Tahir Budaqov: Azərbaycanın gələcək inkişafı böyük yolun müzəffər davamçısı, Prezident İlham Əliyevin adı ilə bağlıdır
MÜSAHİBƏLƏR

Tahir Budaqov: Azərbaycanın gələcək inkişafı böyük yolun müzəffər davamçısı, Prezident İlham Əliyevin adı ilə bağlıdır

Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Ötən il Azərbaycanın əldə etdiyi şanlı Qələbədən, böyük Zəfərdən sonra nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə Avrasiya məkanında yeni reallıqlar yaranıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.

T.Budaqov bildirib ki, Azərbaycan bundan öncə də regionumuzda əsas güc mərkəzi kimi bölgənin inkişafına təkan verən ölkə qismində çıxış edib. Yeni mərhələdə də artıq yeni imkanlar əldə edilib və ölkəmiz bundan sonra da regionun inkişafına öz töhfəsini verməkdədir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda çıxış edən dövlət və hökumət rəsmiləri, Milli Məclisin nümayəndələri Azərbaycanın bu günə qədər müxtəlif sahələrdə əldə etdiyi uğurları və bundan sonra qarşısında duran perspektivlər barədə ətraflı fikirlərini bildiriblər.

"Təbii ki, bütün çıxışların yekunu olaraq bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycanın inkişafı yalnız ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi ilə şərtlənir. Bu yolun alternativi yoxdur və Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi kitabda da qeyd olunur ki, Azərbaycanın gələcək inkişafı bu böyük yolun müzəffər davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Düşünürəm ki, bu böyük yolun davamı Azərbaycan xalqına, Azərbaycan dövlətinə hələ bundan sonra da çoxsaylı qələbələr, zirvələr qazandıracaq", - deyə YAP Sədrinin müavini vurğulayıb.

AZƏRTAC