Şuşada şəhidlik zirvəsinə ucalan mayor
Sosial həyat

Şuşada şəhidlik zirvəsinə ucalan mayor

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur.

Fərid Ələkbərovun ildönümü ilə əlaqədar şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Yasamal RİH rəhbərliyi və digər şəxslər İkinci Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət ediblər.

Anım mərasimində çıxış edənlər Fərid Ələkbərovun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində onun peşəkar hərbçi və müəllim fəaliyyətindən geniş söhbət açaraq tələbələrinin sevimlisi olduğunu bildirmişlər. Qeyd olunub ki, Fərid Ələkbərov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçmişdir.

Şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şüküfa Hüseynova öz xatirələrini bölüşüblər.

Şəhid mayor Fərid Tahir oğlu Ələkbərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Kamil İSMAYIL,

"Respublika".