Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər
Türk dünyası

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər

Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli əməkdaşlıq daim möhkəmlənməkdədir      

Bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Əsrlər boyu Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri hökm sürüb. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağır vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini, kədərini bölüşüb, beynəlxalq aləmdə qazandığı uğurlarına sevinib, qürur hissi keçirib.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Bu gün Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır.

Dövlətlərarası münasibətlərin yeni və təkrarsız modelini yaradan iki qardaş respublika dünya siyasəti tarixində rast gəlinməyən əlaqələrə malikdir. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir. Əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyev türk dünyası haqqında demişdir: "Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq".

İki qardaş ölkə şad günündə də, kədərli günündə də bir-birinin yanındadır. Bir neçə il bundan əvvəl baş vermiş Van zəlzələsi zamanı Azərbaycan Türkiyəyə ilk qardaş yardımını göstərmişdir. Eyni zamanda da Türkiyə Cümhuriyyəti Qarabağ problemi yarandığı andan sona kimi Azərbaycan Respublikasını birmənalı şəkildə dəstəkləmişdir. Türkiyə Azərbaycanın əzəli, əbədi ərazisi olan Qarabağın işğal altında olduğu 30 illik bir zaman ərzində də Azərbaycanın haqlı, ədalətli mövqeyini daim müdafiə edib.Türk xalqı Qarabağ dərdini öz dərdi bilib, bu problemin, münaqişənin aradan qaldırılması üçün bütün siyasi, mənəvi dəstəyini göstərib. Beynəlxalq kürsülərdən məsələyə qəti münasibətini ifadə edib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmasını nüfuzlu  qurumların diqqətinə çatdırıb. Region dövlətlərini, bu regionla tarixi əlaqələri olan bütün qonşu ölkələri problemin həlli istiqamətində fəallığı artırmağa yönəldib.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

Sözsüz ki, Azərbaycan və Türkiyə dünya miqyasında əməkdaşlıq nümunəsi göstərir. Bundan sonra da iki ölkə birgə addımlayaraq daha bir çox yeni uğurlara imza atacaqdır.

Bu  gün  dünya bir daha Azərbaycan -- Türkiyə  dostluğunun, qardaşlığının möhkəmliyindən danışır. Bir neçə gün bundan əvvəl Türkiyədə baş

vermiş meşə yanğınlarının və fəsadlarının aradan qaldırılması üçün Azərbaycandan dost, qardaş ölkəyə dərhal göstərilən dəstək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən də yüksək dəyərləndirilir. Yanğınların ilk günü Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidentinə zəng edib istənilən səviyyədə yardım göstərməyə hazır olduğunu bildirdi.

Azərbaycan cəmiyyəti və dövləti Türkiyəni bürüyən dəhşətli yanğınların acısını qəlbən, ruhən hiss edir və bütün vasitələrlə qardaş ölkəyə dəstək verir. Qardaş Türkiyədə fəsadlar törədən və insan itkisinə səbəb olan meşə yanğınları bütün Azərbaycan xalqının dərin üzüntüsünə, kədərinə səbəb olmuşdur. Yanğın ərazilərində ölkəmizin Fövqəladə Hallar Nazirliyinin 743 əməkdaşı yanğına qarşı mübarizə aparır. Həmçinin 97 texnika, 77 yanğınsöndürmə, 6 nasos avtomobil, 1 helikopter və 1 "BE-200ÇS" amfibiya tipli təyyarə bu işə cəlb olunub. Bu addım ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğunluğu ilə yanaşı, həm də bir qardaşın çətin vəziyyətə düşən qardaşının köməyinə çatması kimi qiymətləndirilməlidir və bu, həqiqətən də belədir.

Azərbaycan hər zaman Türkiyənin yanındadır. Bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət məhz Azərbaycan olmuşdur. Türkiyədə meşə yanğınları iki dövlətin münasibətlərinin necə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Yanğınların söndürülməsində yanğınsöndürənlərimizin fədakarlıq nümayiş etdirmələri bu yaxınlığın, doğmalığın daha bir nümunəsi kimi heç vaxt unudulmayacaqdır.

Bəli, bütün bunlar göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədidir.

Müşfiq MİRZƏ,

“Respublika”.