Tarixin qəhrəmanlıq və qürur dolu 44 günü
Siyasət

Tarixin qəhrəmanlıq və qürur dolu 44 günü

44 günlük Vətən müharibəsinin bir ili tamam olsa da, bu savaşda Azərbaycan əsgərinin misilsiz qəhrəmanlıqları təkcə ölkəmizdə deyil, bütün dünyada dillərdə dolaşmaqdadır. Görünən odur ki, qəhrəman oğullarımız elə qeyri-adi şücaət göstərmişlər ki, bu, hələ uzun illər boyu dillərdə dastan olacaqdır.  İkinci  Qarabağ savaşı -- Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu savaş təkcə Ermənistan tərəfindən otuz ilə yaxın işğalda saxlanılan torpaqlarımızın azad edilməsi deyil, həm də bir şərəf, qürur savaşı idi. Erməni faşizminin məhv edilməsi savaşı idi, ermənilərin uzun onilliklər boyu xəyalını qurduqları “Dənizdən-dənizə Ermənistan” məkrli planının alt-üst olması idi.

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın mübarizə əzmini sarsıda və qələbəmizin böyüklüyünə kölgə sala bilmədi.

Bu haqq  savaşında şəhidlərimiz  həmvətənlərimiz  arasında itkin düşənlər, yaralanaraq sağlamlığını
itirənlər, qazi olanlar vardır.  Elə torpaqlarımız  da məhz onların qanı-canı bahasına işğaldan azad edildi. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.

Dövlətimizin başçısı hər zaman müharibə iştirakçılarına, qazi və şəhid ailələrinə böyük diqqət və qayğı nümayiş etdirir. Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram, vəfa borcumuzdur.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Qazilərimizin istər respublikamızda, istərsə də xarici ölkələrdə müalicə almaları, sağlamlıqlarını bərpa etmələri istiqamətində Mehriban xanımın fəaliyyəti misilsizdir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar”.

44 günlük savaş bütün itkilərinə və ağrı-acısına baxmayaraq, tariximizin şanlı səhifəsidir.  Ona görə  müharibənin başlandığı 27 Sentyabr şəhidlərimizin Anım Günü, həm də haqlı olaraq qürur və şərəf günü kimi qeyd olunur. Azərbaycan xalqı, dünyadakı bütün azərbaycanlılar tarix boyu 27 Sentyabr – Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!

 Namidar MİSİRZADƏ, 

 Şirvan Kommersiya Məhkəməsinin sədri.