Tarixə yazılan mərdlik nümunəsi
Sosial həyat

Tarixə yazılan mərdlik nümunəsi

17 noyabr 1990-cı ildə Lənkəran rayonu, Nüvədi kəndində dünyaya gələn Vüsal Kamran oğlu Kazımov da bu haqq savaşımızda xüsusi hünər göstərdi və canını Vətəninə fəda etməklə tarix yazdı.

Ömrünün 30 ilində Vətən müharibəsinin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Vüsal Kazımovun hər iki valideyni gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Atası Kamran müəllim Lənkəran Dövlət Universitetində çalışır. Dosentdir. Daxilən zəngin, nəcib, xeyirxah insan olan, ziyalı adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan Kamran müəllim həmişə çalışır ki, tələbələri yüksək bilik almaqla bərabər, həm də Vətənini, torpağını sevməyi bacarsınlar. Bu kamil, yetkin şəxsiyyət cənub bölgəsində yaxşı hörmət sahibidir. Vüsalın anası Gülər xanım isə Lənkəran rayonu, Yuxarı Nüvədi kənd məktəbində sinif müəllimidir. Böyük ürək, həssas qəlb sahibi olan bu gözəl insan peşəsini sevdiyinə, el-obada nəcib əməllərə görə insanların gözündə ucadır. Fəqət, belə bir millətin mənəvi-əxlaqi dəyərlərini özündə yaşadan ailədə böyüyən, saf insanlardan tərbiyə alan Vüsal yetkinlik yaşına çatanda bütün varlığı ilə Vətəninə, xalqına bağlanır. Həyatda dəyərli, mənalı ömür yaşamaqdan ötrü ən düzgün yolu ali təhsil alıb insanlara fayda verməkdə görür. Bu müqəddəs amalla 2007-ci ildə sənədlərini Lənkəran Dövlət Universitetinə verir, oxumağa "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki " ixtisasını seçir. Təhsil aldığı illərdə Vüsalın savadı, mənəvi saflığı, dünyagörüşü, həyata fərqli baxışı onu həmişə tələbələrin, müəllimlərin maraq dairəsində saxlayır. Məktəbi bitirəndə artıq onun adı da cəmiyyət tərəfindən hörmətlə qarşılanan insanlar sırasında çəkilir.

Vüsal Kazımov 2011-ci ildə ordu sıralarına yola düşür. İki ay Təlim Tədris Mərkəzində kursant olur. Taqım komandiri vəzifəsində Vətənin keşiyində durur. Vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, Vətənə əsl oğul məhəbbəti, millətinə bağlılığı xidmət etdiyi hərbi hissədə onun hörmətini, nüfuzunu artırır. Həmişə mənfur düşmən tapdağında olan Qarabağı düşünən komandir deyir: "Müqəddəs Vətən torpaqları uğrunda döyüşüb, onu işğalçılardan azad etmək bizim birinci borcumuzdur".

Qəlbi Qarabağı azad görmək eşqi ilə döyünən Vətən sevdalısı nümunəvi xidmətdən sonra üzüağ doğma Lənkəran elinə qayıdır. Xeyirxah, ülvi məqsədlərə doğru inamla irəliləyən gənci Lənkəran Şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə götürürlər. İşinə sevgi dolu ürəklə yanaşır, səmimiyyəti, səmərəli, məhsuldar fəaliyyəti yalnız uğurlara səbəb olur. Yaşayıb-yaratmaq həvəsi ilə çalışan Vüsal işləməklə bərabər, həm də Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə təhsil alır. İşgüzarlığını, insanlara təmənnasız münasibətini nəzərə alıb onu Lənkəran Şəhər Uşaq Gənclər və İdman məktəbinin direktoru vəzifəsinə seçirlər. Gözəl hisslərlə yaşamağı bacaran Vüsal burada da öz müqəddəs ideyalarını davam etdirir, gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün böyük səy göstərir. Həmişə xəyalı Qarabağ torpaqlarında dolaşır, Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə idman yarışları keçirməklə uşaqlara qəhrəmanlıq hissləri aşılayır. Bir növ peşəsinə, işinə insan mənəviyyatının sehrli güzgüsü kimi baxan bu dəyərli gənc müəllimlərin, şagirdlərin sevimlisinə çevrilir.

 El-obada xeyirxah əməlləri ilə tanınan, Qarabağın yağı tapdağından qurtulması üçün mübarizəyə hazır olan Vüsal Vətən müharibəsi başlanan gündən doğma torpağa sinələrini sipər edən qəhrəmanların cərgəsinə qoşulur. Baş leytenant Füzulidə, Cəbrayılda, Xocavənddə şiddətli döyüşlər zamanı şücaət göstərərək, yağı düşmənə xeyli itki verir. Azad olunan torpaqları gördükcə qəlbindəki Vətən sevgisi aşıb-daşır. Hər döyüşə də qələbəmizə böyük inamla atılır. Mənfur erməni faşistlərini ağır məğlubiyyətlərə uğratmaqla ad qazanır. Təəssüf ki, Şuşada müharibə meydanında döyüş zamanı düşmən gülləsi ondan yan keçmir.

Vüsalın halal ailə ocağında Nuray, Aynur adında iki qız uşağı böyüyür. Onlar ataları ilə həmişə fəxr edəcəklər. Atalarının dövlət tərəfindən layiq görüldüyü "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları bu baclara həmişə qürur yaşadacaq.

Zəfər ORUCOĞLU.