Şuşada ilk respublika uşaq tədbiri keçirilib
Sosial həyat

Şuşada ilk respublika uşaq tədbiri keçirilib

İyunun 1-də məktəblilər arasında "Şuşa İli"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən festival-müsabiqənin yekun konserti Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra orada keçirilən ilk respublika uşaq tədbiridir.

Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında təşkil olunub. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edib.

Təhsil naziri Emin Əmrullayev tədbirin Şuşada təşkilinin qürurverici olduğunu qeyd edib. Şəhidlərimizin xatirəsini yad edən, qazilərimizə Allahdan şəfa diləyən təhsil naziri Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Şanlı Ordumuzun qələbəsi sayəsində bu gün gələcəyimiz olan uşaqların azad Şuşada bayramı qeyd etməsini xüsusi vurğulayıb. Nazir çıxışının sonunda bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib. Hər bir vətəndaş üçün dövlət və onun mənafeyinin öndə gəldiyini qeyd edən komitə sədri müsabiqənin gənclərimizin vətənpərvər ruhda yetişməsində oynadığı roldan danışıb.

Konsert proqramında 150-yə yaxın məktəbli çıxış edib, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Tədbirin sərgi hissəsində müsabiqə qaliblərinin rəsm və əl işlərinə baxış keçirilib.

Qeyd edək ki, "Şuşa İli"nə həsr olunmuş festival-müsabiqəyə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənətyönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10 mindən çox istedadlı şagird qatılıb. Müsabiqənin təşkilində məqsəd uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək olub. Həmçinin incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, təhsilalanları vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblilərin asudə vaxtlarını təmin etmək məqsədlər sırasındadır.

AZƏRTAC