Tarif Şurasının iclasında ən optimal variant seçilib
Sosial həyat

Tarif Şurasının iclasında ən optimal variant seçilib

Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Xüsusilə qeyd olunmalıdır ki, tariflərə məhz daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılıb. Yəni bu, dövlətin deyil, bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifidir.

Vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq son illərdə rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkı yenilənir. Qeyd edək ki, son 7 il ərzində Azərbaycana 1466 avtobus gətirilib. Bu da avtobus parkının 61 faiz yenilənməsini təmin edib.  Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla ümumilikdə,  255 ədəd avtobus gətirilib. Hazırda 177 marşrut xətti üzrə xidmət göstərilir ki, onlardan 40 faizi şəhərdaxili, 60 faizi şəhərətrafı marşrut xətləridir. 2022-ci ildə Bakı şəhərində, Bakıətrafı qəsəbə və kəndlərdə 8 yeni müntəzəm marşrut xətti yaradılıb, bu yeni xətlər ilə gündəlik orta hesabla 23 mindən artıq sərnişin daşınır.

Tarif Şurasının yaydığı məlumatda qeyd edilib ki, iclasda təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib və dövlətin sosial siyasətində sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Belə ki, 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarif 60 qəpik olacaq (əvvəlki tarif 50 qəpik).

Ölkəmizdə müasir infrastrukturun qurulması bütün sahələri, o cümlədən nəqliyyatın əhəmiyyətinin xüsusilə artdığı indiki dövrdə metropoliteni də əhatə edir. Hazırda Bakı Metropoliteninin konseptual inkişaf proqramına uyğun işlər sürətlə davam etdirilir. 2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq. 2021-2022-ci illərdə 2 yeni stansiya ("8 Noyabr" və "Xocasən") açılıb. Xətlərin cəmi uzunluğu 40.7 kilometrə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb. Son 5 ildə  innovasiyalar baxımından sonuncu nəslə mənsub müasir tipli 100 vaqon, 20 qatar alınıb.

Metroda, həm də avtobuslarda mövcud tariflər sərnişin daşınmasının maya dəyərindən aşağıdır. Avtobusların müxtəlif markada və qiymətdə olması tarif tənzimlənməsində vahid yanaşmaya imkan vermir.  1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin  2023-cü ildə 82 qəpik olacağı gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artıqdır. Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə,  xidmətin keyfiyyətinin və dayanıqlılığının yüksəlməsinə imkan yaradacaq.

Qeyd etmək lazımdır ki,  şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.  Müraciətlərdə bildirilir ki, sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlər tarif tənzimlənməsinin vacibliyini ortaya qoyur. Bununla yanaşı, iclasda sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanmışdır. Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır. Məsələn, pandemiya dövründə metroda bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021) olub. Tarifin 30 qəpik olduğunu nəzərə alsaq, son iki il ərzində metropolitenin nə qədər ziyanla işlədiyi aydın olur. İndinin özündə də sərnişindaşımada pandemiyadan əvvəlki dövrün göstəricilərinə dönmək mümkün olmayıb. Belə ki, 2022-ci il ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62 faizini təşkil edib.

İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmışdır. 31 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib.

Mustafa KAMAL,

"Respublika".