Şuşa  şərəf və fəxarət yerimiz
Siyasət

Şuşa  şərəf və fəxarət yerimiz

44 günlük Vətən müharibəsi başladığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra hər kəs həyəcanla Şuşanın azad olunması xəbərini gözləyirdi. Hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibələrdə bu məsələyə toxunaraq demişdir: "Şuşasız bizim işimiz yarımçıq qalar". Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i tariximizə şanlı zəfər günü kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərdi. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı.

Şuşa şəhərinin azad edilməsi ordumuzun yüksək hazırlığı, qələbəyə olan dərin inamı, qəhrəmanlıqları ilə qazanıldı. Şuşada heç bir iriçaplı döyüş sursatlarından istifadə edilməyib, sadəcə yaxın döyüşlərlə, əlbəyaxa, bıçaq və yüngül silahlarla şəhər azad olundu. Hərbçilərimiz sıldırım qayalıqlardan, düşmənin gözləmədiyi istiqamətlərdən həmlələrlə düşməni məğlub etdi.

Ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur". Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi.

28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə ölkə başçımız İlham Əliyev Şuşanı belə dəyərləndirdi: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Prezident İlham Əliyev Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili "Şuşa İli" elan etmişdir. Bu qərar dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh və iftixar hissi ilə doldurdu. 2022-ci ilin "Şuşa İli" elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.

Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya Füzulidən yüksəkgərginlikli elektrik xətləri çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi təmin olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi.

Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş Planı hazırlandı, görkəmli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarıldı. Bülbülün ev-muzeyi və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışı, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Şuşanın azad olunması bütün torpaqlarımızın azadlığı demək idi. Şuşa döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərdi. Xüsusi təyinatlılarımızın peşəkarlığı və mərdliyi bütün dünyaya səs saldı. Peşəkar, ən yeni silahlarla silahlanmış Azərbaycan Ordusu misli görünməmiş şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Şübhə yox ki, gələcək hərb dərsliklərində bu əməliyyata xüsusi yer veriləcək. Hətta bir çox ölkələrin aparıcı hərbi mərkəzləri Şuşa döyüşlərinin sirlərini açmaq üçün araşdırmalar aparır, dünyanın XXI əsrdə belə döyüşlərə şahidlik etmədiklərini söyləyirlər.

Şuşada müxtəlif əhəmiyyətli tədbirlərin keçirilməsi həm də dünyada erməni uydurmasının, erməni diasporunun illərlə Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda dünyada apardığı təbliğatı iflasa uğratdı. Məhz bu səbəbdən də, 2022-ci ilin "Şuşa İli" elan edilməsi qərarını sosial sifariş kimi qəbul etmək olar. Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görür. Keçirilən toplantılar, forumlar, konfranslar dünya ictimaiyyətinə bir daha çatdırır ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan qədim yaşayış məskənidir. Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Əbəs yerə Şuşa "Şərqin konservatoriyası" adlandırılmayıb.

İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi möhtəşəm hadisədir. Bu, ölkəmizin şanlı tarixinin qızıl salnaməsidir. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq. Bu il keçirilən parlaq və təntənəli tədbirlər - festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq. Hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhərə tez-tez səfərlər təşkil olunur, o cümlədən xarici qonaqlar üçün. Şuşa yenidən öz əzəmətinə qayıdır və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri izləyir.

Şuşa milli qürurumuzun, mənliyimizin özüdür. Artıq Şuşada Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı bərpa olundu. 29 ildən sonra 2022-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı baş tutdu. Bundan sonra hər il "Xarıbülbül" festivalı Şuşada keçiriləcək. Bu festival bir daha Şuşanın mədəni-mənəvi baxımdan Azərbaycanın ayrılmaz parçası, xalqımızın tarixi şəhəri olduğunu göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 29 sentyabr 2022-ci ildə Şuşaya növbəti səfəri çərçivəsində Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Bütün görülən işlər, həyata keçirilən kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar öz doğma yurdlarına tezliklə qayıdacaqlar.

Əli SADIQOV,

"Respublika".