Taxılçılığın inkişafında aqrar elmin də üzərinə ciddi vəzifələr düşür
Region

Taxılçılığın inkişafında aqrar elmin də üzərinə ciddi vəzifələr düşür

"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanında  ölkədə  bu sahənin inkişafı üçün aqrar sektorun qarşısına  çox vacib və konkret vəzifələr qoyulmuşdur.

Bəs bu gün ölkəmizdə taxılçılığın inkişafı, özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün hansı imkan və şərait var, həmin imkan və şəraitdən səmərəli istifadə olunurmu, müvafiq Fərman qarşıda hansı perspektiv açır?

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, "Taxıl və paxlalı bitkilər" sahəvi laboratoriyasının müdiri, Əməkdar kənd təsərrüfatı işçisi Firudin Qurbanovla söhbətimiz bu barədədir.

- Firudin müəllim, iqtisadiyyatın bütün digər sahələri kimi, aqrar sahənin də inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək var, hərtərəfli qayğı göstərilir. Xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı güzəştlər tətbiq edilir. Amma bu gün bütün dünya ölkələrində qlobal səviyyədə ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar həyəcan təbili kimi səslənir. Dünyanın taxıl anbarı hesab edilən ölkələr arasındakı münaqişə vəziyyəti daha da çətinləşdirir. Respublikamız da taxıl istehsal edən ölkələr sırasındadır. Perspektivləri necə qiymətləndirirsiniz, ölkə başçısının Fərmanı mövcud imkan və şəraitdən daha səmərəli istifadə etmək üçün hansı üfüqlər açır?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanında ölkənin buğda ilə təminat səviyyəsinin yüksəldilməsi ilə bağlı Nazirlər Kabinetinin, Dövlət Ehtiyatları və Aqrar Kredit və İnkişaf Agentliklərinin, Respublika Dövlət Statistika Komitəsinin, Aqrar Subsidiya Şurasının, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyətinin, o cümlədən də Maliyyə Nazirliyinin qarşılarında kompleks vəzifələr qoyulmuşdur. Fərman indiki dövrdə çox mühüm, taleyüklü əhəmiyyət kəsb edir. Bu gün ərzaq təhlükəsizliyi bəşəriyyət üçün həyəcan təbili kimi səslənir. Dünyanın taxıl anbarlarından hesab olunan ölkələr arasındakı münaqişə mövcud vəziyyəti daha da kəskinləşdirir. Ona görə də ölkə başçısı dünyada baş verən ərzaq çatışmazlığı fonunda kənd təsərrüfatı bitkilərinin, xüsusilə də taxılçılıqda məhsuldarlığın artırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıya təxirəsalınmaz vəzifələr qoymuşdur. Buğda idxalı azaldılmalı, yerli məhsul hesabına əhalinin ərzağa olan tələbatını ödəmək üçün aqrar sahənin qarşısında duran vəzifələr bütünlüklə həyata keçirilməlidir. Hər hektardan məhsul götürülməsi artırılmalıdır.        

- Bəs, nə etməli, nədən başlamalıyıq?

- Ölkə başçısının qarşıya qoyduğu vəzifələrin bütünlüklə həlli kompleks tədbirlər nəzərdə tutur. Toxum kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının bünövrəsi, ən başlıca amilidir. Toxumun keyfiyyəti nə qədər yüksəkdirsə, ondan inkişaf edən bitkilər də o qədər güclü və məhsuldar olur. Ona görə də toxumların təmiz, cücərmə qabiliyyətinin yüksək, dolğun, sağlam olması və yüksək təsərrüfat tələbkarlığı çox mühüm şərtdir.

Toxumçuluqda həlli vacib problemlər var. Onlar əsasən, sortlar və onların toxumları üzərində nəzarətin olmaması, beynəlxalq təcrübəyə əsaslanmayan seleksiya fəaliyyətinin aparılması, toxum istehsalı və tədarükündə pərakəndəlik, o cümlədən toxum bazarı və dövriyyəsindəki mövcud problemlərdir. Toxum istehsalı ilə məşğul olan təsərrüfatların maddi-texniki bazasının zəifliyi, toxumların saxlanmasının təşkilində baş verən çatışmazlıqlar, özəl toxum istehsalçılarının işinin qeyri-mütəşəkkilliyi, superelit və elit toxum istehsalı üçün planlaşdırmanın zəif aparılması, toxum istehsalı istiqamətində beynəlxalq layihələrin yetərincə olmaması da toxumçuluqda olan problemlərdəndir. Heç şübhəsiz, yeni Fərmanda qarşıya qoylmuş vəzifələrin uğurla həyata keçirilməsi toxumçuluğa kömək və dəstək siyasətinin inkişafında, toxum sahələrində nəzarət sisteminin gücləndirilməsində, bu sahədə azad bazar strukturunun yaradılmasında, beynəlxalq standartlar və sertifikatlaşdırma sisteminin tətbiqində yeni imkanlar açacaq. Özəl toxumçuluq sisteminin inkişafına, toxumçuluqla məşğul olan kadrların bilik və bacarıqlarının artıtılması kimi tədbirlər sisteminin işlənib hazırlanmasına da öz töhfəsini verəcək.

Ən vacib məsələlərdən biri fermerlərin biliklərə hərtərəfli yiyələnməsidir. Təəssüf hissi ilə qeyd etməliyik ki, bizdə fermerlərin böyük əksəriyyəti bu sahənin mütəxəssisi olmadığı üçün həmin məsələlər diqqətdən kənarda qalır. Əgər yüksəkkeyfiyyətli toxumlarla səpin aparılarsa və aqrotexniki tədbirlər düzgün yerinə yetirilərsə, məhsuldarlığı 20-30 faiz artırmaq mümkündür. Keyfiyyət göstəriciləri yüksək olan toxumdan isitifadə ən əsas işlərdəndir.

- Təsərrüfatlarda tez-tez olur, işlərin gedişini müşahidə edirsiniz. Fərmandan irəli gələn vəzifələrin bütünlüklə həyata keçirilməsi üçün ilk növbədə hansı addımlar atılmalıdır?

- Müşahidə və təhlillər göstərir ki, fermerlərin böyük əksəriyyəti mənbəyi və mənşəyi bilinməyən material ilə səpin aparırlar. Rayonlaşmamış, sertifikatı olmayan, bazardan alınmış toxum ilə aparılan səpinlərdən isə yüksək məhsuldarlıq gözləmək mümkün deyil. Xalqda da gözəl bir deyim var: Nə tökərsən aşına, o da çıxar qaşığına.

Maarifləndirmə tədbirləri aparılmalı, alim və mütəxəssislər tərəfindən vaxtaşırı treninqlər keçirilməlidir.

Fərmanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri nəzərdə tutulur. Bu da təsadüfi deyil. Dünya ölkələrində qlobal səviyyədə ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar eşidilməkdədir. Azərbaycanın kənd təsərrüfatında ərzaqlıq buğda əkinlərini təşviq etməkdə bu Fərmanın əhəmiyəti çox böyükdür. Sənədə əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Fermerlər bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Bununla yanaşı, yeni sənəd ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edir. Fərmandan sonra hökumət ərzaqlıq buğdanın bu il üçün alış qiymətini müəyyənləşdirib.    

Yeni innovativ texnologiyalar tətbiq etməklə keyfiyyətli toxum istehsalı, sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi, taxıl sahələrinə düzgün aqrotexniki qulluq, suvarma suyu ilə təminat, bitkilərin məhsuldarlığı və keyfiyyətinin yüksəldilməsi üçün müasir resursqoruyucu texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin geniş tətiqi ilə bağlı qarşıya konkret vəzifələr qoyulmuşdur. Fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlanmasının vacibliyi xüsusi qeyd olunmuşdur.

Bu vəzifələrin uğurla həyata keçirilməsinə dəstək vermək üçün Azərbaycan Dövlət Aqrar Universiteti də geniş imkanlara malikdir. Universitetdə yeni toxum sortlarının yaradılması və onun təcrübədən keçirilməsi sahəsində geniş elmi-tədqiqat işləri aparılır, yeni, daha məhsuldar toxum sortları yaradılır.

Hər zonanın torpaq-iqlim şəraitinə uyğun sortların yetişdirilməsi çox vacibdir. Bu baxımdan universitetimizdə geniş elmi-tədqiqat işləri aparılır. Belə ki, taxıl və paxlalı bitkilər laboratoriyası zəngin materiallara malikdir. Bizim bu laboratoriyada 400-dən yuxarı taxıl bitkilərinin genofond nümunələri toplanmışdır. Taxıl bitkilərinin bütün yabanı və mədəni növləri, növ müxtəliflikləri burada cəmlənmişdir. Biz onların üzərində hibridləşdirmə işləri aparırıq.

- Firudin müəllim, toxum və sort amilləri ilə yanaşı, bəzi məsələlər də vardır ki, taxıl əkini zamanı onları da mütləq nəzərə alınmalıdır. Məsələn, torpaq analizi...

- Haqlısınız, bol məhsul üçün torpaqları analiz etmək, tanımaq, lazımi qida elementləri ilə zənginləşdirmək çox vacib məsələlərdir. Analiz etmədən, hansı qida elementinə ehtiyac olduğunu bilmədən səpin aparmaq, gübrələri necə gəldi vermək olmaz. Bu, əksinə, daha pis nəticə verər, torpağın korlanmasına səbəb olar. Gübrələrin baha olduğu, tərkibinin, keyfiyyətinin dəqiq bilinmədiyi halda bu, daha mənfi nəticələrə aparıb çıxara bilər. Bəzən fermer, az məsrəf olsun deyə, ucuz gübrə alaraq tətbiq edir və sonda zəhməti hədər gedir, xərci də batır. Odur ki, bu məsələyə də diqqət yetirilməlidir. Gübrələrin düzgün və vaxtında verilməsi yüksək məhsuldarlığı təmin edən çox mühüm şərtlərdəndir.

Əgər fermer yüksək məhsul istəyirsə, o, yüksək aqrotexniki tədbirlər həyata keçirməli, növbəli əkinə əməl etməli, əkindən biçinə qədər sahəni diqqətdə saxlamalıdır. Lakin fermerlərimiz bəzi hallarda səpində gedib, bir də biçin vaxtı sahəyə gəlirlər. Belə etinasız yanaşma da mənfi nəticələrə səbəb olur.

Bir məsələyə də diqqət yetirmək lazımdır. Elə ki, biçin yekunlaşır, bəzi fermerlər sahəni yandırır, bunun xeyri olduğunu düşünürlər. Buna qətiyyən yol vermək olmaz. Biz bununla torpağı məhv edirik. Onun strukturunu pozur, faydalı mikroorqanizmləri öldürür, məhsuldarlığı aşağı salırıq.         

- Bəs, biçindən sonrakı mərhələdə hansı işlər görülməlidir?

- Sahə gecikmədən şumlanmalı, imkan varsa, onu sulamalı, sahədə olan müxtəlif toxumların cücərməsinə, ziyanvericilərin isə məhv edilməsinə çalışılmalıdır. Növbəti mərhələdə sahədə şumun, eləcə də optimal müddətdə şumun aparılması vacibdir. Səpini tez və ya gec aparmaq olmaz.

Bitkilərin inkişaf fazaları izlənməli, lazım olan aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bura sahənin suvarılması, ziyanvericilərə qarşı mübarizənin aparılması, yemləmə gübrələrin verilməsi və digərləri daxildir. Bəzən payız aylarında havanın yağmurlu keçməsi əkinçilərimizi aldadır. Onlar bunu kifayətedici sanır, suvarma həyata keçirmirlər. Əksinə, bitkinin inkişaf fazalarında daha diqqətli olmaq lazımdır.            

Ölkəmizdə müxtəlif suvarma sistemlərindən, qurğularından istifadə etməklə vegetasiya suvarmaları həyata keçirilir. Bu, təqdirəlayiqdir.

Bitkilərin qışlama dövründə də onlara müəyyən aqrotexniki qulluq göstərilməlidir. İlk növbədə ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir. Bəzən qış aylarında bu tədbirlər həyata keçirilmir. Bu halda da yüksək məhsuldarlıq əldə etmək mümkün deyildir. Bəzən bu tədbirlər həyata keçirilsə də, yüksək məhsuldarlıq əldə edilmir. Bunun da başlıca səbəbi yuxarıda qeyd etdiyimiz kimi, keyfiyyəti aşağı olan, ucuz dərman və preparatlardan istifadədir.

Bir məsələni də qeyd edim. Son illər dövlət təkrar əkinlərə xüsusi üstünlük verir, taxılın biçinindən sonra sahələrdə ikinci bir bitkinin əkininə ayrıca subsidiya verir. Bu zaman təkrar əkinin hansı məqsədlə aparılmasına diqqət yetirmək lazımdır. Əgər sahə dən məhsulu üçün əkilirsə, o zaman qısa vegetasiyalı, yəni tezyetişən sort və hibridlərə üstünlük vermək lazımdır. Yox, silos məqsədilə əkilirsə daha hündürboylu, uzunvegetasiyalı sort və hibridlərin əkilməsi tövsiyə olunur.

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox ciddi şəkildə qarşıya qoyduğu buğda idxalını azaltmaq, yerli məhsul hesabına əhalinin ərzağa olan tələbatını ödəmək tapşırığı bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Ölkəmizdə taxılçılığın inkişafı üçün hər cür imkan və şərait var. Həmin imkan və şəraitdən səmərəli istifadə olunmalı, işə can yandırılmalıdır.

Hazırladı:

Vaqif TANRIVERDİYEV,

"Respublika".