Şuşaya qovuşmaq arzusu ilə qovurulmağa dəyərmiş!
MÜSAHİBƏLƏR

Şuşaya qovuşmaq arzusu ilə qovurulmağa dəyərmiş!

Ömrümdə birinci dəfədir ki, Şuşaya ayaq basıram. Əlbəttə, bu ucalıqda, bu yüksəklikdə duyğulanmamaq mümkün deyil. Bir az da obrazlı desəm, ilham qanad açır. Şuşa bizim xəyallarımızın, 30 ilə yaxın davam edən həsrətimizin şəhəridir. Şuşa nağılvari bir şəhərdir, amma gerçəkdir. Dağların üstündə qərar tutan bu şəhər yəhərsiz-yüyənsiz arzuları daha da qanadlandırır. Şuşanı möhtəşəm edən onun təmiz suyu və havası, təbiəti, dağları, bulaqları deyil, ilk növbədə, onun ölkəmizin tarixində, siyasi həyatındakı yeridir. Bu yüksək dəyərinə görə Şuşada olmağımdan çox xoşbəxtəm.

Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov bu fikirləri AZƏRTAC-a müsahibəsində deyib.

O, "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında iştirakından da məmnunluğunu bildirib: "Bir neçə il bundan əvvəl Şuşaya ayaq basmaq bəlkə də ən fantastik yazıcı qələminin məhsulu ola bilərdi. Nə gözəl ki, xəyallar gerçəkləşib. Şuşaya qovuşmaq arzusu ilə qovurulmağa dəyərmiş! Festival çox maraqlı keçir. Biri-birini əvəz edən möhtəşəm musiqilər, gözəl ifalar unudulmaz təəssürat yaradır. Burada dəyərli musiqi nümunələrini dinlədik. Xüsusilə Fransada yaşayan həmyerlimiz Etibar Əsədlinin ifası mənə çox xoş gəldi. Uzun illər işğal altında olan Şuşada bu cür musiqi festivallarının keçirilməsi bir daha göstərir ki, yenidən mədəniyyət paytaxtına çevrilən şəhər qoynuna qədəm basan hər kəsi öz gözəlliyi, bənzərsizliyi və qeyri-adiliyi ilə heyrətləndirəcək".

AZƏRTAC