Tariximizin Zəfər salnaməsi
Region

Tariximizin Zəfər salnaməsi

44 gün ərzində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Ermənistan ağ bayraq qaldıraraq Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı.  Tarixi qələbə münasibətilə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin təşkilatçılığı ilə “Möhtəşəm qələbəmizin Zəfər salnaməsi ” adlı tədbir keçirildi.

Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, bir qrup Vətən müharibəsi qaziləri, şəhid ailələri, məktəblilər, hərbi təlim müəllimləri iştirak edirdi. Tədbir iştirakçıları ilk öncə Sabirabad rayonunun mərkəzi meydanında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini, daha sonra Sabirabad Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə mərasim açıq elan olundu. Sonra vətən uğrunda canından  keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi, Əlisafa Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və İkinci Vətən müharibəsi qazisi Murad Bağırov çıxış edərək Zəfər tariximizdən və bu zəfərin əldə olunmasından danışdılar.

Sonra Vətən müharibəsində göstərdikləri şücaətə görə ölümündən sonra təltif olunan  şəhidlərin medalları onların valideynlərinə təqdim olundu.

Tofiq HÜSEYN,

“Respublika”.