TARİXİN SINAQLARINDA GÜCLƏNƏN QÜDRƏTLİ ORDU
Türk dünyası

TARİXİN SINAQLARINDA GÜCLƏNƏN QÜDRƏTLİ ORDU

30 AvqustTürkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr günüdür

Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.

1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal paşanın komandanlığı ilə Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri tərəfindən masa üzərinə atılan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirmiş olurdu.

Mustafa Kamal paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan türk xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi. 1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı "Böyük Hücum" zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.

1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.

İki həftə içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi.

Bu gün əminliklə deyə bilərik ki, Türkiyə dövləti qüdrətli hərbi qüvvələrə malikdir. Son altı ildə keçirilən əməliyyatların uğurları Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına daxil etməyə əsas verir. "Biz ordunun möhkəmləndirilməsi və dünyanın ən güclü ordusuna çevrilməsi istiqamətində addımlarımızı davam etdirəcəyik", - deyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq bütün digər sahələrdə olduğu kimi, hərbi sahədə də dərinləşməkdədir. Sovet İttifaqının dağılmasından sonra hərbi müstəvidə Türkiyə və Azərbaycan arasında münasibətlərin getdikcə dərinləşən, iki qardaş ölkə ordusunun hərbi ittifaqa qədər qüvvətlənən bir modeli ortaya qoyulmuşdur. İlk gündən etibarən Azərbaycanın regional təhlükəsizlik ehtiyacını diqqətə alan qardaş Türkiyə bizim hərbi baxımdan güclənməyimizə çalışmış, bunu Türkiyənin də regionda güclənməsi kimi dəyərləndirmiş və bu sahədə mümkün olan dəstəyi əsirgəməmişdir.

İki qardaş ölkə ordularının əməkdaşlığı yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitlik və təhlükəsizliyin təmini, ortaq güc formalaşdırmaq yolu ilə milli problemlərin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə əməkdaşlığı yönündə ilk addım 11 avqust 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilənin bağlanması ilə başlamış, 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması" çərçivəsində hərbi təhsil sahəsində əməkdaşlıqla davam etmiş və ən nəhayət, hərbi ittifaq səviyyəsinə qədər yüksəlmişdir. İki qardaş ölkə arasında qarşılıqlı milli maraqların təmin edilməsi ilə birlikdə Türkiyə Silahlı Qüvvələri digər bir istiqamət olan Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsi, Avratlantik məkana inteqrasiyası məsələsində də əməkdaşlığa mühüm töhfələr vermişdir. Bakı Ali Hərbi Məktəbi də Türkiyənin aktiv iştirakı və köməyi ilə NATO standartlarında təhsil verən təhsil ocağına çevrilmişdir.

İki ölkə ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması və Silahlı Qüvvələrin hazırlıq səviyyəsinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyan digər bir məsələ isə heç şübhəsiz ki, birgə hərbi təlimlərlə bağlıdır. Azərbaycanla Türkiyə arasında bu günə qədər keçirilən birgə hərbi təlimlərin sayı yüzlərlə ölçülür ki, buna da hər hansı bir digər ölkənin nümunəsində rast gəlmək mümkün deyil.

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq təkcə iki qardaş ölkənin hərbi potensialının artırılması baxımından deyil, həm də bölgədə sülh və təhlükəsizliyin təmini baxımından da mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər nəticəsində Cənubi Qafqazda yaranan yeni geopolitik güc balansını təhlil edərkən görürük ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq böyük rola malikdir.

Xüsusilə vurğulamaq lazımdır ki, iki ölkə arasında hərbi əməkdaşlıq bütövlükdə özündə bir neçə məsələni ehtiva edir. Bunlardan birincisi NATO ilə əməkdaşlıqla bağlıdır. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. Digər məsələ, Azərbaycanın təhlükəsizliyi ilə bağlı iki ölkə arasında imzalanmış strateji müqavilələrdir. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar öz əksini tapıb. Xüsusilə də, iki ölkə arasında imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir. Ən nəhayət, Türkiyənin milli və regional maraqları, qardaş ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələni daha da aktuallaşdırır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan, Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.

Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətli mübarizə aparıb. Sülhsevər, humanist, bəşəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşların gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə öz tarixinə yeni səhifələr yazıb.

Türk ordusu dedikdə, ilk öncə gözlərimizin önündə yurdsevər, vətənsevər, millətsevər, bayraqsevər, ürəyində Vətən sevgisi alışıb yanan yüksək nizam-intizamlı, qüdrətli bir ordu canlanır. Vaxtilə böyük türk imperatoru Mətə xaqan nizam-intizamın bir ordu üçün qəhrəmanlıqdan da üstün olduğunu anlayır və bu düşüncə ilə tarixin ən intizamlı ordusunu qurur.

Türkiyə Cümhuriyyəti türk millətinin XX yüzillikdə cahan tarixinə qızıl hərflərlə yazmış olduğu bir qəhrəmanlıq dastanıdır. Yarandığı gündən yer üzündə əmin-amanlığı bərqərar etməyə çalışan türk dövlətləri özlərinin mütərəqqi islahatları və mədəni quruculuq səyləri ilə bəşər mədəniyyəti xəzinəsinə yeni-yeni töhfələr veriblər. Artıq qeyd etdiyimiz kimi, bütün bu proseslər düşmən qüvvələrə qarşı çətin və qanlı müharibələrlə müşayiət olunub. Türklərin yenildiyi məqamlar da olub. Lakin böyük təşkilatlanma qabiliyyətinə malik olmaları onlara böyük zəfərlər qazandırıb. 30 avqust zəfəri isə türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal paşa Türkiyə Cümhuriyyətini elan etdi.

Emin QASIMOV,

"Respublika".