
Digər xəbərlər

Şuşa Bəyannaməsi bölgədə sülhə və inkişafa xidmət edəcək

Xalqımızın otuz ilə yaxın ən ağrılı problemi olan Qarabağ münaqişəsi ötən ilin payızında öz həllini tapdı: möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz təcavüzkar Ermənistanın işğalçı qüvvələrini ağır məğlubiyyətə uğradaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu, həm də beynəlxalq əhəmiyyətli hadisə idi: Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına yerinə yetirərək, mövcud münaqişənin hərbi-siyasi vasitələrlə həllinin mümkünlüyünü sübuta yetirdi. Beynəlxalq güclər Ermənistanın işğalçılıq siyasətinə son qoymaq istəmir, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu çərçivəsində aparılan danışıqlar yalnız status-kvonun müddətsiz saxlanmasına xidmət edirdi. Son iyirmi yeddi ildə ictimai-siyasi sabitlik şəraitində hərtərəfli dinamik inkişaf yoluna çıxan, bütün sahələrdə məqsədyönlü dövlət siyasəti həyata keçirən Azərbaycan bu müddətdə güc toplayaraq, beynəlxalq hüquq, ədalət prinsipləri əsasında və yalnız öz gücü ilə tarixi torpaqlarını işğaldan qurtardı.

İqtisadiyyatındakı problemlərə, hərbi gücünün yetərsizliyinə baxmayaraq, Ermənistanın barışmaz davranış nümayiş etdirməsi, müxtəlif vaxtlarda hərbi təxribatlar törədərək gərginliyi artırması bu təcavüzkar dövlətin sülhə gəlməyəcəyini göstərirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidəki oyuncaq rejimin “parlament”ini Şuşaya köçürmək barədə sərsəm qərarı təkcə Azərbaycanda deyil, ümumən, türk dünyasında qəzəb və hiddət doğurmuşdu. Çünki Qarabağın incisi olan Şuşa nəinki Azərbaycan, həm də türk dünyası üçün çox önəmli şəhərdir: 44 günlük Vətən müharibəsinin kulminasiyası da məhz Şuşanın erməni işğalından azad edilməsi oldu. Bu möhtəşəm qələbədən iki gün sonra, 2020-ci il noyabrın 10-da Ermənistan təslim olmaq barədə sənədi - məlum üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələnən müharibədə Türkiyənin siyasi-mənəvi baxımdan mühüm rol oynadığı bəllidir. Bununla da keçmiş sovet coğrafiyasında baş verən qarşıdurmada təkcə Rusiyanın deyil, başqa bir gücün də nəticələri təyin etmək imkanına sahib olduğu ilk dəfə sübuta yetirildi.

Türkiyənin dəstəyi Ankara-Bakı əlaqələrinin inkişafına daha da böyük töhfə verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il dekabrın 10-da paytaxtın Azadlıq Meydanında keçirilən Zəfər Paradında iştirak etməsi bunun parlaq təzahürü oldu. İki qardaş ölkənin liderləri möhtəşəm hərbi paradı birlikdə izlədilər və bölgənin gələcəyi üçün konstruktiv təkliflər verdilər.

Bu il iyunun 15-də, xalqımız üçün çox önəmli olan Milli Qurtuluş Günündə Türkiyə Prezidentinin Şuşaya səfəri zamanı imzalanan Bəyanat və verilən açıqlamalarla iki lider, geniş mənada, bölgənin gələcəyi üçün irəli sürdükləri layihələrin icrasında israrlı olduqlarını bir daha vurğuladılar. Mərasimdə dünyaya verilən əsas mesaj ondan ibarət oldu ki, indi Azərbaycanın ərazi bütövlüyü təmin olunur və “Bir millət, iki dövlət” düsturu yaddaşa əbədi həkk ediləcəkdir.

Əslində, Türkiyə-Azərbaycan münasibətlərində tarixi, mədəni, sosial və digər amillər ön planda olsa da, son 15 ildə Türkiyənin hərbi baxımdan xarici asılılığının azaldılması, müdafiə sənayesində ciddi irəliləyişlərə nail olması, daha aktiv regional və qlobal xarici siyasət yeritməsi və Azərbaycanın da tarazlı xarici siyasət çərçivəsində oxşar strategiyanı həyata keçirmək səyləri ikitərəfli hərbi əlaqələrin keyfiyyətini daha da artırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Qarabağa səfəri ölkələrimiz üçün müstəsna əhəmiyyətə malikdir. Səfərin ikitərəfli münasibətlər baxımından mənası, Azərbaycanın mədəni paytaxtı olan və 28 illik erməni işğalından sonra azad olunmuş Şuşanı da əhatə etməsidir. İki il əvvəl, Ermənistan baş naziri Paşinyanın Şuşaya təxribatçı səfəri və orada Cıdır düzündə rəqs etməsi dövlətimizin başçısı və xalqımız tərəfindən kəskin reaksiya ilə qarşılanmışdı.

2021-ci il iyunun 15-də işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş və dost dövlətin gələcək çoxşaxəli, birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Bu tarixi sənəddə bir çox mühüm məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, xüsusilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb.

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün Naxçıvandan Bakıya gəldiyi 1993-cü ilin 15 iyununun müasir tariximizə Milli Qurtuluş Günü kimi yazılması və 28 ildən sonra məhz həmin gündə Qarabağ bölgəsinin ən dəyərli məkanı sayılan Şuşada belə bir vacib Bəyannamənin imzalanması arasında rəmzi bir əlaqə vardır. Bu Bəyannamə xalqımız və dövlətimiz üçün yeni bir dövrün başlanğıcıdır.

İmzalanma mərasimi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağını bildirdi. Bu addım bir daha bütün dünyaya Qarabağın Azərbaycan ərazisi olduğunu və Ankaranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirdi. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orada bir çox önəmli məsələlərin öz əksini tapdığını bildirdi.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının və Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad edərkən göstərilən mənəvi, siyasi, texniki və digər bir çox dəstəyin davam edəcəyinin, prosesin geri çevrilməsinə icazə verilməyəcəyinin bir simvolu olaraq vacibdir. Bəyannamənin adı, məzmunu və imzalanma yeri onun mahiyyətini və nəticələrini açıq şəkildə göstərir. Bu tarixi sənəd təkcə Türkiyə-Azərbaycan münasibətləri üçün deyil, bölgənin gələcəyi üçün də çox vacibdir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında “müttəfiqlik” sözünün yazıldığı ilk sənəd olduğu üçün də çox vacibdir. Bəyannamənin giriş hissəsində, eyni zamanda, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq qalmağın və ümumi maraqlara əsaslanan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsinin zəruriliyinin vurğulamasının mühüm əhəmiyyəti vardır.

Şuşa Bəyannaməsi ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırsa da, Qarabağ münaqişəsindəki 44 günlük müharibədən əvvəlki dövrə və ümumilikdə bölgədə yeni bir təcavüzə qayıtmaq səylərinə icazə verilməyəcəyinin zəmanətidir. Burada “bir millət - iki dövlət”in ruhu, tərəflərin beynəlxalq və regional təşkilatlar çərçivəsində bütün vacib məsələlərdə və bütün platformalarda bir-birilərini tam dəstəkləyəcəkləri əks olunub.

Azərbaycan Prezidenti İlham Əliyev imzalanan Bəyannamə sayəsində münasibətlərin ən yüksək səviyyəyə çatdırıldığını, yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı, gələcək münasibətlər üçün zəmanət olduğunu, müdafiə sahəsindəki əlaqələrə və Zəngəzur dəhlizinə mütləq tətbiq olunacağını vurğulayıb.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Bəyannamədə vurğulanan bir başqa məqam da türk dünyasına istinad olunmasıdır. Belə ki, tərəflər türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklərini bəyan ediblər.

Şuşa Bəyannaməsində nəqliyyat dəhlizlərinə də diqqət çəkilir. Qeyd edək ki, bu məsələ Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə Bəyannaməsində də öz əksini tapıb. Azərbaycanı Türkiyə ilə, ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəkdir.

Naxçıvan-Qars dəmir yolunun tikintisi Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat üçün vacibdir. Bu vəziyyət, Ədirnədən Çin sərhədinə qədər bütün Orta Asiya dövlətləri ilə Azərbaycan üzərindən yeni və güclü nəqliyyat şəbəkəsinin yaranması deməkdir. Zəngəzur dəhlizinin açılması və Naxçıvan-Qars dəmir yolunun inşasının sürətləndirilməsi yolu ilə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi nəzərdə tutulur.

Bütün bunlara əlavə olaraq, Şuşa Bəyannaməsində iqtisadi əlaqələrin gücləndirilməsi, ixracatın şaxələndirilməsi, ümumi istehsal sahələrinin və sərbəst hərəkət üçün lazımi mexanizmlərin yaradılması kimi hədəflər də qoyulmuşdur. Yenə də Bəyannamədəki vacib məsələlər arasında 1915 hadisələri ilə bağlı arxivlərin açılması, tarixçilər tərəfindən aparılan araşdırmalara dəstək verilməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi və dünyanın müxtəlif ölkələrində Türk-Azərbaycan diasporları arasında əlaqələrin inkişafı kimi gözləntilər var.

Bütün bunlar Türkiyə ilə Azərbaycanın ortaq strateji hədəflərinin olduğunu sübut edir. Əslində, yuxarıda göstərilənlərdən də aydın olduğu kimi, Türkiyə ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm bir körpü olacaqdır. Şuşa da tarixi missiyasına və geosiyasi mövqeyinə görə bu marşrutda mühüm bir sütuna çevriləcəkdir. Ankara-Bakı xəttindəki münasibətlərə əhəmiyyətli dərəcədə təkan verəcək Şuşa Bəyannaməsinin regional və qlobal təhlükəsizliyə xidmət edəcəyini söyləmək olar. Bu vəziyyət yalnız iki ölkə üçün deyil, bütün regional dövlətlərə böyük iqtisadi fayda verəcəkdir.

Şuşa Bəyannaməsi artıq Türkiyə-Azərbaycan əməkdaşlığının əldə etdiyi nöqtəni göstərən deyil, bundan sonra da izləniləcək yol xəritəsini ortaya qoyan mühüm sənədlərdən biri kimi tarixə düşüb.

Elşən ABDULLAYEV,

Ucar rayon prokuroru, baş ədliyyə müşaviri.