Təbiət və biz: Kür qırağının meşələri
Region

Təbiət və biz: Kür qırağının meşələri

İnsan ömrünün bir hissəsi yaşanmış günlərin xatirələrini vərəqləməyə sərf olunur. Acılı-şirinli xatirələr isə saysız-hesabsızdır. Budur, yetmişinci illər... Qapıbir qonşumun təkidi ilə Sabirabad rayonunun Həşimxanlı kəndinə yola düşürük. Deyir yaxın qohumum Kür qırağında, qalın meşə ərazisində gübrəsiz-dərmansız bostan becərib. Gedib görüşək, yəqin maşına bostan məhsullarından  pay da qoyar. Etiraz etmirəm.

Maşın asfaltdan düşüb meşəliyə daxil olur. Təbiətin əsrarəngiz gözəlliyi ilə qarşılaşırıq. Palıd, qarağac, saqqızağacı, qovaq, söyüd ağacının yarpaqları  həzin küləyin sərinliyini ətrafa yayır. Budaqdan-budağa qonan meşə toyuqlarının qaqqıltısı nəğmə təsiri bağışlayır. Araba təkərlərinin saldığı izlə, həm də qurumuş otun-tikanın  maşına  yaratdığı çətinliklə bostan yerinə çatırıq. Meşənin ortasındakı talada, təxminən bir hektar sahədə əkilən yamyaşıl  yemiş, qarpız, bibər, badımcan kolları saf, təmiz məhsuldan xəbər verir. Bostançı özü harasa gedib. Çardaqda yarısı yeyilmiş iri qarpız parası, çardağın yaxınlığında tüstülənən ocağın üstündə şişə keçirilmiş  ət parçaları görünür. “Yəqin dovşan ətidir”, qonşum deyir, buralarda dovşan çox olur”. Ocaqla işimiz yoxdur, para qarpızı dilimləyib dadına baxırıq. Bəli bu, təbiətin əsl təmiz nemətidir; şirin, bal kimi...

- Bu cür təmiz qarpız ancaq meşə torpağında becərilir. Kürün qırağında illər boyu təmizlənib safa çıxan, meşənin təbii gübrəsi ilə qidalanan torpaq can dərmanı yetirər.

Sabirabadın rayon mərkəzinə iki yol uzanır. Biri Hacıqabul-Mincivan yolu, digəri Kürqırağı köhnə yoldur. Ona sabirabadlılar “dədə-baba yolu” deyirlər. Biz bir vaxt  həmin  yolla Həşimxanlı yaxınlığındakı meşəyə getmişdik. Sonralar dədə-baba yolu ilə Sabirabadın Dadaşbəyli, Qaragüney, Osmanlı, Şıxsalahlı, Qartoğay, Güdəcüyür, Axtaçı kəndlərini keçib dəfələrlə rayon mərkəzinə getməli olmuşam. Bu kəndlərin hamısı Kür qırağında yerləşir. Onların hamısı bir vaxtlar meşələrlə əhatə olunmuşdular. İndisə bu meşələrin yerində daş evlər, hasara salınmış həyət-baca görünür.

Güdəcüyür kəndində doğulub böyüyən, uzun illər neft sahəsində çalışmış təqaüdçü Vaqif Süleymanov deyir:

- Meşələrin ağacları qırıldı, münbit meşə torpaqları əkin sahəsinə çevrildi. İndi bu yerlərdə bir-iki dənə qovaq ağacı gözə dəyir. O ağaclar da su nasosları olan ərazidədir. Fəhlələr kölgələnmək üçün bu ağacları birtəhər qoruyub saxlayırlar.

...Kürqırağı meşələr “Tuqay” adlanır. Böyük ərazini əhatə edir. Bir ucu Türkiyənin Çaldır suayırıcından başlayır. Azərbaycana daxil olana qədər Gürcüstan ərazisində 400 kilometr məsafəni dolaşır. Azərbaycanda isə 900 kilometrlik böyük ərazidə yerləşir. Tuqay meşələri - Kür çayının subasarında yerləşən, əsasən söyüd və ağyarpaq qovaq ağaclarının üstünlük təşkil etdiyi  nadir meşələrdəndir.

Meşələrin azalması yetmişinci illərin sonundan başlayıb. 1978-ci ildə Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 hektar olan Qarayazı Dövlət Təbiət Qoruğu yaradılmışdır. Həmin dövrdən tuqay meşələrində yaranan seyrəklik narahatlıq doğurmağa başladı. Tuqay meşələrdə Qarayazı Dövlət Qoruğu yaratmaq təşəbbüsləri olsa da məsələ müsbət həllini tapmadı. Sovet dönəmində pambıqçılığın inkişafı tuqay meşələrə sözün əsl mənasında qənim kəsildi. Bəzi rayonlarda birinci katiblər “artıq pambıq sahəsi” xatirinə meşələri qırdırıb yerində pambıq əkdirdi. Hətta həmin dövrlərdə rayon əhalisi köməklik üçün məşhur coğrafiyaşünas alim, akademik Həsən Əliyevə müraciət etdilər. Akademikin səyi nəticəsində meşə qırğınlarının qarşısı müəyyən qədər  alınsa da, torpaq tamahkarlığı davam elədi. Kürqırağı meşələr indi cəmi 25 min hektar ərazidə qalıb. Kür-Araz düzündə isə bu rəqəm cəmisi 0,8 faiz təşkil edir. Biz, Sabirabad rayonundan misallar gətirdiyimiz üçün həmin rayona aid bəzi rəsmi faktları da qeydlərimizə əlavə edirik; “Son 10-20 ildə yanacağın çatışmazlığı, qaçqın ailələrinin Kürətrafı rayonlarda yerləşdirilməsi ilə əlaqədar tuqay meşələrinin qalıqlarına təzyiq daha da gücləndirilmişdir. Bunun nəticəsində mövcud meşələrin vəziyyəti daha da pisləşmiş, şübhəsiz, sahəsi də azalmışdır. Təbii və süni salınmış meşələr seyrəlir, kolluqlara çevrilir, gələcək nəsil kəsilir, meşəsizləşdirmə intensiv gedir. Kür qırağında meşə yox edilən sahələri kolluqlar, qamışlıqlar, bataqlıqlar tutur.  Yevlax, Sabirabad, Hacıqabul rayonlarında meşənin yerində kənd təsərrüfatı bitkiləri sistemsiz suvarıldığından sahələr şorlaşır və ya bataqlığa çevrilir. Bu isə tuqay meşələrin qalıqlarının tamamilə sıradan çıxarılması təhlükəsi yaradır”.

Bütün bunlara baxmayaraq, Kürqırağı meşələrin bərpası istiqamətində müəyyən addımlar da atılır. İlk öncə  onu qeyd edək ki, Kürqırağı yaşayış məntəqələrinin demək olar ki, hamısında  qazlaşma aparıldığından yanacaq kimi odundan istifadəyə ehtiyac yaranmır.

Digər tərəfdən, Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi meşəçilik fonduna daxil olan torpaqlarda meşə zolaqlarının bərpası məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Meşə zolaqları yaratmaq  üçün ərazidə müxtəlif növ ağacların  əkini aparılmışdır. Hazırda ağacların qorunub becərilməsi davam etdirilir. Eyni layihə Hacıqabul rayonu ərazisindəki sahələrə də tətbiq olunmalıdır. Bu, ziyanın yarısından qayıtmaq kimi xeyirli, əhəmiyyətli iş ola bilər.

Tofiq HÜSEYN,

“Respublika”.