Tamerlan Əliyevin keçdiyi şərəfli ömür yolu hər bir alim, həkim və pedaqoq üçün müdriklik məktəbidir
Səhiyyə

Tamerlan Əliyevin keçdiyi şərəfli ömür yolu hər bir alim, həkim və pedaqoq üçün müdriklik məktəbidir

Bakıda professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konqres işə başlayıb

Oktyabrın 6-da Azərbaycan Tibb Universitetində Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri 2021" elmi-praktik konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları professor Tamerlan Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarın önünə gül dəstələri qoyublar.

Tədbirin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Cəmil Əliyev iştirak ediblər.

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev görkəmli alimin 100 illik xatirə yubileyinin təxminən 90 il əvvəl onun atası, böyük dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi doğma universitetin divarları arasında qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Tamerlan Əliyevin alim, həkim və pedaqoq kimi keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün müdriklik məktəbi olduğunu deyən Teymur Musayev Əməkdar elm xadiminin ömrünün sonunadək öz gücünü və bacarıqlarını doğma Azərbaycana xidmətə sərf etdiyini, xalqın rifahı naminə çalışdığını diqqətə çatdırıb: "Atası Əziz Əliyevin yolunu davam etdirən Tamerlan Əliyev 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Azərbaycan Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda, sonradan Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışıb. 1945-ci ildən isə onun əmək fəaliyyəti Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrası (indiki daxili xəstəliklər kafedrası) ilə bağlı olub. Tamerlan Əliyev burada fakültə terapiyası kafedrasının ordinatoru, assistenti, dosenti vəzifələrində işləyib. 1970-1990-cı illərdə kafedranın professoru olub və kafedraya rəhbərlik edib, ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışıb".

Qeyd olunub ki, Tamerlan Əliyevin çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil edib. Görkəmli alim unikal təbii ehtiyatlarla - mineral sular, palçıq vulkanları, Naftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirirdi.

1975-ci ildə Tamerlan Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasının nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaradılıb. O cümlədən daxili xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə intensiv kardioloji yardım şöbəsi, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilib.

Səhiyyə nazirinin birinci müavini bildirib ki, professor Tamerlan Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkilinə və inkişafına böyük əmək sərf edib. Alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə 4 nömrəli klinik xəstəxananın nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil olunub. Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də bilavasitə onun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.

"Professor Tamerlan Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları ölkəmizdə və xaricdə böyük ehtiramla çəkilir", - deyə Teymur Musayev vurğulayıb.

Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxışında görkəmli alimin həyat və fəaliyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində böyük dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Hələ uşaqlıq illərindən alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə alıb.

Tamerlan Əliyevin müharibə illərində hərbi hospitalda işlədiyini xatırladan G.Gəraybəyli görkəmli alimin endokrinologiya sahəsində apardığı elmi tədqiqatların əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, Tamerlan Əliyev respublikamızda endokrinologiya və kardiologiya elminin inkişafına təkan verib, on ilə yaxın müddət ərzində Respublika Endokrinologiya Cəmiyyətinin sədri olub. Onun rəhbərliyi ilə 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanıb, hazırda onlar endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir.

Professor Tamerlan Əliyev 250-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiya və bir dərsliyin müəllifidir. Alimin "Endokrinologiya" əsəri bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik idi. Görkəmli alimin Azərbaycanda tibb elminin və səhiyyənin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1981-ci ildə "Klinik laborator-diaqnostik tədqiqat üsulları" monoqrafiyasına görə Respublika Dövlət Mükafatına layiq görülüb.

Professor Tamerlan Əliyevin Azərbaycanın hüdudlarından kənarda da yaxşı tanındığını, bir çox beynəlxalq miqyaslı konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil etdiyini söyləyən rektor onun insani xüsusiyyətlərindən də danışıb: "Tamerlan müəllim olduqca sadə, müdrik, qayğıkeş və xoşxasiyyətli insan idi. Ona müraciət edənləri səbirlə dinləyər, ehtiyacı olanlara təmənnasız yardım edərdi. Son dərəcə təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyev gəncləri daim elmə həvəsləndirərdi".

Professor Gəray Gəraybəyli əmin olduğunu bildirib ki, Tamerlan Əliyevin elmi irsi, xeyirxah əməlləri bundan sonra da yaşayacaq, əsərləri bundan sonra da tibb sahəsinin inkişafı üçün təməl rolunu oynayacaq.

Sonra Əməkdar elm xadiminə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov Tamerlan Əliyevlə bağlı xatirələrini bölüşüblər. Onun pedaqoq kimi auditoriyalarda maraqlı mühazirələr oxuduğu, bir həkim kimi isə xəstələrə diqqətlə və qayğı ilə yanaşdığı xatırlanıb.

Sonra Türkiyənin Qazi Universitetinin rektoru, professor Musa Yıldız və Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Martınovun videomüraciəti dinlənilib.

Professor Tamerlan Əliyevin ailə üzvləri adından çıxış edən akademik Cəmil Əliyev çıxışçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Açılış mərasimdən sonra Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanovun dünya şöhrətli alimin xatirəsinə həsr olunmuş "Ləyaqət timsalı" kitabı konqres iştirakçılarına paylanılıb.

Qeyd edək ki, 11 beynəlxalq universitet və cəmiyyətlərdən nümayəndələrin qatıldığı konqresin işi üç gün müddətində tibbin və təbabətin aktual problemlərini əhatə edən 32 simpoziumla davam edəcək.

AZƏRTAC