Tatyana Valovaya: Azərbaycan BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaşdır
Siyasət

Tatyana Valovaya: Azərbaycan BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaşdır

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova IX Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən sədr Sahibə Qafarova bu səfərin BMT-nin Cenevrədəki bölməsi ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun əhəmiyyətindən danışan Milli Məclisin sədri, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, ölkəmizdə keçirilən bu kimi tədbirlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, bir sıra qlobal məsələlərin müzakirəsinə, yeni ideya və təşəbbüslərin meydana gəlməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Bir neçə gün əvvəl BMT Baş Məclisinin 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə Milli Məclisdə görüşünü xatırladan Sahibə Qafarova həmin görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Milli Məclisin sədri bildirib ki, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi tamam olub və cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu münasibətlə konfrans keçirilib. Sədr qeyd edib ki, Azərbaycan BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın bir neçə sessiyasının çağırılmasının təşəbbüskarı olub və həmin sessiyalarda pandemiya ilə əlaqədar mühüm qətnamələr qəbul edilib. Bundan başqa, ölkəmiz Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradıb. İnanırıq ki, Parlament Şəbəkəsinin Birinci Konfransı bütün üzv ölkələr üçün faydalı olacaq.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, hazırda Azərbaycan postmünaqişə dövrünü yaşayır. Ölkəmiz davamlı sülh və sabitliyin tərəfdarıdır. İnanırıq ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə təkcə region ölkələrinin deyil, digər ölkələrin inkişafı üçün də faydalı olacaq.

Azərbaycana səfərindən məmnunluğunu bildirən BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin Baş direktoru Tatyana Valovaya ötən 30 il ərzində Azərbaycanın böyük uğurlar qazandığını və inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaşdır. O, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən razılığını bildirib, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə digər ölkələrə yardımlarına görə təşəkkür edib.

Söhbətdə gender bərabərliyi, qadınların təhlükəsizlik məsələlərində, hərbi münaqişələrin həllində, siyasətdə iştirakı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC