Taxıl biçininə hazırlıq işləri başa çatıb
İQTİSADİYYAT

Taxıl biçininə hazırlıq işləri başa çatıb

Respublikada taxıl biçininə hazırlıq işləri başa çatıb. Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

5 iyun Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir. Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Aqrar İnkişaf Mərkəzlərində qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün Nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qərargah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişatı gündəlik olaraq nəzarətdə saxlanılır və operativ zəruri tədbirlər həyata keçirilir.

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri həyata keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib.

Hər il olduğu kimi bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçiriləcək. Biçin prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur.

“Respublika”.