Tariximizin Qərbi Azərbaycan səhifəsi
Digər xəbərlər

Tariximizin Qərbi Azərbaycan səhifəsi

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın ən qədim, təbiətinə görə ən zəngin bölgələrindən biridir.

Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 298 min kvadratkilometr sahəni əhatə edən bu diyar indi erməni - hay dövləti kimi tanınsa da, onun ərazisi son qarışına qədər qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır.

Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, at-qoç heykəlləri, məscid, pir və ocaqlar da təsdiq edir.

İrəvan və Qərbi Azərbaycanın digər ərazilərində məskunlaşdırılan erməni vandalları orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə qanlı aksiyalar həyata keçirdilər.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırdılar. 1918-ci ilin mart ayından etibarən erməni daşnakları Qərbi Azərbaycanda soydaşlarımıza qarşı qanlı cinayətlər törətdilər, çoxları doğma yurdlarını tərk etdilər.

İndiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşmışdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə əzəli Azərbaycan torpağı olan İrəvanı Ermənistana güzəştə gedib. Ona görə də bu gün haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv və heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir.

Terror, şantaj, separatçılıq yolunu seçmiş faşist xislətli ermənilər və onların "Daşnaksütyun" partiyası daim Qərbi Azərbaycan torpaqları və azərbaycanlı əhalinin faciəsi hesabına öz mənfur məqsədlərinə çatıblar.

1920-ci il noyabrın 29-da Ermənistanın sovetləşməsindən az sonra - dekabrda Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz və digər mahalları da xalqımızdan zorla alıb ermənilərə vermişdir.

1929-cu ildə məşhur Nüvədi və daha 11 kənd Ermənistana verilmiş və bununla da Azərbaycan torpaqlarının hesabına Ermənistan dövləti yaradılmışdır.

Xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirmək üçün azərbaycanlıların Qərbi Azərbaycandan zorla köçürülməsi haqqında ilk qərar "Qolos Armeniya" qəzetinin verdiyi məlumata görə, M.Bağırovun və Q.Harutyunovun 3 dekabr 1947-ci il tarixli məktubu ilə əlaqədar verilmişdir. Bu müraciətə cavab olaraq SSRİ Nazirlər Soveti iki qərar qəbul etmişdir. Birincisi 29 dekabr 1947-ci il tarixli "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 nömrəli qərar idi. İ.Stalinin imzaladığı həmin qərar azərbaycanlılar üçün gözlənilməz zərbə, açıq repressiya idi. Bu qərarda heç bir arqument göstərilmədən nəyin bahasına olursa-olsun azərbaycanlıların Ermənistandan köçürülməsi tələb olunurdu.

SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixi qərarında isə birinci qərarın yerinə yetirilməsi üçün tədbirlər planı şərh edilirdi.

SSRİ Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli 4083 nömrəli qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük" prinsipləri əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüldü. "Könüllülük" ifadəsi xüsusi məqsədlə qərara salınmışdı, əslində isə bu qəti repressiya idi. İ.Stalinin ölümündən sonra köçürülmə dayandırılmış və əks proses başlanmışdı. Axta, Yeğeqnadzor, Qarabağlar, Əzizbəyov və digər dağ rayonlarından zorla Kür-Araz vadisinə köçürülən əhalinin aqibəti daha kədərli olmuşdur.

Qərbi azərbaycanlıların öz doğma ata-baba torpaqlarından qovulması, son deportasiya 1988-ci ildə baş vermiş, Moskvadakı rəhbər vəzifələrdə çalışan ermənipərəst qüvvələrin, xüsusilə M.Qorbaçovun xəyanəti ucbatından qış aylarında 300 minə yaxın soydaşımız yaşadıqları ərazilərini məcburən tərk etmişlər.

Mən şəxsən Qərbi Azərbaycanın Dərələyəz mahalındanam. Düz 35 ildir ki, Vətən, yurd həsrəti ilə yaşayıram. Yurdumun hər qarışına bələdəm. Bu şəhər tipli qəsəbə Əzizbəyov-İrəvan-Əzizbəyov şose yolunun kənarında, Arpa rayonunun sərhədində yerləşirdi. Rayon şərqdən Zəngəzur, şimaldan Basarkeçər dağları ilə əhatə olunmuşdur. Arpa çayının Pşonk, Dərb, Herher qolları Əzizbəyov rayonunun ərazisindən axır. Müxtəlif filiz yataqları və bazalt daşı ehtiyatları ilə zəngin idi. Cermuk və Herher çayları arasında böyük qoruq salınmışdı.

1988-ci ilədək rayonda 21 kənd olmuşdur ki, onlardan 11-də azərbaycanlılar yaşayırdı. Bu gün erməni işğalı altında olan Dərələyəz mahalının hər qarışında azərbaycanlıların ayaq izləri var. Mütləq, mütləq biz o yerlərə dönəcəyik...

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə başçısı həmin toplantıda vurğuladı ki, bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır. Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.

Xalqımız 2020-ci ildən Ermənistan üzərindəki qalibiyyətimizin sevincini yaşayır. Tarixi zəfər qazandıq, işğal altında olan torpaqlarımız azad olundu. İndi isə əsas hədəfimiz Qərbi Azərbaycana qayıdışı reallaşdırmaqdır. Bu məqsədlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanmışdır.

Qərbi azərbaycanlılar ata-baba yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Bu sahədə Qərbi Azərbaycan İcmasının fəaliyyəti təqdirəlayiqdir. İcmada yurd həsrətli insanlarla mütəmadi görüşlər keçirilir. Bu isə Qərbi azərbaycanlılar tərəfindən razılıqla qarşılanır.

Rəsul BAYRAMOV,

WEST APPLİANCES MMC-nin direktoru.