Tarixi Zəfərimizin yaratdığı reallıqlar
Digər xəbərlər

Tarixi Zəfərimizin yaratdığı reallıqlar

Sentyabr hərb tariximizə Vətən müharibəsinin başlanması ayı kimi yazıldı. Şanlı qələbə ilə başa çatan Vətən müharibəsi həm silahlı qüvvələrimizin peşəkarlığını, qəhrəmanlığını, yüksək döyüş qabiliyyətini, Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyətini, xalq-iqtidar birliyini dünyaya göstərdi, həm də iki yüz ildən bəri davam edən erməni işğalına son qoydu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsi haqqında dünyanın hərbi ekspertləri tərəfindən aparılan təhlillər, cəmi 44 gün davam edən müharibə haqqında yazılan yüzlərlə yazılar çox güman ki, hələ də döyüşlərdə tətbiq edilən taktikanın mahiyyətini tam açıb göstərə bilmir.

Yaxşı deyiblər ki, tarix ən yaxşı bələdçidir, onun məhvərini heç bir qüvvə dəyişə bilməz. Tarixin ibrət dərsləri isə müharibəyə və işğala susayan dövlətləri həmişə ağır məğlubiyyət, məhrumiyyət, faciələr və insan qırğınları ilə üz-üzə qoyub. İki ilə yaxındır ki, Ermənistan bu ağrıları yaşamağa məcburdur, işğalçı xisləti minlərlə ailəni faciələrə, göz yaşlarına, sağalması mümkün olmayan kədərə qərq edib. Vaxtilə torpaqlarımıza köçürülən və burada məskunlaşdırılan ermənilər yaddaş sarıdan həmişə əziyyət çəkirlər, tarixi saxtalaşdırmaq, özgə torpaqlarına göz dikmək, başqa xalqlara qarşı nifrət onların faşist təfəkkürünə, daşnak xislətinə elə hopub ki, uzun illərdir ki, müalicəsi mümkün olmur.

Qarabağda və Şərqi Zəngəzurda silahlı qüvvələrimiz tərəfindən tar-mar edilən, döyüş texnikaları və canlı qüvvəsi məhv olan Ermənistan ordusunun tör-töküntüləri tarixdə baş vermiş keçmiş müharibələrdə olduğu kimi, "yandırılmış torpaq" taktikasından istifadə etdilər. İşğalçılar geri çəkilərkən hər yeri minaladı, hər şeyi dağıtdı, talayıb apara bilmədiyinə isə od vurub yandırdı. Kəlbəcərdə, Laçında olduğu kimi. Bu, həm də yerli əhalinin, torpağın əsl sahibinin bir daha o yerlərdə məskunlaşa bilməməsi üçün edilirdi. Qeyd edək ki, 1977-ci ildə Cenevrə Konvensiyasının bir nömrəli Protokolunun 54-cü maddəsi ilə "yandırılmış torpaq" taktikası qadağan olunub və belə əməllər müharibə cinayəti sayılır. Yəqin ki, Ermənistan bu hərbi cinayətə görə cavab verməli olacaq.

Erməni işğalından azad edilən torpaqlarda biz çox böyük dağıntıların şahidi olduq, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri yer üzündən silinib, yüzlərlə kənd dağıdılıb, tarixi-dini abidələrimiz məhv edilib, Prezidentimizin dediyi kimi, elə bil bu yerlərdən vəhşi qəbilə keçib. Vəhşi düşmən daş üstə daş qoymayıb, hər yeri xarabalığa çevirib. Təbiətdən belə qisas alıblar, ağaclar kəsilib, meşələr qırılıb, yandırılıb, torpaqlar yararsız hala salınıb, yeraltı və yerüstü sərvətlərimiz qarət edilib, bir sözlə, hər tərəfi ölü zonaya çeviriblər. Düşmənin müharibə cinayətləri bununla bitmir. Ermənistan tərəfindən cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə iki dəfə ballistik raket atıldı, Bərdə kasetli mərmilərlə atəşə tutuldu. Tərtərə, Ağdama, Goranboya atılan mərmilərin sayı-hesabı bilinmir. Yüzədək mülki şəxs - uşaq, qadın, qoca erməni faşizminin qurbanı oldu, minlərlə ev, yaşayış binası, infrastruktur dağıdıldı.

Prezidentin tapşırığı ilə Azərbaycandakı diplomatik korpusların əməkdaşlarının, səfirlərin, əcnəbi jurnalistlərin, QHT nümayədələrinin işğaldan azad edilmiş rayonlara səfərləri təşkil olunur, onlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Eyni zamanda, törədilən dəhşətli dağıntılar bir-bir qeydə alınır, sənədləşdirilir. Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdükləri danılmaz faktdır və onların böyük əksəriyyəti əsgərlərimiz tərəfindən döyüş meydanında məhv edilib. Müharibənin ilk günündən mənəvi-psixoloji, döyüş üstünlüyünə malik olan Azərbaycan ordusunun bölmələri Ermənistanın hərbi texnikalarını məhv etdilər. Tam olmayan statistikaya nəzər salaq: 44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda, döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini, bütün infrastrukturu talan edib, dağıdıb və yandırıblar. İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi ölçüyəgəlməz vəhşiliyin şahidi oluruq. Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Yanıldılar. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayıb, Qarabağla nəfəs alıb. Artıq Qarabağa və Şərqi Zəngəzura 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır...

Vətən müharibəsi başa çatandan sonra Azəbaycan sülh sazişi, kommunikasiyaların açılması, ərazi bütövüyünün tanınması ilə bağlı Ermənistana beş müddəadan ibarət təklif verdi. Məğlub Ermənistan hakimiyyətinin bu təklifləri qəbul etməyə sadəcə cəsarəti çatmırdı. Nəhayət, Brüssel görüşündən sonra tunelin sonunda işıq görünməyə başlayıb. Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan arasında bir neçə ay ərzində sülh sazişinin yekunlaşdırılıb imzalana biləcəyini bəyan etdi. Beləliklə, Azərbaycan Prezidenti Ermənistana və beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesaj verdi. Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişib, yeni reallıq yaradıb. Bu gün artıq danışıqlar masası arxasında 30 il davam etmiş status-kvo yoxdur, Dağlıq Qarabağ ifadəsi keçmişdə qalıb, status məsələsi gündəlikdən çıxıb. Əvəzində ermənilər tərəfindən Qarabağın dövrü dağılmış şəhər və kəndlərinin bərpası başlayıb. Ən əsası isə Azərbaycan sülh mövqeyində dayandığını dünyaya bəyan edir. Məğlub Ermənistan isə əvvəlki istəklərində yenə də çabalamağa davam etsə onun üçün nəticələr daha ağır olacaq.

Salman ALIOĞLU,

"Respublika".