Tahir Budaqov: Ulu Öndər Azərbaycan xalqının və dövlətinin taleyində hər zaman müstəsna xidmətləri ilə yadda qalıb
MÜSAHİBƏLƏR

Tahir Budaqov: Ulu Öndər Azərbaycan xalqının və dövlətinin taleyində hər zaman müstəsna xidmətləri ilə yadda qalıb

"Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyində hər zaman müstəsna xidmətləri ilə yadda qalıb. Dünyada yaşayan bütün azərbaycanlılar Heydər Əliyevin əziz xatirəsini daim uca tutur. İnsanlar Ulu Öndərimizin anım günündə Fəxri xiyabana axışaraq onun xatirəsini böyük ehtiramla yad edirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. 1993-cü ildə respublikamızın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtda xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə qayıdıb müstəqilliyimizi itirmək təhlükəsindən xilas edərək Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı: "Heydər Əliyevin Azərbaycan Prezidenti kimi 1993-2003-cü illərdə gördüyü böyük işlər, onun müəyyənləşdirdiyi işıqlı yol bugünkü güclü, qüdrətli Azərbaycanın yaradılmasının təməlini qoyub. Ümumiyyətlə, bütün sahələrdə Heydər Əliyev siyasəti öz bəhrəsini verir. Bu böyük yolun kulminasiyası olaraq ötən il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz ərazi bütövlüyümüzü təmin edərək Ulu Öndərimizin ən ümdə arzusunu yerinə yetirdi. Bu gün Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə Avrasiya məkanında böyük nüfuza malik dövlət olaraq regional məsələlərin həllində, bölgənin siyasi mənzərəsinin formalaşmasında mühüm rol oynayır. Təbii ki, bütün bu proseslərin təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasət dayanır. Ulu Öndərimizin azərbaycançılıq ideologiyası ətrafında bütün azərbaycanlılar birləşiblər. Bunun nəticəsində dünyada yüz illərlə formalaşmış erməni yalanlarının ifşa olunması, Azərbaycan və xalqımız haqqında mənfi imicin darmadağın edilməsi, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ərazi bütövlüyümüzün tanınması ilə bağlı sənədlərin qəbul edilməsinə nail olunub. Eyni zamanda, Heydər Əliyev Azərbaycanın iqtisadiyyatını tamamilə yenidən qurub, milli maraqlarımıza əsaslanan neft strategiyası formalaşdırıb. İqtisadiyyatın dirçəldilməsi, hərbi quruculuq sahəsində görülən işlər və digər uğurlar nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət kimi qəbul olunmasını şərtləndirib. Möhkəm təməllər üzərində müəyyənləşdirilmiş siyasət nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlət kimi bundan sonra da böyük nailiyyətlərə imza atmaq əzmindədir".

AZƏRTAC