Tarixin qızıl hərflərlə yazılmış səhifəsi
Digər xəbərlər

Tarixin qızıl hərflərlə yazılmış səhifəsi

Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti sayəsində müzəffər Ordumuzun qazandığı Zəfər mənfur qonşumuzu təslim olmağa məcbur etdi. Dəryada boğulan əlini saman çöpünə atdığı kimi erməni qəsbkarları da dünyada analoqu olmayan cinayətlərə əl atdılar. Mülki insanları raket atəşinə tutub körpələri, ahıl adamları, qadınları qətlə yetirmək erməni xisləti barədə təsəvvürü olmayanlarda da təsəvvür yaratdı, bütün bəşəriyyətə bu iyrənc millətin iç üzünü göstərdi.

Kürdəmir rayonu müharibə bölgəsindən on kilometrlərlə uzaqda yerləşir. Hətta bu rayonun da ərazisinə raket atıldı. Müxtəlif istiqamətə atılan raket zərbəsi nə qədər bərk səs-səda yaratsa da, əhali arasına qorxu-vahimə sala bilmədi. Çünki ölkəmizdə uşaqdan-böyüyə hamı bu zərbələrin əsl mahiyyətini yaxşı başa düşürdü. İçərimizdə xof yaratmaq, insanları ruh düşgünlüyünə, bədbinliyə düçar etmək... Erməni qəsbkarları ünvanı səhv saldılar. Onlar birdəfəlik başa düşmədilər ki, Azərbaycan xalqı ilə iqtidar və ordu arasında sıx birlik var. Bu birlik şanlı ordumuzun müzəffər qələbəsində, bir-birinin ardınca işğaldan azad olunan yurd yerlərimizdə dalğalanan üçrəngli bayrağımızda özünü göstərdi. Ali Baş Komandan necə də gözəl deyib: "Otuz ildə başa sala bilmədiklərimizi biz onlara otuz gündə başa saldıq".

Təbabət elmində belə bir qayda var; xəstəlik dava-dərmanla, ev şəraitində müalicə ilə insan bədənindən götürülməsə, xəstə cərrahiyyə əməliyyatına aparılmalıdır. Erməni xislətində sağalmaz xəstəlik var, biz beynəlxalq qanunlar çərçivəsində, insanpərvərlik, humanizm ideyaları əsasında siyasətimizi davam etdiririk. Dünyanın sülhsevər ölkələri bizim siyasətimizi bəyənir və dəstəkləyir. Bədnam ölkənin rəhbərliyi ölkəsinin düşdüyü çıxılmaz vəziyyəti dərk edib sülhə imza atmaq əvəzinə özünə tərəfdaş axtarışındadır. Ermənistanda 44 günlük müharibə dönə-dönə xatırlanmalıdır. Ordu fərarilik etdi, adamlar rüşvət verib "koronaya tutulduqları" barədə saxta arayış alıb döyüşə getməkdən imtina etdilər. Ermənilər gördülər ki, müzəffər yürüşlü Azərbaycan Ordusu dünyada ən güclü ordulardandır. Ordunun gücü mükəmməl silah-sursatla yanaşı, həm də xalqımızın Böyük Qələbəyə sonsuz inamıdır. Ordunun gücü Ali Baş Komandanın möhkəm siyasi iradəsi, dəmir qətiyyətidir.

Rabil HÜSEYNOV,

Şirvan şəhər sakini, həkim.