Şuşa - tarixi Qələbənin, Zəfərin zirvəsi
Digər xəbərlər

Şuşa - tarixi Qələbənin, Zəfərin zirvəsi

İnsanlar kimi şəhərlərin də taleyi var. Sıldırım qayaların üstündə, dağların sinəsində şüşə kimi bərq vuran, uca yaradanın yer üzünə bir ərməğanı, Qarabağın incisi, təbiətin möcüzəsi Şuşa şəhərinin taleyi çox keşməkeşli olub, dəfələrlə yadellilərin hücumlarına məruz qalıb, işğal altına düşüb, həm də bu qalaya çoxlarının gözü düşüb. Əcdadlarımızın ruhu hopmuş bu yurd yerimiz bütün zərbələrə baxmayaraq, mənəvi dəyərlərimizə hakim kəsilib. Tariximizin bir parçası olan Şuşanın dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarıbülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki üstünə bülbül qonub və oradaca donub qalıb. Bu gül Vətən eşqinin, torpaq məhəbbətinin, mənəvi gücümüzün, ruhumuzun simvolu hesab olunur. Təbii relyefinə və qəlbimizdəki yerinə görə Şuşa ən ucalarda yerləşir.

Taleyindən və tarixindən qara yellər əsmiş Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan yadellilərin aramsız hücumlarından qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı müharibələrdən qoruya bilməyib.

Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası təhlükəsizlik tələblərinə tam cavab verdiyindən, Pənahəli xan şəhəri burada salmaq haqqında qərar verib. Elə şəhərin əvvəlki adı da Pənahabad adlandırılıb. Qarabağ xanlığı rus-fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə XIX əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib. Bütün bu ziddiyyətlərə baxmayaraq, Şuşa şəhəri zəngin inkişaf yolu keçərək Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

İstər xanlıq və istərsə də sovet dövründə şəhər əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olub. Tarixi mənbələrə görə, rus imperiyası dövründə Qarabağın demoqrafiyasını dəyişmək üçün 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisi bu yerlərə köçürülüb. XIX əsrdə Şuşada azərbaycanlılarla yanaşı, az da olsa ermənilər də yaşayıb. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. O illərdə Şuşada Dövlət Dram Teatrı, Şuşa televiziyası, Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, dörd texnikum, iki institut filialı, texniki peşə məktəbi, 25 orta məktəb, orta və orta ixtisas musiqi məktəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, uşaq sanatoriyası, uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərib. Şuşa şəhəri təbiəti, saf havasına görə və müalicə əhəmiyyəti baxımından keçmiş sovet dönəmində kurort şəhəri olub və insanlar buraya müalicə almağa və dincəlməyə gəliblər.

Şuşa şəhəri XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırıblar. Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliyyət göstərib. Bakıdan 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rəsmi məlumata görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və ya girov götürülüb. İşğal nəticəsində 22 min nəfərə yaxın azərbaycanlı məcburi köçkün düşüb. Şuşanın işğalı ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" kimi qəbul olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşa haqqında dediyi, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibi olublar və Qarabağda Azərbaycan torpağının qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur, - sözləri sanki, gələcək nəsillər üçün bir vəsiyyət idi.

Vətən müharibəsinin ilk günlərindən əldə edilən qələbələr onu göstərirdi ki, silahlı qüvvələrimizin hərbi gücü qarşısında düşmən nə qədər müqavimət göstərsə də hər qarış torpaq uğrunda igid oğullarımız qanından və canından keçirdi. 2020-ci il oktyabrın 16-da qardaş Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində aparılan döyüşlər haqqında danışan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirdi ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir. Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Şuşanın erməni işğalından azad edilməsindən iki il keçir. 28 ildən artıq müddətdə erməni işğalı altında inildəyən Şuşa şəhəri rəşadətli Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı sayəsində əsarətdən qurtuldu. Müzəffər Azərbaycan Ordusu Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də misilsiz bir qələbəyə, sözün əsl mənasında, tarixi bir Zəfərə nail oldu. Qəhrəman oğullarımızın dağı, daşı, sıldırım qayaları, ucu-bucağı görünməyən meşələri qət edərək qalaya daxil olması, əlbəyaxa döyüşlərdə erməni faşizmini məğlub etməsi düşməni və onların havadarlarını, sözün əsl mənasında, şoka saldı. Hələ də ayılmayıblar... Şuşa qədim qala divarları ilə öz xilaskarlarını düşmən güllələrindən, mərmilərdən qorudu, onlara səngər oldu, igid oğullarımıza qucaq açdı. Şuşa torpaqlarımızın işğalçılardan azad edilməsində əldə olunan Qələbənin zirvəsinə çevrildi. Bu tarixi qələbə xalqımızın şərəfini, qürurunu, mənəviyyatını, haqq səsini bütün dünyaya nümayiş etdirdi. Şuşanın hər daşı özü boyda bir tarixdir, salnamədir, təbii muzeydir.

2021-ci il iyun ayının 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilən qədim Şuşa şəhərinə səfəri Türkiyə-Azərbaycan əlaqələrinin tarixində unudulmaz bir gün oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və qardaş Türk Cümhuriyyətinin Prezidenti Ərdoğanın Şuşada keçirdikləri mətbuat konfransı son iyirmi il ərzində Türkiyə və Azərbaycanın dünya miqyasında müttəfiqlik münasibətlərinin zirvəsinə çevrildi. Qarabağın ürəyi, Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanan Şuşa bəyannaməsi əldə edilən qələbənin və ədalətin bərpa edilməsinin sarsılmaz olduğunu bir daha göstərdi. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu.

Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilib. Bu münasibətlə Şuşada bir çox mədəni tədbirlər keçirilib. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr həyata keçirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, muğam festivalının yekun konsertinin keçirilməsi, əcnəbi diplomatların, jurnalistlərin, blogerlərin, səyyahların Şuşaya səfərlərinin təşkil edilməsi göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşacaq.

Haradan baxsaq da, harada dayansaq da Şuşa hər yerdən hündür görünür. Şuşa tarixi Qələbənin və Zəfərin zirvəsidir!

Salman ALIOĞLU,

"Respublika".