“ŞUŞANAMƏ” KİTABININ TƏQDİMATI
Region

“ŞUŞANAMƏ” KİTABININ TƏQDİMATI

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Prezident təqaüdçüsü, alim-şair Bayram Ağrıdağın (Apoyev) “Şuşanamə” kitabının təqdimat mərasimi keçirilib.Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin nümayəndələri, şəhər ziyalıları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.Əvvəlcə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.Niyazi Bayramov çıxışında bildirib ki, Şuşa fatehləri və Qarabağ şəhidlərinə həsr olunan “Şuşanamə” kitabı şəhidlərin və müharibə iştirakçılarının xatirəsinin daim əbədi saxlanılması üçün atılan addımlardan biridir. O, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsinin 44 günlük Zəfər tariximizin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Şəhər rəhbəri yazıçı Bayram Apoyevi kitab təqdimatı ilə əlaqədar olaraq təbrik edib, ona yaradıcılığında uğurlar arzulayıb.

Bayram Apoyev 100-dən çox elmi-metodik əsərin, 3 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs və tədris vəsaitinin, 12 metodik vəsaitin müəllifidir. Bayram Apoyevin Nizami Gəncəvinin pedaqoji görüşlərinə həsr olunmuş 5 kitabı işıq üzü görüb. “Şuşanamə” isə müəllifin 6-cı kitabıdır.

Çıxışlardan sonra Gəncə şəhərinin ictimai-mədəni həyatında və mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə müəllifə “Təşəkkünamə” təqdim edilib.

 Zabit XƏLİLOV,

 “Respublika”.