Təbiət və biz: Meşə Fondu zənginləşdirilir   
Region

Təbiət və biz: Meşə Fondu zənginləşdirilir   

Yer üzərində insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su kimi əsas maddələrin tarazlığı meşələr tərəfindən təmin edilir. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan təmizləyir. Ağaclar bir növ süzgəc, filtr rolu oynayır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır. Bundan başqa, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Deyilənə görə, 1 hektar meşə 200 insanı xilas edə bilir.

Bir sözlə, meşələr, o cümlədən Kür qırağının meşələri gözəlliklər məskənidir. Bu məskənin bir hissəsi Muğan-Şirvan düzlərindən keçən Kür çayının sahillərindəki tuqay meşələrdir. Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi ölkənin 7 rayonunda mövcud olan Kürqırağı meşələrə nəzarət edir. Mərkəzdən aldığımız məlumatdan aydın olur ki, hazırda meşəçilərin əsas vəzifəsi meşə fondunu zənginləşdirməkdən ibarətdir.

Mərkəzin xidməti ərazisi 9557 hektar meşəni əhatə edir. Meşələrin qorunmasında 5 meşəbəyilik sahəsi məsuliyyət daşıyır.

Tuqay meşələri daim suvarılmalı, bərpa üçün tarlaqoruyucu zolaqlar çəkilməlidir. Qoruyucu zolaqlar meşənin genetik fonduna aid olan ağac növlərindən əkilməlidir. Tarlaqoruyucu meşə zolaqları torpağın su rejimini normada saxlayır, nəticədə çox buxarlanma getmir. Qədim meşə fondunda olan ağaclardan çürüyüb qalan kök sistemi oyuqlar yaradır və suvarma zamanı su itkisinə səbəb olur. Torpaq hazırlığı işlərində buna da fikir verilməlidir. Əks təqdirdə, əkinlər uğursuz olur. Meşəçilər bu şərtlərə əməl edirlər.

Bu ilin yaz mövsümündə Sabirabad və Şirvan şəhəri ərazisində 30 hektarda meşə zolaqları salınıb. Mərkəz 4 hektar sahədə tinglik təsərrüfatı yaradıb. Təsərrüfatda göyrüc, iydə, qarağac, qovaq və digər ağac fidanları göyərdilir. Meşə fondunun zənginləşməsi daima diqqət mərkəzindədir.

Mərkəzdən təəssüf hissi ilə onu da bildirdilər ki, bütün səylərə baxmayaraq, Azərbaycanda yerüstü yanğınlar çox olur. Yanğınların başvermə səbəbləri arasında antropogen amillər birinci yerdədir. Meşələrdə ocaq qalanması, siqaret kötüklərinin, şüşə butulkaların atılması və onların Günəşin perpendikulyar şüalarına məruz qalaraq qızması ətrafdakı ot örtüyünün alışmasına və yanğına səbəb olur. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı bitkilər biçiləndən sonra ərazi yandırılır. Bəzi yerlərdə yanğın biçilmiş zəmilərdən meşələrə keçir. Biz meşənin mühafizəsi üçün onların ətrafında mineral zolaqlar çəkirik.

 Meşələr əvəzsiz təbii sərvətimizdir. Ölkəmizdə meşələrin qorunması, yaşıllığın artması istiqamətində müxtəlif tədbirlər, o cümlədən İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl Marafon” ağacəkmə aksiyaları  meşə zolaqlarının zənginləşməsində mühüm rol oynayır. Son aksiyada Sabirabad rayonunun Axtaçı kəndində yerləşən Şirvan meşəbəyiliyinin 2 saylı meşə dolayında 1 hektardan artıq sahəyə göyrüc, iydə və digər ağaclar əkilmişdir.

 Meşələri, yaşıl örtükləri qoruyub  zənginləşdirməyi hər kəs özünə vətəndaşlıq borcu hesab etməlidir.

Tofiq HÜSEYN,

“Respublika”.