Şuşada sonuncu ad günü…
Sosial həyat

Şuşada sonuncu ad günü…

44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq, Azərbaycan xalqına qələbə sevinci yaşadan şəhidlərimizdən biri də Qax rayonunda doğulub boya-başa çatan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayevdir. Müharibənin ilk günündən Şuşaya qədər döyüş  yolu keçib qəhrəmanımız.

Vətəni canı bahasına qoruyan  qəhrəman şəhidimiz Asəf Ağayev 24 noyabr 1993-cü ildə  dünyaya göz açıb. O, 2009-cu ildə  Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur, 2012-ci ildə isə buranı bitirir. 2012-2016-cı illərdə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alır.

5 dil bilən Asəf 2016-cı ildə Ali Hərbi məktəbi bitirərək Xüsusi Təyinatlı Qüvvələrdə  leytenant rütbəsi alaraq xidmətə başlayır. Asəf 2020-ci il sentyabrın 27-dən  Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan  Vətən müharibəsində iştirak edir. Cəbrayılın, Xocavəndin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur.

Vətən müharibəsinin ilk günlərindən başlayaraq, Füzulidən Şuşaya qədər döyüş yolu keçən Asəf üçün ailəsi qurban da kəsmişdi. 16 dekabrda məzuniyyətlə evlərinə qayıtmalı imiş. Amma erməni terrorçuların həyata keçirdiyi təxribat onun yenidən vəzifəsinin başına qayıtmasına səbəb olur. Ailə üzvləri ilə olan sonuncu yazışmasında hələ erməni yaraqlısının Qarabağda qaldıqlarını və onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun dekabrın 16-da geri qayıdacağını gözləsə də, o, 18-də qayıdır, amma şəhid kimi... Asəfin şəhadəti xəbəri hər kəsi çox sarsıdır. Axı o, qalib ordunun müzəffər zabiti idi. Axı Asəf müharibənin odunun-alovunun içindən çıxmışdı. 

Asəf Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonra, Qarabağda antiterror əməliyyatı keçirilərkən  2020-ci il dekabrın 17-də  Xocavənddən Laçın istiqamətində hərəkətdə olarkən iki hərbçi yoldaşı ilə tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Zabitimiz özünün "igidlərin yatdığı yer" adlandırdığı Qax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 Prezident İlham Əliyevin  sərəncamlarına əsasən Asəf Ağayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, ”Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Asəf  2020-ci ilin noyabrın 24-də sonuncu ad gününü Şuşada qeyd edib. Bu barədə şəhidin anası Gülnarə Ağayeva söyləyib ki,  “27 sonuncu yaşı oldu. Hətta orada bir söz işlədib. Tarixlərə düşəsi ad günü keçirirəm deyib”. İndi şəhidimizin ata ocağının hər guşəsindən sanki ailənin yeganə oğul övladı, bir bacının tək qardaşı olan Asəfin xatirələri boylanır. Tək Ağayevlər ailəsi deyil, hər kəs onun dörd divar arasına sığmayan qəhrəmanlığından qürur duyur. 

Atası Abid Ağayev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onun dediklərindən: “Mən oğlumla qürur duyuram. Xüsusi təyinatlı bölmənin zabiti olan oğlum Şuşaya ilk ayaq basan hərbçilərimizdəndir. Asəf torpaqlarımızın erməni işğalçılarından azad olunmasını çox arzulayırdı. Elə bu amal uğrunda, Vətən yolunda qəhrəmancasına vuruşaraq şəhid oldu. Bütün Azərbaycan xalqı belə igid oğullarla fəxr edir, onların ruhu qarşısında baş əyir. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayıram”.

Azərbaycan xalqı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi unutmur, daim yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Asəf kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir.  Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan   xalqının tarixində qəhrəmanlıq salnaməsidir.   

M.MİRZƏ,

“Respublika”.