Taksi sürücüləri və artan narazılıqlar
Sosial həyat

Taksi sürücüləri və artan narazılıqlar

Bu gün vətəndaşların ən çox narazılıq etdikləri xidmətlərdən biri məhz taksi fəaliyyəti ilə bağlıdır. Son zamanlarda taksilərin çoxluğu üzündən avtobus və metrodan istifadə edən sərnişinlərin sayında xeyli azalmalar nəzərə çarpır. Buna səbəb həm də taksilərin qiymətlərinin aşağı olmasıdır. Belə olduqda yanacaq xərci azalır və qiymətlərin aşağı düşməsinə səbəb olur. Ancaq bu prosesin özünəməxsus çətinlikləri də vardır.

Belə ki, sürücülük təcrübəsi, düzgün psixologiyaya malik olmayan şəxslər də bu xidmətdə fəaliyyət göstərirlər ki, bu da sərnişinlərin şikayətlərinin çoxalmasına gətirib çıxarır. Sürücülərin istismara məruz qalmasını stimullaşdıran bu hal əmək bazarındakı mövcud vəziyyətdən irəli gəlir. Onlara verilən çox aşağı faizə görə sürücülər sutkada 15 saat işləməyə məcbur olur. Nəticədə gərginlik artır, qəzalar çoxalır. Hazırda ölkəmizdə 100-ə yaxın taksi şirkəti fəaliyyət göstərir. Bir-birlərinə rəqib olsalar da, sistemləri eynidir. Hazırda mövcud olan taksi bazarında sifariş sistemi iki cür işləyir. İlk vaxtlar daha məşhur olan, indi isə aktuallığını itirmiş zənglə çağırılan taksilər, hazırda mobil tətbiq vasitəsi ilə fəaliyyət göstərir. Bu isə müştəri ilə sürücünün birbaşa kontaktının qarşısını alır. Ümumilikdə müştəri sürücü haqqında heç bir məlumata yiyələnə bilmir. Eyni zamanda qeyd etmək lazımdır ki, taksi xidmətində tənzimləmələr düzgün həyata keçirilmir. İşə götürülən sürücülər həmin şirkətlər tərəfindən təlimatlandırılmır. Sürücülər üçün asan yol isə heç bir imtahan və ya tibbi yoxlanışdan keçmədən ya "WhatsApp" onlayn və ya "WhatsApp" tətbiqi vasitəsilə qeydiyyatdan keçmə imkanlarının olmasıdır. Məhz buna görə də müştəri şikayətlərinin ardı-arası kəsilmir. Xarici taksi şirkətlərinin əməkdaşı olan sürücülər etik qaydalara riayət etmir, müştəri ilə davranış normalarını bilmirlər. Xarici şirkətlərin fəaliyyəti, onların yerli bazarı tutması aydın məsələdir. Həm sosial şəbəkələrdə, həm də mətbuatda demək olar ki, hər gün bu xidmətlə bağlı müxtəlif narazılıqlara, şikayətlərə rast gəlirik. Xüsusilə, taksi şirkətlərinin xidmətlərindən istifadə edən elə bir adam tapmaq olmaz ki, qeyd edilən fəaliyyətdən məmnun qalsın.

Qeyd edək ki, iyunun 2-də taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan "Prius" sürücüsü saxlanılıb. Onun üzərinə və idarə etdiyi "Toyota Prius" markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, K.İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan "Mahal" adlı İran vətəndaşının qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib. Bütün bunlar məhz taksi sürücülərinin onlayn işə qəbul olunmasının nəticəsidir.

Qeyd etmək lazımdır ki, mayın 17-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Nazirliyin bununla bağlı yaydığı məlumata əsasən, görüşdə ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Ötən müddətdə səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Əsas məqsəd isə vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və ekoloji tələblərə riayət olunmasıdır. Həmçinin haqsız rəqabət və inhisarçılığın, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasıdır.

Nazirliyin məlumatında deyilir ki, hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda, taksi xidmətlərinin təşkilini, sifarişlərin idarə olunmasını həyata keçirən əcnəbi şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir ki, bu da "Fərdi məlumatlar haqqında" qanunaziddir.

Xatırladaq ki, sözügedən qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Röya RÜSTƏMLİ,

"Respublika".