Şuşada bir çiçək var...
Region

Şuşada bir çiçək var...

Hava soyuqdur, Şuşaya qar yağır, qədim qala divarları, Yuxarı Gövhər ağa məscidinin minarələri, ağaclar, küçələr ağ örpəyə bürünüb. Qürurverici mənzərədir, qara və soyuğa baxmayaraq, erməni işğalı dövründə Şuşaya vurulan yaralara məlhəm qoyulur, qədim şəhər yenidən qurulur və bərpa edilir. Torpağın üstünü bəzəyən qarın gətirdiyi həzinlik içərisində Şuşada bitən bir çiçək haqqında düşünürəm. O çiçəyin adı Xarıbülbüldür.

Sıldırım qayaların üzərində, zirvəsi göylərə dəyən dağların ətəyində, təbiətin heyrətamiz gözəlliyi qoynunda, qədim tariximizin yadigarı Şuşa şəhəri ikinci həyatını yaşayır. Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, möhtəşəmliyi insanları heyran edir, bu yerlərin gözəlliyinə rəng qatan flora və faunası həyat mənbəyidir.

Təbiətin yaşıl "ciyəri" adlandırılan meşələr, yaşıllıqlar quşların sığınacaq yeri, insanların mənalı istirahət guşəsi, qələm və fırça ustalarının ilham mənbəyi olub. Sanki, ana təbiət bu torpaqlardan heç nəyi əsirgəməyib, yeraltı sərvətləri tükənməz xəzinə olduğu kimi, yerüstü sərvətləri də canlı və zəngin təbiət muzeyidir.

Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınıb. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur olub. Keçmiş sovetlər birliyinin ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya gələn turistlərin ən sevimli məkanlarından biri də əvəzsiz və füsunkar təbiətə malik əfsanəvi Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Əhalinin və turistlərin əsas istirahət yerlərindən olan Cıdır düzündə XX əsrin 80-ci illərində may ayında "Xarıbülbül" beynəlxalq mahnı festivalı keçirilirdi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən, eləcə də Azərbaycanın və dünyanın heç bir yerində bitməyən "Xarıbülbül" adlı çiçək bitir. May-iyun aylarında çiçəkləyir. Bu nadir çiçəyə ən çox Cıdır düzündə, Topxana meşəsində, Üçmıxın zirvəsində, dağ yamaclarında, çay kənarlarında rast gəlinir. Bu endemik çiçək həm gözəldir, həm də müalicəvidir. Keçən il mayın 12-13-də hər bir azərbaycanlı üçün əziz məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən "Xarıbülbül" musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm "Xarıbülbül" musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də bir cavab oldu. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.

Ötən il avqustun 29-30-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər keçirildi. Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu, erməni vandalizminə məruz qalmış şairin öz evinin yerində büstü yenidən ucaldıldı. Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində bərpa işlərinə başlanılıb. Vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış dahi Bülbülün Şuşa şəhərindəki ev-muzeyi bərpa edilib. 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra 2021-ci il avqustun 30-da Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olundu. Muğam festivalının səsi Cıdır düzündən bütün Qarabağa yayıldı.

Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. "Şuşa İli"ylə bağlı ilboyu respublikamızın bütün bölgələrində, təhsil və mədəniyyət ocaqlarında mədəni-kütləvi tədbirlər keçirilib, kitablar nəşr edilib, sənədli filmlər çəkilib, "Xarıbülbül" döş nişanları buraxılıb. Şuşada ən böyük tədbir, ən qürurverici mənzərə noyabrın 8-də Zəfər Günündə keçirilən hərbi parad oldu. Müzəffər ordumuzun möhtəşəm addım səsləri Qarabağa göz dikən düşmənlərə xatırlatdı ki, bir daha Şuşaya yad nəfəsi toxunmayacaq. Bu qədim qala möhkəm əllərdədir. Həmin gün Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında bütün dünyaya, düşmənlərimizə mesaj verərək bildirdi ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

...Şuşada bir çiçək bitir, adı Xarıbülbüldür, gözəlliyindən doymaq olmur, sehrli bir görkəmi var, elə bil bülbül çiçəyin ləçəyində donub qalıb, ilahi bir eşq əfsanəsi pıçıldayır. Bax, həmin "Xarıbülbül" çiçəyi indi Qələbə rəmzinə çevrilib...

Salman ALIOĞLU,

"Respublika".