Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib
Mədəniyyət

Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Belə ki, son illər ümumilikdə 368 tarixi abidənin pasportu hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülmüşdür.

Bu il  isə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq təsdiq edilib. Pasportlaşdırılan abidələrdən 15-i - Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırı Azərbaycan Respublikasının vaxtilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları əsasında hazırlanıb.

Bununla yanaşı, abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr rayon icra hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.

Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.

Mehparə ƏLİYEVA,

“Respublika”.