SUTƏMİZLƏYİCİ QURĞU İSTİSMARA VERİLİB
İQTİSADİYYAT

SUTƏMİZLƏYİCİ QURĞU İSTİSMARA VERİLİB

Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən layihələrdən biri də turizm potensialına malik Naftalan şəhərində yeni tullantı sutəmizləyici qurğusunun istismara verilməsidir.

Açılış mərasimində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov və digər dövlət rəsmiləri iştirak edib.

 İlk öncə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək, ruhu böyük ehtiramla yad edilib. Sonra tullantı sutəmizləyici qurğusunun təqdimatı olub və kompleksə baxış keçirilib.

Qeyd edək ki, ümumi məhsuldarlığı sutkada 6 min kubmetrə layihələndirilən qurğunun ilkin mərhələdə 3 min kubmetr emal gücü olan birinci mərhələsi inşa edilib. Qurğuya daxil olan suların tərkibindəki bərk tullantılar iri barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə qumtutucu və yağayırıcı kameralarda təmizlənir. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürülür. Bioloji təmizləmədən keçən sular durulducu çənlərdə çökdürülür və lilsusuzlaşdırma binasında susuzlaşdırılır. Ən sonda tullantı suları diskfiltr vasitəsilə təmizlənib zərərsizləşdirilir.

 Zabit XƏLİLOV,

"Respublika".