“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
Mədəniyyət

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi

Mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirildi.

Mədəniyyət Nazirliyinin məlumatında bildirir ki, təntənəli mərasim “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Şuşa şəhərində gerçəkləşdi

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüraliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və türk dövlətlərindən rəsmilər, incəsənət ustaları və kollektivləri iştirak edib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada salamlamaqdan məmnunluğunu dilə gətirdi. Bildirdi ki, bu il Azərbaycan və türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngindir. Belə ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri, türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi geniş təntənə ilə qeyd olunur və bununla əlaqədar 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş, Türkiyə Cumhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi türk dünyasında böyük təntənə ilə qeyd olunur.

Nazir qeyd etdi ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi türk dünyası tərəfindən Şuşaya olunan xüsusi ehtiramın təzahürüdür.

Sonda TÜRKSOY-un mükafatları təqdim olundu və konsert proqramı təqdim edildi.

Əli SADIQOV,

“Respublika”.