Talatbek Masadikov: Qırğızıstanla Azərbaycan arasında hər zaman yaxşı münasibətlər olub
Siyasət

Talatbek Masadikov: Qırğızıstanla Azərbaycan arasında hər zaman yaxşı münasibətlər olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 21-də Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan-Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu bildirib. İqtisadi sahədə mövcud potensialdan istifadə olunmasının əhəmiyyəti vurğulanıb və bu xüsusda, İqtisadi və humanitar sahədə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə istinad edilib. İki ölkənin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edən nazir bu əməkdaşlığın gələcəkdə daha da inkişafından danışıb.

Talatbek Masadikov iki ölkə arasında hər zaman yaxşı münasibətlərin mövcud olduğunu qeyd edib. O, müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında, sonradan isə Prezident İlham Əliyevin başçılığı ilə davamlı inkişaf edən Azərbaycanın hər bir uğuruna qırğız xalqının sevindiyini söyləyib.

Tərəflər ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə rəsmiləri arasında təmasların, o cümlədən yüksəksəviyyəli səfərlərin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə mövcud olan cari vəziyyət, postmünaqişə dövründə bərpa və quruculuq işləri, Azərbaycanın bölgənin gələcək inkişafına baxışı, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən atılan addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib.

Görüşdə, tərəflər həmçinin Əfqanıstandakı vəziyyət, bu situasiyanın qonşu ölkələrə təsiri, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının bu xüsusda keçirilmiş növbədənkənar iclasının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

AZƏRTAC