Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi internet saytının təqdimatı olub
Digər xəbərlər

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi internet saytının təqdimatı olub

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi internet saytının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və digər ictimaiyyət nümayəndələri iştirak edib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, İdarə yaradıldığı gündən etibarən, Prezidentin müvafiq tapşırığına uyğun olaraq şəhərdə bərpa işləri ilə yanaşı, müasir infrastruktur binalarının inşası davam edir. Şəhərin tarixi görünüşünün qaytarılması istiqamətində müvafiq işlər görülür. M.Abbasov 2022-ci ilin "Şuşa İli" elan olunmasını xüsusi vurğulayaraq, bu il Şuşanın yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyini deyib. Qeyd edib ki, bu baxımdan, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi www.shusha.gov.az internet saytının istifadəyə verilməsi şəhərə gələn qonaqlar və Şuşanın tarixi ilə maraqlanan şəxslər üçün faydalı olacaqdır.

Saytda Şuşanın tarixi, görülməli yerləri, tarixi şəxsiyyətləri barədə məlumatlar yer alıb, şəhərin tanınmış yerləri - Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Vaqifin muzey-məqbərəsi kompleksi, dahi Bülbülün ev-muzeyi və digər binalar haqqında məlumatlar əks olunub. Saytda, həmçinin Şuşa şəhərində baş verən ən son xəbər və yeniliklər barədə məlumatlar daim yenilənir. Xaricdə yaşayan həmvətənlərimiz və əcnəbi vətəndaşların rahatlığı üçün saytdan istifadə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. "Əlaqə" bölməsi vasitəsilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əlaqə saxlamaq və məktub bölməsinə yazaraq müraciət etmək mümkündür.

Təqdimatın sonunda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına xidməti vəsiqələr təqdim olunub.

AZƏRTAC