Tariximizin qanlı səhifələri
Tarix

Tariximizin qanlı səhifələri

Ermənilərin xalqımıza qarşı törətdiyi genosid, urbisid, kultosid və ekosid bəşəri cinayətlərdir

1992-ci il 26 fevral... Otuz il müddətində, bu tarix yaddaşlarımızı korşalmağa qoymadı, Xocalı soyqırımının yanğısı ilə yaşadıq, intiqam, döyüş, cəsarət, qeyrət bayrağını ucaldıb qana-qanla cavab verəcəyimiz günü gözlədik. O anın yetişəcəyinə inandıq, vətənpərvər Liderin nə vaxtsa qəti addımlar atacağına ümid bəslədik. Ləyaqətin tapdalanmasına yol vermək, qanı yerdə qoymaq olmazdı axı...

Bax, Ermənistan silahlı qüvvələri həmin gecə Xankəndidə yerləşdirilmiş, özü də tərkibi əsasən erməni əsgər və zabitlərindən ibarət olan 366-cı alayının yaxından köməyi və iştirakı ilə Xocalıya soxulub onu əhalisi ilə birlikdə yer üzündən tamamilə yox etdilər. Soyqırım oldu.

Soyqırım və ya genosid. Beynəlxalq hüquq və qanunlara görə, bu, etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi, kütləvi şiddət formasıdır. Bu, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində belə təsbit edilir.

Xocalı soyqırımını bütün dünya mətbuatı təsdiqlədi, "Vaşinqton post", "Tayms", "İzvestiya", "La Mond" və digər mətbu orqanları Xocalı soyqırımını, erməni faşizminin qəddarlığını şahidlərin gözü ilə təsvir etdilər. Amma qatillər cəzalandırılmadılar, əksinə, torpaqlarımızın işğalını daha da genişləndirdilər. Onların cəzasını xalq özü verdi, 2020-ci il sentyabrın 27-də, torpaqlarımızı azad edən Azərbaycan Ordusu Xocalı qurbanlarının qisasını aldı...

Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasəti XVIII əsrin əvvəllərindən başlayır. Belə ki, məhz həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradılacağına dair vəd verir, bu isə təbii ki, erməniləri şirnikləndirirdi. Məskunlaşdırıldıqları Azərbaycan torpaqlarının müxtəlif bölgələrində soydaşlarımıza qarşı qırğınlar törədən ermənilər bu siyasəti fasilələrlə, lakin düşünülmüş, planlı şəkildə davam etdirirdilər. Onların törətdiyi qətliamların sayı-hesabı bilinmirdi, lakin XX əsrdə erməni təcavüzkarları azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirdilər. Bakı şəhərində başlanan erməni vəhşilikləri Azərbaycanın bütün ərazilərini əhatə edirdi. "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər minlərlə azərbaycanlını qətlə yetirdilər. 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda minlərlə azərbaycanlı qılıncdan keçirildi, süngü ilə dəlmə-deşik edilib öldürüldü. Quba soyqırımı məzarlığı deyilənlərə sübutdur. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamların kulminasiya nöqtəsi idi. Bu, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir...

Ermənilər otuz il davam edən işğal dövründə təkcə insanları öldürmədilər, bu məmləkətin torpağını, daşını, havasını, suyunu, meşəsini, gülünü, çiçəyini, göydə səkən quşunu, göldə üzən balığını, daha nələri-nələri məhv etdilər. Yəni ekosid törətdilər.

15 noyabr 1988-ci il Ermənistanın Azərbaycana qarşı hərbi işğalın başlandığı tarix sayılır. Bu tarix həm də ermənilərin ekoloji təcavüzünün başlanğıcıdır. Yağı düşmən Şuşanın Topxana meşəsində əsl ekosid törətdi. Təbiətin bu nadir incisi yandırıldı, nadir ağaclar buldozerlərlə məhv edildi.

Müasir beynəlxalq hüquqa görə, ekosid (ekoloji soyqırımı, təbiətin və ekologiyanın məhv edilməsi), transmilli cinayət olub, ekosistemin tamamilə və ya qismən məhv edilməsi məqsədilə canlı orqanizmlərə, ilk növbədə insanın yaşadığı ətraf mühitə qarşı, habelə bəşəriyyətin ekoloji təhlükəsizliyi əleyhinə yönələn ictimai təhlükəli əməldir.

Bəli, ermənilərin genosidlə ürəkləri soyumadı, ekoloji terrora da əl atdılar. Ətraf mühitə bərpası mümkün olmayan miqdarda ziyan vuruldu, regionda ekoloji tarazlıq pozuldu, Azərbaycan əraziləri ekoloji fəlakət zonasına çevrildi, meşələri yandırdılar, Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edildi, flora və faunaya külli miqdarda ziyan dəydi.

Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yararsız hala salındı. Ermənilərin Oxçuçay terroru isə hələ də davam edir. Belə ki, bu çayın mənbəyi Ermənistandadır. Oxçuçayın çirkləndirilməsi çayın Azərbaycana keçdiyi hissəsindən başlayır.

Ermənilər "təhlükəsizlik zonası" adlandırdıqları Azərbaycan rayonlarının ərazisində 30 illik işğal dövründə mütəmadi olaraq qəsdən yanğınlar törətmişlər ki, bu da torpaq və meşə massivlərinin yanaraq kül olmasına gətirib çıxarmışdır. Bu proses hələ 2000-ci illərin əvvəllərində beynəlxalq təşkilatlarda narahatlıq doğururdu.

Hələ 2006-cı il sentyabrın 7-də BMT-nin Baş Assambleyasının "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinə əsasən ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası regiona 10 günlük qiymətləndirilmə səfəri etmiş və missiya bu nəticəyə gəlmişdi: yandırılmış ərazilər geniş, insanlara, iqtisadiyyata və ətraf mühitə təsiri isə əhəmiyyətlidir.

İşğal dövründə Azərbaycanın faydalı qazıntıları da talan edildi. Ermənilər bu cinayəti beynəlxalq, xarici şirkətlərin iştirakı ilə həyata keçirdi.

Onlar ən alçaq hərəkətlərə əl atırdılar. Ərazisində məskunlaşdıqları azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladıqları Qarabağ və ətraf rayonlarda da misli görünməmiş dağıntılar törədib, tarixi, dini abidələri yerlə-yeksan edib, qəbiristanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıblar. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid (şəhər və kəndlərin tamamilə məhv edilməsi), ekosid və kultosid (mədəniyyət abidələrinin məhv edilməsi) aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub.

Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra əraziləri tərk edən zaman da infrastrukturlara, abidələrə, ətraf mühitə zərər vurub. Bu nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən bir addım atılmayıb. Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır.

Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyasını bölgəyə dəvət etsə də, yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur.

Bu il martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə Avropa dövlətlərinin ölkəmizə qarşı həyata keçirdiyi ikili standartın və riyakar siyasətin, həm 2020-ci ilin sentyabrında başlamış 44 günlük Vətən müharibəsində, həm də Azərbaycanın Zəfərindən sonra dövlətimizə qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür. Əslində, dünyanın ilkin sivilizasiya mərkəzlərindən biri olan Qarabağ kimi qədim tarixə və zəngin mədəniyyətə malik bir regionda "gəlmə element" hesab edilən ermənilər azərbaycanlıların tarixən yaratdıqları maddi-mədəni və dini irsini məhv edəndə Avropa Parlamenti işğalçı dövlətin törətdiyi bu vandalizmə qarşı heç bir tədbir görməmişdi. Sözsüz ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə biməz.

Ermənilər isə törətdikləri cinayətlərə görə cəzasız qalmamalıdırlar.

Zümrüd QURBANQIZI,

"Respublika".