“Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr
İQTİSADİYYAT

“Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr" mövzusunda müşavirə

Taxıl kənd təsərrüfatında ən vacib məhsuldur və ölkənin ərzaq təhlükəsizliyi problemində müstəsna rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022- ci il tarixli Fərmanından sonra sahənin inkişafına diqqət daha da artırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkənin ən böyük taxılçılıq rayonu olan Şəkidə "Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr" mövzusunda bölgə müşavirəsi keçirilib. Müşavirədə nazirlik Aparatının, tabeli qurumların, elmi-tədqiqat institutlarının nümayəndələri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan 300 nəfərə yaxın fermer iştirak edib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev bildirib ki, aqrar sektorda taxılçılığın da inkişafına xüsusi diqqət yetirilir. Taxıl əkinləri subsidiyalaşdırılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri genişləndirilir, məhsuldarlığın, taxılçı fermerlərin gəlirlərinin artması üçün müvafiq tədbirlər görülür. Payızlıq əkinlər ərəfəsində nazirlik tərəfindən fermerlər arasında maarifləndirmə işləri aparılır, fermerlərin sertifikatlaşdırılmış keyfiyyətli toxuma çıxışını təmin etmək üçün sərgi-satış yarmarkaları keçirilir.

Müşavirədə torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkin sahələrinin vaxtında şumlanması, torpaqda olan nəmliyin maksimum dərəcədə qorunması, düzgün toxum seçimi, aqrotexniki qulluq qaydalarının vaxtında və düzgün aparılması, payızlıq əkin bəyanlarının dekabrın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Sonda 2021/2022-ci il taxıl mövsümündə yüksək məhsuldarlıq əldə edən, biçin prosesində fərqlənən fermer və mexanizatorlar nazirliyin diplomları ilə təltif olunublar.

Nəriman CAVADOV,

"Respublika".