Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur
Sosial həyat

Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur

Yaxın aylarda daha 3 yarımstansiya da tikiləcək

Şuşa şəhərində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhəri qısa müddətdə elektrik enerjisi ilə təmin edildi. Bundan sonra şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün plan hazırlandı.

"Azərişıq" ASC-nin Qarabağ Regional Enerji Təchizatı Satışı İdarəsinin Şuşa Elektrik Şəbəkəsinin baş mühəndisi Hüseyn Vəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra "Şuşa" yarımstansiyasından iki 10 kV-luq hava xətti çəkilib. Yayda görülən işlər nəticəsində qış mövsümünün soyuq, qarlı olmasına baxmayaraq, Şuşa şəhərində elektrik verilişində problem olmayıb. Abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

Şuşa şəhərində 35/04 kVt-luq 6 transformator məntəqəsi inşa olunub. Onlardan 1 nömrəli transformator məntəqəsi istifadəyə verilib. Transformator məntəqəsində 2 ədəd 2500 KVA-lıq transformator yeraltı 35 kV-lıq kabellə qidalanır. Ətrafdakı transformator məntəqələrinin hamısı 1 nömrəli transformator məntəqəsinə yüklənib. Burada müasir SCADA dispetçer idarəetmə sistemi tətbiq edilib. Qarşıdakı aylarda digər 3 yarımstansiyanın da tikintisinə başlanacaq. 35/04 kVt-luq bu transformator məntəqələri işə qoşulandan sonra 10 kV-luq hava xətləri ləğv olunacaq. Ancaq yeraltı kabellərdən istifadə ediləcək.

Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Müasir SCADA dispetçer idarəetmə sisteminin tətbiq edilməsi şəbəkənin idarəetmə imkanları genişlənir.

Texniki istehsal şöbəsinin mühəndisi Nicat Xankişiyev bildirib ki, SCADA sistemi ilə şəbəkədə əməliyyatların aparılması və idarə olunmasını yerinə yetirmək mümkündür. Şəbəkədə baş verə biləcək hər hansı nasazlıqlar barədə məlumat birbaşa mərkəzi dispetçer xidmətinə ötürülür. Bu sistemin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir, onu son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur.

AZƏRTAC