Tabil Həsənov
Sosial həyat

Tabil Həsənov

Ermənilər torpaqlarımıza təcavüzə başlayan gündən o, qeyrətli kənd gənclərini başına toplayaraq, özünümüdafiə dəstəsi yaratmışdı. Tabili Xocalıda və ona yaxın ərazidə yaxşı tanıyırdılar. Yaşı o qədər də çox deyildi. 32 yaşın içində idi. Amma bu yaşın çərçivəsinə sığmayan əməlləri vardı. Xocalının ən çətin günlərində darda qalanlara, çətin vəziyyətə düşənlərə kömək etmişdi. Kosalar kənd camaatı onun barəsində hər zaman ağızdolusu danışır. Qarabağda başlanan, elan olunmamış müharibə zamanı ermənilərin Dağlıq Qarabağda olan kəndlərə vaxtaşırı olan hücumları, bütün kəndlərdə olduğu kimi, Kosalarda da ərazi özünümüdafiə batalyonunun formalaşmasına səbəb olub. Batalyonun ən fəal üzvlərindən biri olan Tabil Həsənov kəndə olan erməni hücumlarının qarşısının alınmasında, həmçinin bəzi kiçik əməliyyatların aparılmasında xüsusilə fərqlənir.

Tabil Qasım oğlu Həsənov 1960-cı il iyul ayının 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə Qazaxıstan Respublikasında ordu sıralarından tərxis olunaraq doğma kəndinə qayıdır. Elə həmin ildən Kosalar kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlayır.

1991-ci il dekabr ayının 15-də ermənilər dörd tərəfdən Cəmilli kəndinə qəfil hücuma keçirlər. Hər şeydən əli üzülmüş kənd camaatı ümidlə kömək gözləyirdi. Elə bu an Tabil öz dəstəsi ilə əks-hücuma keçir. Düşmən çaşbaş qalaraq geri çəkilməyə məcbur olur. Tabilin cəsarəti sayəsində kənd mühasirədən azad edilir. Bu döyüşdən sonra el arasında ona "Qırxqız qartalı" deyə çağırırlar.

Ermənilərin ikinci hədəf nöqtəsi Meşəli kəndi idi. Cəmillidə ağır zərbə almış erməni yaraqlıları bu kənddə qırğın törətməyə çalışır. Bundan xəbər tutan "Qırxqız qartalı" Tabil Kosalardan Meşəli kəndinə doğru irəliləyir. Döyüş bütün gecə və gündüz davam edir. Kənd düşməndən təmizlənir. Ermənilər Daşaşan istiqamətindən Kosalara yenidən hücum edirlər. Bu ağır döyüşdə 53 erməni yaraqlısı məhv edilir. Tabil özü bu döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə ölümündən sonra Həsənov Tabil Qasım oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. T.Həsənov Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.

"Ermənilər martın 29-da Kosalara bir neçə tərəfdən hücuma keçirlər. Həqiqətən o, çox ağır əməliyyat olur. Yəni, deyərdim ki, Dağlıq Qarabağda nə qədər əməliyyat olubsa, ən ağır əməliyyatlardan biri Kosalara olan hücumdur. Biz dəstələrə bölünüb müxtəlif istiqamətlərdə ermənilərin hücumunun qarşısını almağa çalışırdıq. Qardaşım, Tabil Daşaşan istiqamətində idi. Gecə çox dəhşətli döyüşlər getdi, səhəri bildik ki, bir neçə şəhidimiz var, onlardan biri də Tabil olub. Biz onun meyidini götürmək üçün gedəndə o yanda xeyli erməni cəsədi qalmışdı. Hansı erməni ölüsünün yanında keçdiksə dedilər ki, bunu Tabil vurub. Ermənilərin ən güclü hücumu, Daşaşan və Ağqaya istiqamətində, olmuşdu. O vaxt biz ov tüfəngi ilə kəndin müdafiəsində dururduq. Amma ermənilər dağlıq, təpəlik yerdə 1 km-ə qədər səngər qazmışdılar. Tabil döyüşə-döyüşə ermənilərin hücumunu yarıb onların durduğu yerə qədər getmişdi", - deyə Milli Qəhrəmanın qardaşı bildirib.

Kəndin işğalından bir neçə gün öncə, ermənilərin kəndin ətrafına əlavə qüvvələrin cəm olmasının müşahidə edilməsindən sonra, kənddən əlil, qoca, qadın və uşaqların çıxarılmasına qərar verilib. Həmin vaxt Tabil Həsənov da öz ailəsini kənddən çıxarıb, daha sonra isə geri Kosalara qayıdıb.

Onların Bərdənin Şirvanlı kəndinə gətirilməsini o vaxtı 4 yaşı olan oğlu, Nəsir Həsənov belə xatırlayır: "Atam qəhrəmancasına şəhid olanda 4 yaşım var idi. Onun bizimlə vidası, uşaq olsam da gözlərimin önündə hələ də canlanır. O vaxt bizi Bərdənin Şirvanlı kəndinə gətirdi. Bizi bağrına basıb sağollaşdı və getdi. Bu gün fəxr edirəm ki, Milli Qəhrəmanın övladıyam".

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xocalı soyqırımına məruz qalanların da qisası döyüş meydanında alındı. Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

M.MİRZƏ,

"Respublika".