Tarixi-mədəni irs nümunələrimiz daha etibarlı şəkildə qorunmalıdır
Tarix

Tarixi-mədəni irs nümunələrimiz daha etibarlı şəkildə qorunmalıdır

"Hər kəs tarixə, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Dünyanın siyasi xəritəsində "Albaniya" adlı ilə iki dövlət mövcud olub. Bunlardan birincisi qədim Azərbaycan dövləti olan və Qafqaz Albaniyası adı ilə tanınan tarixi Albaniya, digəri isə müasir Albaniya, yəni Balkan Albaniyasıdır. Qafqaz Albaniyası ilə Balkan Albaniyası arasında hansısa tarixi əlaqə və ya bağlılıq olduğu barədə hələ ki, elmə heç nə bəlli deyil. Daha doğrusu, bu istiqamətdə indiyədək demək olar ki, heç bir ciddi araşdırma aparılmayıb.

 

Albaniya - Cənubi Qafqazın qədim və qüdrətli dövləti

Cənubi Qafqazın qədim dövlətlərindən olan Qafqaz Albaniyası indiki Azərbaycan Respublikası, Sovet imperiyası tərəfindən Ermənistana hədiyyə edilmiş Zəngəzur mahalı, Rusiya Federasiyası Dağıstan Respublikasının cənub hissəsi və şərqi Gürcüstanın bir hissəsini əhatə edən geniş əraziyə malik qüdrətli bir dövlət olub. Xatırladaq ki, bu dövlət artıq iki əsrə yaxındır ki, elmi ədəbiyyatda məhz Qafqaz Albaniyası adı ilə tanınır. "Qafqaz Albaniyası" terminini isə elmi dövriyyəyə ilk dəfə 1846-cı ildə rus tədqiqatçısı A.Yanovski gətirmişdir.

Albaniya haqqında ilk yazılı məlumatlara qədim yunan, latın, erməni, gürcü, Suriya və ərəb mənbələrində rast gəlinir. Albaniya tarixinə dair ən mükəmməl qaynaq isə alban tarixçisi Musa Kalankatlının "Albaniya tarixi" adlı əsəridir.

Albaniya bir dövlət olaraq əsasən Girdiman, Sakasena, Kambisena, Çola, Lipina, Uti, Sünik, Kaspiana və s. vilayətlərdən (inzibati-siyasi vahidlər) ibarət olub. Qədim yunan coğrafiyaşünası Strabon (e.ə. 63-b.e.24) Albaniyada 26 etnik vahidin yaşadığını bildirir. Hansı ki, həmin etnik vahidlər sırasında albanlar, utilər, qarqarlar, kadusilər, gellər, legenler, leqlər, savarenlər, seivlər, çilblər və digər etnosların adları çəkilir. Əsrlərin, minilliklərin burulğanlarında həmin etnosların bir qismi assimilyasiyaya məruz qalaraq tarix səhnəsindən getsə də, bu günün özündə belə Azərbaycanın etnik palitrasında özünəlayiq yer alan və multikultural dəyərlər toplusu olan da məhz o etnoslardır. Bu mənada Azərbaycan 2000 il öncə olduğu kimi, bu gün də dünyanın çox ölkələrinə nümunə ola biləcək multikultural bir ölkədir.

Albaniya dövləti mövcud olduğu 1000 ildən artıq dövr ərzində o dövrün nəhəng imperiyaları olan Roma, Parfiya, Bizans, Sasani imperiyaları, Xəzər xaqanlığı, Ərəb Xilafəti və digər dövlətlərlə zaman-zaman gah çox ciddi hərbi qarşıdurmalar, gah da diplomatik təmaslar və ya müttəfiqlik əlaqələrində olmuşdur. Bu dövlətin başında duran Oroyz, Kozis, I Cəsur Vaçaqan, I Vaçe, Urnayr, Yelisey, III Mömin Vaçaqan, II Vaçe, Cəsur Vardan və Cavanşir kimi ağıllı, qüdrətli və uzaqgörən siyasi və dini liderlərin, sərkərdə və diplomatların səyləri nəticəsində Albaniya dünyaya meydan oxuyan nəhəng imperiyaların maraqlarının toqquşduğu məkan və zaman çərçivəsində nisbi də olsa özünün ərazi bütövlüyü və dövlət müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Albaniya əhalisinin etnik tərkibi müxtəlif olduğu kimi, dini durumunda da müxtəliflik hökmran idi. Ölkənin ayrı-ayrı regionlarında zərdüştlüyün tədricən yayılmaqda olduğu bir vaxtda xristian missionerləri də Cənubi Qafqaza ayaq açıb. Beləliklə, I əsrdən etibarən bu din Albaniyada yayılmağa başlayıb. İlkin olaraq I əsrdə Şəkidə "Şərq kilsələrinin anası" hesab olunan alban Kiş məbədi fəaliyyətə başlayıb. 313-cü ildə Çar Urnayr (313-371) tərəfindən xristianlıq Albaniyada rəsmi dövlət dini elan olunub. VII əsrdən başlayaraq Albaniyada həm də İslam dini yayılıb. Bununla belə, alban tarixçisi Musa Kalankatlının qeyd etdiyi kimi, ölkə ərazisinin ayrı-ayrı yerlərində, o cümlədən Girdimanda bütpərəstliyin hələ də qalması bütövlükdə dini durumun son dərəcə mürəkkəb olduğundan xəbər verirdi.

 

Alban abidələrinin tədqiqi

Ötən yüzilliklər ərzində, daha dəqiq desək istər çar Rusiyası, istər Sovet imperiyası, istərsə də Sovet ittifaqının süqutundan sonrakı dönəmdə Baş Qafqaz dağ silsiləsindən Araz çayınadək, Şərqi Gürcüstan və Zəngəzurdan Xəzər dənizinədək olan ərazilərdə davamlı olaraq aparılmış genişmiqyaslı tarixi, arxeoloji, antropoloji, epiqrafik, etnoqrafik, numizmatik tədqiqatlar nəticəsində alban irsinə aid olduqca zəngin və rəngarəng çeşidli maddi mədəniyyət nümunələri aşkar edilərək tədqiq olunmuşdur. Yadellilərin basqın və hücumları, xüsusən də ərəb işğalı və daxildəki feodal pərakəndəliyinin artması zəminində VIII əsrin əvvəlindən etibarən Qafqaz Albaniyası bir dövlət olaraq tədricən tarix səhnəsindən gedib. Onun ərazisində və bilavasitə onun siyasi varisləri olan yeni-yeni Azərbaycan feaodal dövlətləri yaranıb. Təbiidir ki, həmin dövlətlərin də hər birinin tarixi-mədəni irsinin kökündə məhz alban irsi dururdu. Hansı ki, onlar da öz növbəsində yeni tarixi şəraitdə və yeni siyasi reallıqlar müstəvisində bu irsi qorumuş, yaşatmış, inkişaf etdirərək daha da zənginləşdirmişlər. Bu baxımdan Qəbələ, Mingəçevir, Şamaxı, Bərdə, Gəncə, Dərbənd, Şabran, Mehrəvan kimi şəhər yerlərində davamlı olaraq aparılmış olan genişmiqyaslı arxeoloji tədqiqatlar xüsusilə qeyd oluna bilər. Alban-xristian abidələri olan Girdiman, Kilsədağ, Kürmük, Kiş, Qum, Ləkit, Xudavəng, Ağoğlan, Amaras, Gəncəsər, Yelisey məbəd (monastr) komplekslərinin istər tarixi-arxeoloji, istərsə də memarlıq baxımından öyrənilməsi istiqamətində də davamlı olaraq tədqiqat işləri aparılmışdır. Çoxsaylı nekropollarda aparılmış tədqiqatlar yolu ilə Alban əhalisinə xas olan dəfn adətləri və qəbir tipləri öyrənilmişdir. Aşkar olunmuş arxeoloji nümunələr, xüsusən də sənətkarlıq nümunələri, onların çeşid, forma, bədii-texniki və texnoloji xüsusiyyətlərindəki özünəməxsusluq əsasında Yaloylutəpə və Küp qəbirləri kimi sırf Albaniyaya aid arxeoloji mədəniyyətlər qeydə alınmışdır. Qalıqları zəmanəmizədək gəlib çatmış olan çoxsaylı möhtəşəm müdafiə tikililəri, qala və istehkamlar, arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş rəngarəng çeşidli silah nümunələri və digər artefaktlar bir çox tarixi mənbələrdə də qeyd olunduğu kimi, Albaniyada hərb sənətininin yüksək səviyyədə olduğundan xəbər verir.

Bütövlükdə götürdükdə arxeoloji axtarışlar zamanı aşkar olunmuş tapıntılar yazılı qaynaqların Albaniya tarixinə dair məlumatlarındakı boşluqlar, qaranlıq və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Məhz arxeoloji tədqiqatlar nəticəsində Albaniya əhalisinin təsərrüfat həyatı, sosial-mədəni və dini durumu, yaxın və uzaq ölkələrlə ticarət və mədəni əlaqələri, pul zərbi və pul tədavülü və bu kimi məsələlərin elmi cəhətdən izahını tapmağa imkan yaratmışdır. Belə bir məqamı da xüsusi olaraq qeyd edək ki, albanşünaslıq sahəsində əldə olunan uğurlar demək olar ki, bütünlüklə XX əsrin 40-cı illərindən sonrakı dönəmə aiddir. Başqa sözlə, ötən əsrin 40-cı illərinədək ölkəmizdə albanşünaslıq məktəbi demək olar ki, hələ formalaşmamışdı. Məhz bu səbəb üzündən SSRİ tarixinə dair Moskvada hazırlanan ümumiləşdirici əsərlərin Azərbaycan bölməsinin işlənməsi qeyri-millətlərdən, xüsusən də erməni millətindən olan şəxslərə həvalə olunmuşdur. Ermənilərin Albaniya tarixini total şəkildə saxtalaşdırmaq cəhdləri də əslində elə o zamandan başlayıb.

 

Albanşünaslıq məktəbinin formalaşması

Ötən əsrin 40-cı illərinin ikinci yarısından etibarən Mingəçevir, Qəbələ, Şamaxı, Gəncə və digər abidələrdə başlanan genişmiqyaslı arxeoloji axtarışların təsiri ilə qısa zaman kəsiyində Ziya Bünyadov, İqrar Əliyev, Fəridə Məmmədova, Kamal Əliyev, Zelik Yampolski, Tofiq Məmmədov, Cabbar Xəlilov, Saleh Qazıyev, Ömər İsmizadə, Rəhim Vahidov, İlyas Babayev, Rəşid Göyüşov, Fazil Osmanov, Firidun Qədirov, Qiyasəddin Qeybullayev, Nəsir Rzayev kimi peşəkar albanşünas alimlər nəsli yetişmiş oldu. Bu isə artıq respublikamızda albanşünaslıq elmində ciddi oyanışın başlanğıcı demək idi. Hansı ki, məhz həmin tədqiqatçıların səyləri nəticəsində Qafqaz Albaniyasının e.ə IV əsrdən eramızın VIII əsrinin əvvəllərinədək olan 1000 ildən artıq bir dövr ərzində həqiqətən də Cənubi Qafqazın qüdrətli dövləti olduğu təkzibolunmaz dəlil və sübutlar əsasında tədqiq edilmiş oldu.

Ədalət naminə deməliyik ki, Azərbaycanda albanşünaslıq elmi indiki səviyyəyə heç də asanlıqla gəlib çıxmayıb. Təsəvvür edin, uzun illər Azərbaycanda tarix və arxeologiya ixtisasları üzrə mütəxəssis çatışmazlığı üzündən müvafiq dissertasiya Şuraları olmayıb. Odur ki, hər kəs dissertasiya müdafiəsi üçün Tbilisi, Yerevan, Leninqrad, Moskva, Kiyev və digər xarici elmi mərkəzlərə getməli olublar. Orada isə verikorus ruhlu yadların, daha çox da ermənilərin təsiri altında olan söz sahibləri hər cür əngəl olmaqdan belə çəkinmirdilər. Bu, hələ harasıdır?! Çətinliklə orda-burda müdafiə olunan dissertasiyalar da təsdiq üçün Moskvaya - SSRİ Ali Attestasiya Komissiyasına göndərilirdi. Orada nələr baş verdiyini, vicdanlı elm adamlarımızın uzun-uzadı əsassız olaraq get-gələ salındığını təsəvvürə gətirəndə adam indinin özündə belə stress yaşamalı olur. Azərbaycanın albanşünas alimləri müstəqillik illərinədək məhz belə çətin yolları keçməklə respublikamızda nüfuzlu albanşünaslıq məktəbini formalaşdıra biliblər. Bir sözlə, Azərbaycanın albanşünas alimləri ötən illər ərzində xarici dairələrin, ilk növbədə isə erməni və fars mənşəli dairələrin, onların mövqeyindən çıxış edən qüvvələrin Albaniya tarixini saxtalaşdırmağa və özününküləşdirməyə yönəlik cəhdlərini elmi əsaslarla, sözün əsl mənasında döyüşə-döyüşə alt-üst etməyə müvəffəq olublar.

Bu yazının əvvəlində də qeyd olunduğu kimi, tarixi Albaniya torpaqları Azərbaycan Respublikası ərazisi ilə yanaşı, Cənubi Dağıstan, Şərqi Gürcüstan ərazilərinin bir hissəsini və indiki Ermənistan Respublikası ərazisinin də böyük bir hissəsini əhatə edirdi. Bu baxımdan Albaniya tarixinin öyrənilməsinə Azərbaycandan kənar elmi dairələr tərəfindən də maraq göstərilməsi əlbəttə başadüşüləndir. Lakin bu, heç kəsin Albaniya tarixini saxtalaşdırması və ya özününküləşdirməsi cəhdləri üçün əsas ola bilməz. Görkəmli qafqazşünas alim Y.İ.Krupnov hələ sovet hakimiyyəti dönəmində bu xüsusda belə yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar".

 

Kənar dairələrin məkrli niyyətləri

Bu, bir həqiqətdir ki, maraqlı dairələrin Qafqaz Albaniyası tarixini saxtalaşdırmaq və alban irsinə sahib durmaq cəhdlərinin arxasında birbaşa ölkəmizə qarşı yönəlmiş ərazi iddiaları durur. Ən azı son yüzilin hadisələri göstərdi ki, erməni kilsəsi və diasporu əvvəlcə üzdəniraq tarixçiləri "silahlandırmaqla" ön cəbhəyə yollayıb. Onlar da öz növbəsində saxta faktlar və tezislərlə erməni cəmiyyətini və rəsmilərini ideoloji baxımdan silahlandırıblar. Bu minvalla saxta erməni təbliğatının dairəsi genişlənə-genişlənə az qala bütün dünyaya yayılaraq beyinləri zəhərləyib. ABŞ Konqresi, Fransa senatı, Yunan cəmiyyəti və onlara yaxın siyasi dairələr neçə onilliklərdir ki, bax beləcə zəhərlənib.Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanıldığı dönəmdə Azərbaycanı daim kompromisə səsləyən də, 44 günlük müharibə zamanı Azərbaycan ordusunun Zəfər yürüşünü dayandırmaq naminə min cür hoqqadan çıxan da, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalamış olduğu 10 noyabr 2020-ci il tarixli Bəyanatı əsasında hərbi əməliyyatlar dayandırıldıqdan sonra guya Qarabağ ərazisindəki erməni-xristian mədəni irs nümunələrinin təhlükə altında qaldığı barədə şivən qoparan da, nəhayət, tərəflər arasında sülh müqaviləsinin hazırlanmasına, regionun gələcək inkişafının lokomotivi ola biləcək kommunikasiya xətlərinin işə düşməsinə hər vasitə ilə əngəl olan da məhz həmin dairələrdir.

Əsl tarixi həqiqət ondan ibarətdir ki, İrəvan da, indiki Ermənistan da əzəli Azərbaycan torpaqlarıdır. Tarixi sənədlər və xəritələr də bunu təsdiq edir. Amma bütün bunlara rəğmən son 200 il ərzində xarici qüvvələr ermənilərin planlı şəkildə Azərbaycan torpaqlarına köçünü təşkil edib. Bununla da Qərbi Azərbaycandan Altaya qədər geniş ərazini tutan Türk dünyasını parçalayıblar. Havadarlarının himayə və dəstəyi sayəsində zaman-zaman Cənubi Qafqazdakı ərazilərini tədricən daha da genişləndirməklə kifəyətlənməyərək yeni-yeni ərazilərə iddialarla çıxış ediblər. Onlar Ermənistanda yaşayan azərbaycanlıları və digər xalqların nümayəndələrini mərhələ-mərhələ deportasiya edərək, oradakı Qafqaz Albaniyasına aid tarixi-mədəni irsi məhv edərək, özününküləşdirərək saxta və monoetnik dövlət yaradıblar. Moskvanın və erməni kilsəsinin planları əsasında bənzər proseslər Qarabağda da davam etdirilib.

Doğrudur, AMEA-nın Arxeologiya, Etnoqafiya və Antropologiya İnstitutu nəzdindəki Albanşünaslıq Elmi Mərkəzi artıq bir ildir ki, bu istiqamətdə fəal iş aparmaqdadır. Hesab edirik ki, görülən işlərin miqyasını daha da genişləndirmək və səmərəliliyini artırmaq naminə Albanşünaslıq Elmi Mərkəzinin strukturuna da yenidən baxılması məqsəduyğun olardı. Çünki indiki halda, albanşünaslıq problemləri ilə bir sıra elmi qurumlar ayrı-ayrılıqda, həm də pərakəndə şəkildə məşğul olmaqdadırlar. Yəni, Mərkəz yaradılana qədər ümumi mənzərə necə idisə, indi də elə həmin vəziyyətdədir. Təbiidir ki, belə olan halda hansısa ciddi uğurun əldə ediləcəyinə ümid etməyə dəyməz.

Yuxarıda sadalananlardan da göründüyü kimi, son 70 il ərzində Azərbaycanın albanşünas alimləri fədakarcasına işləməklə Azərbaycan albanşünaslıq elminə sanballı töhfələr vermişlər. Hansı ki, yaradılmış həmin sanballı elmi baza son 30 il ərzində Qarabağ problemi ilə bağlı həm ikitərəfli, həm də beynəlxalq səviyyədə davam edən çoxtərəfli dialoq, müzakirə və diskussiyalarda qarşı tərəfin Azərbaycan həqiqətləri önündə nə dərəcədə aciz və miskin olduğunun nümayişinə çevrilmiş oldu. Azərbaycan Prezidentinin, Azərbaycan siyasilərinin, diplomatlarının, elm adamlarının və beynəlxalq dairələrin bir çox titullu nümayəndələrinin dilindən ən mötəbər tribunalardan təkrar-təkrar səslənən bu həqiqətləri hər kəs gördü və eşitdi. Nə yazıq ki, bütün bunlara rəğmən özünü karlığa, korluğa qoyaraq eşitmək və görmək istəməyənlər də oldu.

 

Albanşünaslığın növbəti hədəfləri

Ermənilərin və ermənipərəst dairələrin Albaniya tarixinə dair saxta və qərəzli yanaşmalara əsaslanan nəşrləri, çıxışları və bəyanatları yağışdan sonra artan göbələk kimi günbəgün artmaqdadır. Onları susdurmağın, xar etməyin ən effektli yolu isə Albaniya tarixinə dair elmi həqiqətlərin davamlı və sistemli şəkildə dövriyyəyə buraxılmasındadır. Bunun üçün isə ilk növbədə işğal dönəmində tarixi-mədəni irs nümunələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsi və saxtalaşdırılmasına dair fakt və sübutlar bir an belə gecikmədən, ləngimədən sənətləşdirilməli, beynəlxalq səviyyədə ifşa edilməli və nəhayət, məhkəmə predmeti olması üçün zəruri tədbirlər görülməlidir.

Müxtəlif istiqamətlərdən olan ayrı-ayrı elmi, siyasi, millətçi və separatçı dairələrin zaman-zaman ölkəmizə qarşı ərazi iddiaları səsləndirdiklərini bir an belə nəzərdən qaçırmaq olmaz. Vaxtilə Qarabağda buraxılmış olan səhvləri digər regionlara münasibətdə təkrar etmək olmaz. Yaddaşları təzələmək naminə deməliyəm ki, Sovet hakimiyyəti illərində professor Rəşid Göyüşovdan savayı demək olar ki, heç bir arxeoloq Qarabağ ərazisindəki alban-xrisitan abidələrinin tədqiqi ilə məşğul olmadı. Akademiyamızın və Mədəniyyət Nazirliyimizin fəaliyyətsizliyi ucbatından yaranan boşluq sözün əsl mənasında erməni daşnaklarının o yerlərdə, necə deyərlər bütün cəbhəboyu məkrli fəaliyyəti üçün fürsət oldu. Mən reallıqları əsla şişirtmədən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün ölkəmizin şimal və şimal-qərb bölgələrinin həm memarlıq, həm də arxeoloji abidələrinin tədqiqi istiqamətində də oxşar boşluqlar mövcuddur. Hesab edirəm ki, mütəxəssis alimlərin bu qəbildən olan problemləri orda-burda səsləndirməsi ilə əsla kifayətlənmək olmaz. Artıq vaxtdır ki, aidiyyəti qurumlar problemin nə dərəcədə ciddi olduğunu elə o dərəcədə də ciddiliyə alsınlar. Fikrimizcə, indiki halda mövcud reallıqları nəzərə alaraq bu problemlə bağlı xüsusi tədbirlər həyata keçirmək daha məqsədəuyğun olardı.

Hazırda AMEA sistemində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2021-ci il tarixli Fərmanından irəli gələn islahatlar prosesi davam etməkdədir. Əminik ki, bu islahatlar tez bir zamanda öz müsbət nəticəsini göstərəcəkdir.

Qafar CƏBİYEV,

AMEA Arxeologiya, Etnoqrafiya və

Antropologiya İnstitutunun

Albanşünaslıq Elmi Mərkəzinin

rəhbəri, tarix elmləri doktoru, professor.